Mobil versiya
Şər və böhtan peşəkarlığın aydınlığına kölgə sala bilməz
Tarix: 29-03-2026 | Saat: 21:50
Bölmə:Manşet / Özəl | çapa göndər

Şər və böhtan peşəkarlığın aydınlığına kölgə sala bilməz

Azərbaycan səhiyyəsinin son onilliklərdə keçdiyi inkişaf yolu təkcə müasir texnologiyalarla deyil, həm də bu sahəyə can qoyan, idarəçilik fəlsəfəsini kökündən dəyişən fədakar kadrların adı ilə bağlıdır. Belə şəxsiyyətlərdən biri, adı hər zaman peşəkarlıqla qoşa çəkilən Əməkdar həkim, reanimatoloq-anestezioloq, tibb üzrə fəlsəfə doktoru Musa Abbasovdur. Lakin təəssüf ki, hər bir uğurlu fəaliyyət bəzən paxıllıq və qərəzin hədəfinə çevrilir. Son günlər bəzi media resurslarında Musa həkimin ünvanına səsləndirilən əsassız ittihamlar və "qara piar" kampaniyası məhz belə bir uğura kölgə salmaq cəhdindən başqa bir şey deyil.

Musa Abbasovun həyat yolu təkcə xəstəxana divarları arasında deyil, həm də Vətən uğrunda döyüşlərdə bərkiyib. O, hələ Birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmiş, torpaqlarımızın müdafiəsində mərdliklə dayanmış bir müharibə veteranıdır. Onun daxilindəki bu Vətən sevgisi İkinci Qarabağ müharibəsində daha geniş miqyasda özünü büruzə verdi. Məhz Musa həkimin rəhbərliyi altında Mərkəzi Neftçilər Xəstəxanasında 900-ə yaxın mürəkkəb əməliyyat həyata keçirildi. Yüzlərlə igid əsgərimiz Musa həkim və onun peşəkar komandasının məharəti, fədakarlığı sayəsində yenidən həyata qayıtdı. Bu, sadəcə tibbi statistika deyil, bir həkimin Vətən qarşısındakı müqəddəs borcunu yerinə yetirmə salnaməsidir.
Musa Abbasovun idarəçilik təcrübəsi ölkəmizin ən müasir tibb ocaqlarının bünövrəsində dayanır. Onun əmək fəaliyyəti illər üzrə peşəkar bir yüksəlişin göstəricisidir: Ukraynanın Dnepropetrovsk şəhər xəstəxanasından başlayan bu yol, Mərkəzi Klinika Xəstəxanasında anestezioloqdan Baş İcraçı direktora qədər ucalan on dörd illik zəhmətlə davam etmişdir. Mərkəzi Klinikanın Gəncə və Mərdəkan filiallarının, eləcə də ambulatoriyasının rəhbərliyində qazandığı uğurlar onun necə bir qurucu mütəxəssis olduğunun sübutudur. Azərbaycan səhiyyəsinin qürur mənbəyi olan "Bona Dea" beynəlxalq hospitalının və "Yeni Klinika" kimi nəhəng tibb müəssisələrinin qurulmasında, idarəçilik sisteminin formalaşdırılmasında onun əvəzsiz xidmətləri olmuşdur. Belə bir təcrübə sahibinin Mərkəzi Neftçilər Xəstəxanasına direktor təyin edilməsi həm də bir xilaskarlıq missiyası idi. Hamımıza məlumdur ki, bu köklü səhiyyə ocağı mərhum Fəxrəddin həkimin vəfatından sonra sanki sahibsiz qalmışdı, idarəçiliyi bərbad günə düşmüşdü. Dağılıb gedən bir sistemi yenidən ayağa qaldırmaq üçün məhz Musa Abbasovun həmin zəngin təcrübəsinə və qətiyyətli iradəsinə ehtiyac var idi.

Xüsusilə qeyd etmək lazımdır ki, bütün dünyanın sınağa çəkildiyi COVID-19 pandemiyası dövründə Musa Abbasovun üzərinə ikiqat məsuliyyət düşmüşdü. Eyni vaxtda iki nəhəng müəssisəyə – həm "Yeni Klinika"ya, həm də Mərkəzi Neftçilər Xəstəxanasına rəhbərlik edən, gecə-gündüz vətəndaşlarımızın həyata qaytarılması uğrunda mücadilə aparan bir şəxsə qarşı bu qədər qərəzin kökündə nə durursa dursun, bunun adı ədalətsizlik və vicdansızlıqdur.

Mən özüm səhhətimlə əlaqədar olaraq bu xəstəxananın daimi pasiyentlərindən biriyəm və oraya yolum tez-tez düşür. İstər mənə qarşı, istərsə də digər xəstələrə qarşı olan münasibəti, qayğını öz gözlərimlə görürəm. Məni tanıyanlar bilir ki, əgər orada hər hansı bir neqativ hal müşahidə eləsəm, sözümü mətbuatda da, televiziyada da çəkinmədən deyərəm. Lakin insaf, mürvət və yazılmamış kişilik qanunları deyir ki, bu gün Musa həkim və onun kollektivi insanların sağlamlığı üçün əllərindən gələni əsirgəmirlər. Hazırda bu müəssisədə 1200 nəfər çalışır. Belə böyük bir personalın içində kimlərisə narazı salan adamların olması təbiidir. Musa həkim hər işçinin başına bir nəzarətçi qoya bilməz. Əgər ortada real nöqsan varsa, uydurma "faktlarla" ürək bulandırmaqdansa, konkret sübutları rəhbərliyə təqdim etmək lazımdır ki, tədbir görülsün.

Bütöv Ramazan ayını oruc tutan, mənəvi dəyərlərə sadiq bir insanı bayramda "sərxoşluq"da ittiham etmək isə vicdanın tamamilə itirilməsidir. Musa Abbasov Ağbaba dağlarının vüqarını, o torpağın mərdliyini özündə cəmləşdirən bir şəxsiyyətdir. Onun təbiətində kiminsə arxasınca iş çevirmək yoxdur; o, sözünü üzə deməyi bacaran, dediyi sözün də arxasında duran adamdır.

Nəticə etibarilə, yalanın ömrü az, həqiqətin nuru isə əbədidir. Bu cür çirkin kampaniyalar Musa həkimi tanıyanların gözündə ancaq onun nüfuzunu bir daha təsdiqləyir. Günəşi palçıqla suvamaq mümkün olmadığı kimi, təmiz və vicdanlı bir ömrün işığını da şər-böhtan qaranlığı ilə söndürmək olmaz. Haqq hər zaman yerini tapır və bu dəfə də elə olacaqdır.

Şəmsi Qoca,
şair-publisist, AYB-nin və AJB-nin üzvü
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2026