Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan-Gürcüstan münasibətləri yalnız rəsmi protokol çərçivəsində deyil, həm də dərin insani və mənəvi əsaslar üzərində qurulub”
Tarix: 27-03-2026 | Saat: 16:42
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan-Gürcüstan münasibətləri yalnız rəsmi protokol çərçivəsində deyil, həm də dərin insani və mənəvi əsaslar üzərində qurulub”

“Gürcüstanın mənəvi həyatında silinməz iz qoymuş Katolikos-Patriarx II İliyanın vəfatı təkcə bu ölkə üçün deyil, bütövlükdə region üçün böyük itki kimi dəyərləndirilir. Onun Tbilisidə keçirilən vida mərasimi həm hüznün, həm də yüksək mənəvi dəyərlərin təntənəsi oldu. Bu mərasimdə müxtəlif ölkələrdən gələn nümayəndə heyətlərinin iştirakı bir daha göstərdi ki, II İliya yalnız dini lider deyil, eyni zamanda sülh, tolerantlıq və dialoq ideyalarının daşıyıcısı idi.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyevin Gürcüstanın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsi xüsusi siyasi və mənəvi məna daşıyır: “Dövlət başçısının bu addımı Azərbaycan-Gürcüstan münasibətlərinin yalnız rəsmi protokol çərçivəsində deyil, həm də dərin insani və mənəvi əsaslar üzərində qurulduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin matəm kitabına yazdığı fikirlər və səfir Zurab Pataradze ilə söhbəti zamanı səsləndirdiyi mesajlar iki ölkə arasında qarşılıqlı hörmət və etimadın yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Həmçinin Azərbaycan nümayəndə heyətinin mərasimdə iştirakı xüsusi diqqət çəkən məqamlardan biri oldu. Milli Məclisin sədri Sahibə Qafarova başda olmaqla geniş tərkibli heyətin Tbilisiyə səfəri iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın və səmimi münasibətlərin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Nümayəndə heyətində Baş nazirin müavini Samir Şərifov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və digər ictimai-siyasi xadimlərin yer alması Azərbaycanın bu itkiyə necə həssas yanaşdığını açıq şəkildə nümayiş etdirdi. Mərasimin Müqəddəs Üçlük Katedrali kimi Gürcüstanın əsas dini mərkəzlərindən birində keçirilməsi onun rəmzi əhəmiyyətini daha da artırdı. Burada səsləndirilən fikirlər, oxunan dualar və ifadə olunan ehtiram Patriarx II İliyanın həyat yolunun necə böyük mənəvi irs buraxdığını göstərdi. Xüsusilə qeyd olunmalıdır ki, çıxış edənlər onun dinlərarası dialoqun inkişafına verdiyi töhfələri ön plana çəkdilər ki, bu da regionda sabitlik və qarşılıqlı anlaşma baxımından mühüm rol oynayıb. Azərbaycan-Gürcüstan münasibətləri kontekstində II İliyanın fəaliyyəti ayrıca qiymətləndirilməlidir. O, müxtəlif dinlərin və xalqların dinc yanaşı yaşamasını təşviq edən nadir şəxsiyyətlərdən biri idi. Şeyxülislam Allahşükür Paşazadənin çıxışında səsləndirdiyi fikirlər də bunu təsdiqləyir. Onun sözlərinə görə, II İliya Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfələr verib. Bu yanaşma əslində regionda dini liderlərin yalnız dini deyil, həm də ictimai-siyasi sabitliyə təsir edən aktorlar olduğunu bir daha sübut edir. Ümumilikdə, baş verən hadisələr fonunda belə qənaətə gəlmək olar ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər təkcə siyasi və iqtisadi maraqlara deyil, həm də ortaq dəyərlərə və tarixi dostluq ənənələrinə söykənir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə