Mobil versiya
Yol polisindən paytaxt sürücülərinə xəbərdarlıq
Tarix: 17-02-2017 | Saat: 12:02
Bölmə:Gündəm / Karusel | çapa göndər

Yol polisindən paytaxt sürücülərinə xəbərdarlıq

Bu saata qədər Bakı şəhərində maddi zərərlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib.

Bunu AzVision.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

DYP rəsmisi bildirib ki, hadisələrin hər biri meteroloji şəraitin nəzərə alınmamasından baş verib. V.Əsədov qeyd eidb ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yollarda hərəkəti tənzimləmək üçün gücləndirilmiş iş rejiminə keçib: “Bu gün səhər saat 04:00 radələrindən etibarən Bakı şəhər Dövlət Yol Polisi ilə Bakı şəhər İcra Hakimiyyətinin Qış Qarajı avtomobil yollarının qardan təmizlənməsinə başlayıb. Hazırda yolların qardan təmizlənməsi işləri aparılır. Buna baxmayaraq, bəzi ərazilərdə, paytaxtın yüksəklik yerlərində, eniş-yoxuşlu yollarında sürüşmə ehtimalları var. Sürüşmə ehtimalı olan ərazilərə qum və duz qarışığı səpilir, yollarda avtomobillərin hərəkəti təmin edilir. Hazırda paytaxt yolları avtomobillərin hərəkəti üçün açıqdır və intensivlik müşayiət edilir.

Sürücülərdən xahiş edirik ki, hava şəraiti ilə əlaqədar mümkün qədər şəxsi avtomobillərdən az istifadə etsinlər. Qarlı hava şəraitində ictimai nəqliyyatdan istifadəyə üstünlük vermək daha məqsədə uyğundur. Sürücülər mövsümi şinlərdən və texniki cəhətdən tam saz olan avtomobillərdən istifadə etməlidirlər. Sürət həddini seçərkən hava şəraiti nəzərə alınmalı, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olmalı, əyləc sistemindən mümkün qədər az istifadə etməlidirlər. Avtomobilin dövlət nömrə nişanlarının və işıq cihazlarının təmiz saxlanması təmin edilməlidir. Çünki işıq cihazlarının görünməməsi arxadan hərəkət edən nəqliyyat vasitəsinə qarşıda gedən avtomobilin hansı manevr etməsini müəyyən etməsinə çətinlik yaradır. Bu da sonda yol qəza hadisəsinin baş verməsinə səbəb olur”.

Bölmə rəisi hava şəraiti ilə əlaqədar piyadalara xəbərdarlıq edib: “Eyni zamanda, piyadalar onlar üçün nəzərdə tutulan yol və keçidlərdən istifadə etsinlər. Çünki piyadaların yolun hərəkət hissəsi ilə getməsi təhlükə yaradır. Bunu vətəndaşlarımızın nəzərə almasını xahiş edirik. Həmçinin qar azyaşlı paytaxt sakinlərinin sevincinə səbəb olub. Ona görə də valideynlərdən xahiş edirik ki, azyaşlıları yollarda nəzarətsiz buraxmasınlar".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-10-2024