Mobil versiya
Azərbaycan–Macarıstan münasibətləri qarşılıqlı hörmət, etimad və strateji maraqlara əsaslanır.
Tarix: 22-05-2025 | Saat: 16:22
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan–Macarıstan münasibətləri qarşılıqlı hörmət, etimad və strateji maraqlara əsaslanır.

Azərbaycan-Macarıstan münasibətləri qarşılıqlı hörmət, etimad və strateji maraqlara əsaslanır. Qeyd edək ki, Azərbaycan ilə Macarıstan arasında diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulmuşdur. Bu münasibətdən sonra iki ölkə arasında rəsmi səfərlər və nümayəndə heyətlərinin mübadiləsi intensivləşdi. Macarıstan 2009-cu ildə Bakıda, Azərbaycan isə 2014-cü ildə Budapeştdə səfirlik açdı. O vaxtdan etibarən iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq tədricən inkişaf etmiş və bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Prezident İlham Əliyevin Baş nazir Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfəri və yüksək qonaqpərvərliklə qarşılanması bir daha onu nümayiş etdirdi ki, bu ölkə Azərbaycanın təkcə enerji və digər sahələrdə əsas tərəfdaşı deyil, həm də etibarlı dostudur. Macarıstan liderinin etiraf etdiyi kimi, iqtisadiyyatların çətin vaxtlarında Azərbaycan Macarıstana dəstək göstərib və bu gün Budapeşt bunu yüksək qiymətləndirir.

Prezident İlham Əliyev mətbuat konfransında bir daha bəyan edərək bildirdi ki, ölkələrimiz dost və strateji tərəfdaşdır,  görüşlərimiz zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Ölkələrimizin ikitərəfli gündəliyi də kifayət qədər genişdir. Biz bu gün bunu geniş müzakirə etdik. Energetika sahəsində əməkdaşlığımız olduqca uğurludur.  “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq. Ölkəmiz ötən ildən etibarən Macarıstana təbii qazın ixracına başlayıb. Bu da onu göstərir ki, Macarıstanla əməkdaşlıq yüksək səviyyədədir və bu əlaqələr genişlənməkdə davam edir.

Ölkəmizin başçısı Macarıstanın təşəbbüsü ilə keçirilən ikinci qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyətinə də toxunaraq vurğuladı ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır, bu, bizi də çox sevindirir. Çünki Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan əzmlə Türk dünyasının həmrəyliyinə, qlobal gücə çevrilməsinə nail olmağa çalışır, Türk dünyasının birləşməsi naminə səylər göstərir. Ölkəmiz TDT-yə üzv və müşahidəçi ölkələrlə əməkdaşlığı dərinləşdirməyə həssaslıqla yanaşır. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan bu qurumun nüfuzunun artırılması istiqamətində vacib işlər görür, təşkilatın daha da gücləndirilməsinə töhfələrini verir. 

Prezident İlham Əliyevin ötən il TDT-nin qeyri-rəsmi Zirvə görüşünün Şuşa şəhərində keçirilməsi təşəbbüsünün liderlər tərəfindən dəstəklənməsi, tədbirin Qala şəhərimiz Şuşada reallaşması, bunun ardınca yeni hədəfləri müəyyənləşdirən Qarabağ Bəyannaməsinin imzalanması qeyd olunanların təsdiqidir. 

İlk dəfə olaraq müşahidəçi ölkə olan Macarıstanın evsahibliyi ilə Budapeştdə keçirilən TDT Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında Prezident İlham Əliyevin çıxışı mühum məqamlarla yadda qaldı. Dövlətimizin başçısının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada sözügedən ilk qeyri-rəsmi Zirvə görüşünün davamı olaraq ikinci qeyri-rəsmi görüşün Macarıstanda keçirilməsinə məmnunluğunu diqqətə çatdırdı.

Türk dövlətləri ilə əməkdaşlığımızın  gücləndiyini qeyd edən ölkəmizin başçısı Azərbaycanın,ümumilikdə, təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyduğunu söylədi və bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlamasının anonsunu verdi.

Ticarət və investisiya ilə bağlı əməkdalığa gəldikdə qeyd edək ki, Azərbaycan Türk dövlətləri ilə qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına xüsusi önəm verir. Xüsusilə enerji, kənd təsərrüfatı məhsulları, sənaye malları və nəqliyyat vasitələrinin ticarəti diqqət mərkəzindədir. Bundan başqa, Türk dövlətləri ilə enerji sahəsində təcrübə və texnologiya mübadiləsi də aparılır.

Beləliklə, Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri, keçirdiyi görüşlər, Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında məznunlu nitqi yeni hədəfləri müəyyənləşdirdi. Bu hədəflərin həm ölkəmizin, həm də Türk dünyasının inkişafına töhfə olacağı şübhəsizdir.


Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2025