Mobil versiya
Enerji diplomatiyası milli maraqlara xidmət edir - DEPUTAT
Tarix: 08-04-2025 | Saat: 12:41
Bölmə:Siyasət | çapa göndər

Enerji diplomatiyası milli maraqlara xidmət edir

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında aparılan müzakirələrdən bir daha aydın oldu ki, Azərbaycan enerji təhlükəsizliyini hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edir. Azərbaycanın təşəbbüsü ilə yaradılan platformada iştirakçıların sayının artması, Cənub Qaz Dəhlizinin coğrafiyasının genişlənməsi bir daha göstərir ki, bütün tərəflər ortaq məqsəd ətrafında birləşir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı. İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir”.

Təsadüfi deyil ki, son 1 ildə əlavə 5 ölkə Azərbaycan qazının alıcısına çevrilib. Artıq Azərbaycan qazı 12 ölkəyə çatdırılır. Qaz təchizatının coğrafiyasının genişlənməsi həm də etibarlı tərəfdaşlığın nəticəsidir.

Əsas hədəf 3 seqmentdən Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP-dan ibarət olan Cənub Qaz Dəhlizinin genişləndirilməsinə nail olmaqdır. Bu isə təbii ki, maliyyələşmə tələb edir. Bu səbəbdən dövlətimizin başçısı faydalı qazıntıların maliyyələşdirilməsinin vacibliyinə diqqət çəkib. Azərbaycan Prezidentinin əsas çağırışlarından biri budur ki, faydalı qazıntılarla zəngin olan və bərpaolunan enerjiyə sərmayə qoyan ölkələrə dəstək olmalıdır, hücum çəkilməli deyil. Təbii ki, yaşıl gündəlik bu gün dövlətlərin milli prioritetləri sırasındadır. COP29-un ev sahibi kimi Azərbaycan dünyaya həm də faydalı qazıntıları zəngin olan ölkələrlə sərvətləri olmayan ölkələr arasında ayrı-seçkilik və ayırıcı xətlər olmamasına dair mesaj verdi. Əməkdaşlığın real nəticələrinə gəlincə, 2030-cu ilə qədər hədəf 6 giqavat günəş və külək enerjisinin təmin olunmasıdır.

İşğaldan azad olunmuş ərazilərin potensialını da nəzərə alsaq, Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur. Avropa İttifaqının rəsmisi də Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha bəyan edib. Hazırda Cənubi Qafqazla Avropa İttifaqı arasında yaşıl enerji dəhlizinin qurulması üzərində də iş aparılır. Bu isə onu deməyə əsas verir ki, zaman-zaman bəzi Qərb dairələrinin və xüsusilə erməni lobbisinin Azərbaycanın Avropa üçün əhəmiyyətini kiçiltmək cəhdlərinin nəticə vermədiyini göstərir.

Burada Fransanın qərəzli mövqeyini qeyd etməliyik. Hər birimiz xatırlayırıq, hətta Fransa Prezidenti Emmanuel Makron çıxışlarının birində “Biz Ermənistanın maraqlarını Avropanın enerji maraqlarına qurban verə bilmərik” söyləmişdir. Burada sual meydana çıxır. Heç bir resursa, nüfuz və siyasi çəkiyə malik olmayan Ermənistana görə Avropanın maraqlarını qurban vermək nə dərəcədə məntiqlidir? Biz müqayisə etsək Azərbaycan, yoxsa Ermənistan Avropa üçün daha vacibdir? Hesab edirəm ki, bu sualın cavabı hər kəsə aydındır. 10 ildən çoxdur Bakıda keçirilən Cənub Qaz dəhlizi Məşvərət Şurasının toplantılarında da Azərbaycanın əhəmiyyəti xüsusi vurğulanır.

Ölkəmizə qarşı təşkil olunan qara piar kampaniyaları iflasa uğrayır. Azərbaycanın enerji təchizatçısı kimi əhəmiyyəti ilbəil artır.

Məşvərət Şurası iclaslarına qatılan nümayəndələrin də fikri bundan ibarətdir ki, Azərbaycan etibarlı tərəfdaşlığı təmin edən ölkəyə çevrilib.

Nigar Məmmədova,
​Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2025