Mobil versiya
Ədalətli şərtlər
Tarix: 06-01-2025 | Saat: 09:57
Bölmə:Siyasət | çapa göndər

Ədalətli şərtlər

Ötən ilin son günlərində, dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması bütün xalqımızı sarsıdan bir hadisə oldu. Ölkə Prezidenti cənab İlham Əliyev Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən baş vermiş qəza barədə məlumatlandırıldı və dərhal öz təyyarəsinin geri, Bakıya döndərilməsi barədə göstəriş verdi. Bakıya gələn kimi dövlətimizin başçısı hava limanında operativ müşavirə keçirdi. Hələ Bakıya qayıdarkən cənab Prezidentimizin göstərişilə Dövlət Komissiyası yaradıldı və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edildi. Bütün bunlar bir daha cənab Prezident İlham Əliyevin öz xalqının və ölkəsinin maraqlarını hər şeydən üstün tutduğunu göstərir.

Dekabrın 29-da cənab Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına verdiyi müsahibəsində qeyd etdi ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Həmçinin təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün Azərbaycan heyəti Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Azərbaycan tərəfini təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik.

Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Lakin dövlətimizin başçısı qəti şəkildə bundan imtina etdi. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra Azərbaycan Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydi, bəlkə də buna etiraz etməzdi. Amma burada məsələni ört-basdır etmək cəhdləri göz qabağında idi.

Xoşbəxtlikdən ekipajın qəhrəmanlığı sayəsində elə hadisə baş verdi ki, təyyarə enə bildi, qəza enişi olsa da, təyyarə enə bildi. Sərnişinlərin bir çoxu xilas edildi, onların ifadələri var. Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır.

Cənab Prezident İlham Əliyev dekabrın 29-da vida mərasimində iştirak etdi, həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verdi. Həmin gün ekipaj üzvlərinin təltifi ilə bağlı dövlət başçısı Sərəncam imzaladı. Cənab Prezident onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirdi. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Onların fəaliyyəti Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirildi.

Hadisədən sonra AZAL Rusiyanın yeddi şəhərinə öz uçuşlarını dayandırdı, müddətsiz olaraq. Eyni zamanda, Azərbaycan tərəfi Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən ölkəmizə uçuşlarını da dayandırdı. Deməli, toplam 10 şəhərlə bizim hava bağlantımız indi dayandırılıb və burada, ilk növbədə, təhlükəsizlik məsələləri ön plandadır. Azərbaycan dövləti sərnişinlərimizin təhlükəsizliyini həmişə ön sırada olan məsələ kimi qəbul edib.

Azərbaycanın Rusiyadan tələbləri dekabrın 27-də rəsmi qaydada onlara çatdırıldı. Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, ədalətli şərtlərdir. Onlardan birincisi artıq təmin edildi. Ümid edirik ki, digər şərtlərimiz də qəbul ediləcək.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-01-2025