Mobil versiya
“Füyuzat” jurnalının yenidən nəşrinin 18 ili tamam olur
Tarix: 07-01-2025 | Saat: 10:33
Bölmə:Ölkə / Media | çapa göndər

“Füyuzat” jurnalının yenidən nəşrinin 18 ili tamam olur

Böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin baş redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə 1906–1907-ci illərdə nəşr olunan “Füyuzat” jurnalının 2007-ci ildə yenidən nəşrindən 18 il keçir.

Mətbuat tariximizdə özünəməxsus yeri olan, ətrafında Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq, Abdulla Cövdət, Səid Səlmasi, İsmail bəy Qaspıralı, Həsən Səbri Ayvazov kimi dövrün tanınmış ziyalılarını toplamış “Füyuzat”ın xalqımızın ictimai fikir tarixindəki önəmli rolu danılmazdır.

Dövrün çətin, repressiv şərtlərində “Füyuzat” jurnalı cəmi 32 sayı ilə oxucularının görüşünə gəlmiş, mütərəqqi və milli fikirləri təbliğ etdiyindən müstəbid çar hökuməti tərəfindən çapı dayandırılmışdır.

Mədəni-tarixi irsimizin ayrılmaz parçası olan jurnal 2007-ci ilin yanvarın 7-dən Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu tərəfindən bərpa edilib. Tanınmış alim, professor Teymur Əhmədovun baş redaktorluğu ilə “Füyuzat”ın davamı kimi 33-cü nömrədən çap edilib.18 ildir yüksək poliqrafik şəkildə ardıcıl nəşr olunan müasir “Füyuzat” milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzuları əhatə edir.

Bu gün fəaliyyətini uğurla davam etdirən “Füyuzat” jurnalı millətimizin milli dəyərlərinə, irsinə, zəngin mədəniyyətinə, tarixi köklərinə bağlı qalmaq və bununla dövlətimizə, xalqımıza faydalı olmaq amalına sadiqdir. “Füyuzat” jurnalının tarix, vətənpərvərlik, Azərbaycanın görkəmli şəxsiyyətləri və milli-mədəni irsi, eləcə də mənəvi dəyərləri haqqında məqalələrdən ibarət nömrələri oxuculara təqdim olunur.

Qeyd edək ki, 2021-ci ilin mart ayından etibarən jurnalın baş redaktoru Mübariz Yunusdur.

Bu gün “Füyuzat” jurnalı çağımızın tələblərini nəzərə almaqla yeniliklər etməyə davam edir. Belə ki jurnalın artıq vebsaytı – “fuyuzat.az” fəaliyyət göstərməklə bərabər, “FUYUZAT tv” internet televiziyası da oxucu və izləyicilərin görüşünə gəlir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-01-2025