Mobil versiya
Eltun Süleymanov: " Ekipaj üzvlərinin fəaliyyəti yüksək mükafatlarla təltif edilib"
Tarix: 07-01-2025 | Saat: 10:20
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Eltun Süleymanov: " Ekipaj üzvlərinin fəaliyyəti yüksək mükafatlarla təltif edilib"

Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb. Öncə onu deyim ki, baş verən bu hadisə böyük bir faciədir və Azərbaycan tərəfi Rusiya ilə normal münasibətləri olan bir ölkə kimi Rusiyadan müəyyən tələbləri və gözləntiləri var. Bu gözləntilər və tələblər də ondan ibarətdir ki, Rusiya mediasının yaydığı məlumatlar həqiqəti əks etdirmir. Artıq sübut olunub ki, bu hadisə hansısa quş sürüsü, yaxud pis hava şəraiti nəticəsində baş verməyib. Hadisə konkret olaraq Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulmasından qaynaqlanır. Bu prosesdə suallar kifayət qədərdir ki, bunlar cavablanmalıdır. Belə ki, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri böyük ehtimalla özfəaliyyətlə məşğul olmuş, məsuliyyət hissini itirib, hava məkanını bağlamayıblar. Ərazilərə PUA hücumlarının olması ilə bağlı tədbirlər görülməli idi. Hava sahəsi bağlanmayıb və təyyarə başqa yönə istiqamətləndirilməyib. Qroznı aeroportunun dispetçer xidməti bizim ekipajla əlaqəyə çıxmalı, bölgədə PUA hücumlarının olduğuyla bağlı məlumat verərək onları başqa istiqamətə yönləndirməli idi. Heç bir məlumat verilmir, təyyarə Qroznı hava limanına eniş etmək istəyən vaxt onun radioelektron sistemləri söndürülür və uçuşa qəbul edilmir. Bu hadisə 3 dəfə təkrarlanır və ardınca təyyarə raket hücumuna məruz qalır. Beynəlxalq hüquqa görə də belə bir vəziyyətdə təyyarə ən yaxın hava limanlarına yönləndirilməli və eniş edilməlidir. Baxmayaraq ki, Qroznı hava limanına yaxın bir neçə hava limanı var. O ərazilərə endirmək əvəzinə Rusiya tərəfinin Hava Hücumundan Müdafiə Qüvvələri nə törətdiklərini çox yaxşı bildiklərindən izi itirmək məqsədilə təyyarəni Aktau istiqamətinə yönləndiriblər ki, bu özü də bir cinayətdir. Azərbaycanın hazlrda Rusiyadan gözləntisi Rusiya tərəfinin bu hadisəni etiraf etməsi və üzrlə birgə təzminatın ödənilməsidir.

Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, bütün bunlar barədə cənab Prezident azərbaycan televiziyasına müsahibəsində və “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə ətraflı danışıb, kəskin və hüquqa əsaslanan fikirlər səsləndirib. Görüşdə cənab Prezident deyib ki, “Dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi Qroznı şəhərinin yaxınlığında kənar müdaxilə nəticəsində idarəetməni itirib, zədələnib və demək olar ki, idarəolunmaz vəziyyətə salınıb. Məhz pilotların peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı nəticəsində təyyarə Aktau şəhərində qəza enişi edə bilib. Pilotların və bütün ekipaj üzvlərinin fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Mənim Sərəncamımla ekipaj üzvləri ilə vida mərasimindən sonra ekipajın üç üzvü - iki pilot və bir bələdçi “Milli Qəhrəman” adına layiq görülüb, iki bələdçi isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Əgər pilotlar peşəkarlıq, qəhrəmanlıq göstərməsəydilər, bu qəzada sağ qalan olmazdı”. Ölkə başçısı onu da bildirib ki, “Bildiyiniz kimi, Dövlət Komissiyası yaradılıb, komissiya fəaliyyət göstərir. Eyni zamanda, mənim göstərişimlə Azərbaycan prokurorluğu cinayət işi açıb. Cinayət işinin ilkin araşdırması dediyim versiyanı bir daha təsdiqləyir. Bu barədə ilkin məlumat bizdə artıq dekabrın 29-da var idi və Azərbaycan Televiziyasına vida mərasimindən sonra verdiyim müsahibədə mən həm öz fikirlərimi, eyni zamanda, istintaqın bizə verdiyi məlumatı Azərbaycan xalqına çatdırmışdım. Bildirmişdim ki, Azərbaycan ictimaiyyəti istintaqın gedişatı ilə müntəzəm surətdə tanış olacaq. Prokurorluğun işçi qrupları həm Qroznı, həm Aktau şəhərlərinə ezam edilmişdi, orada operativ işlər görmüşdür. Yenə də deyirəm, ilkin məlumatlar var. Biz təbii olaraq istintaqın başa çatmasından sonra tam məlumatı Azərbaycan ictimaiyyətinə çatdıracağıq. Ancaq dekabrın 29-da bildirdiyim bir məqamı bir daha diqqətinizə çatdırmaq istəyirəm. Qroznı şəhərində “kavyor əməliyyatı”, yəni, hava sahəsinin bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib. Bu, bir daha onu göstərir ki, burada çox ciddi cinayət tərkibli məsələlər var. Adətən hər hansı bir ölkənin hava məkanında təhlükə yaranırsa, dərhal o ölkənin hava məkanı bağlanır. Bu, bütün ölkələrdə var və bunun müxtəlif adları var. Rusiyada buna “kavyor əməliyyatı” deyirlər. Əgər Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitanına bu barədə məlumat verilməli idi. Dərhal hava məkanı bağlanmalıydı və təyyarə geri dönməli idi. Onu da bildirməliyəm ki, baş vermiş qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında baş vermişdi. AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü. Nə üçün bu dəfə təyyarə ekipajına xəbərdarlıq edilməmişdi? Bunu təbii olaraq istintaq göstərəcək. Mən bir daha demək istəyirəm ki, bizdə olan məlumat həqiqətə əsaslanır. Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq bizdə həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur. Günahsız insanlar həlak olublar. Yenə də deyirəm, məhz pilotların və ekipaj üzvlərinin qəhrəmanlığı nəticəsində 30-a yaxın insan bu qəzadan sağ çıxıb, onların bir neçəsi ağır yaralanmışdır. Onu da bildirməliyəm ki, qəza nəticəsində ən çox həlak olan Azərbaycan vətəndaşlarıdır. Eyni zamanda, Rusiya və Qazaxıstan vətəndaşları da həlak olublar. Qırğızıstan vətəndaşları isə yaralanmışdır”. Görüşün sonunda isə cənab Prezident dedi ki, “Mən həlak olanların ailə üzvlərini, eləcə də ekipaj üzvlərini bu yüksək mükafatları şəxsən sizə təqdim etmək, sizə bir daha başsağlığı vermək və Azərbaycan dövlətinin hər zaman sizinlə olacağını bəyan etmək üçün dəvət etdim. Mən sizə müraciət və xahiş etmək istəyirəm ki, həyatın istənilən şəraitində sizin arxanızda güclü Azərbaycan dövlətinin dayandığını biləsiniz. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, həmçinin “Azərbaycan Hava Yolları” QSC-yə sizinlə daimi əlaqə saxlamaq və sizi narahat edən məsələləri operativ şəkildə həll etmək tapşırılıb”. Bax budur ölkə başçısının həlak olanların ruhuna hörməti, onların ailə üzvlərinə diqqəti və qayğısı. Bu isə bütöv Azərbaycan xalqını qürurlandırır-deyə E. Süleymanov fikrini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-01-2025