Mobil versiya
Bu gün Ulu Öndərin və bizim Qələbəmizi görməyən bütün həyatdan gedənlərin ruhları şaddır
Tarix: 09-10-2024 | Saat: 17:34
Bölmə:Özəl | çapa göndər

Bu gün Ulu Öndərin və bizim Qələbəmizi görməyən bütün həyatdan gedənlərin ruhları şaddır

Sülh müqaviləsinin imzalanmasını müxtəlif bəhanələrlə yubadan Ermənistan revanşistləri 44 günün, 23 saatın qulaqburmasını unutmasınlar
İspaniyanın Qranada şəhərində Azərbaycanın iştirak etmədiyi toplantıda respublikamızın ərazi bütövlüyünü tanıdığını imzaladığı bəyanatı ilə bildirən Ermənistanın baş naziri Nikol Paşinyan ölkəmizlə bağlı guya «sülh prosesindən yayınma» görüntüsü yaratmağa çalışsa da, təxribat xarakterli münasibətə özündən və Cənubi Qafqazda sabitliyin yaranmasına ən çox mane olan, qərəzli və militarist siyasət yürüdən havadarı Fransadan başqa heç kim inanmadı. Rəsmi Bakı sülh danışıqlarından geri çəkilmədiyini və «Avropa İttifaqı Şurası, Azərbaycan və Ermənistan” formatında» danışıqların davamında maraqlı olduğunu rəsmən bəyan etdi. Xatırladaq ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qranadada jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan rəsmilərinin iştirakı ilə nəzərdə tutulan üçtərəfli görüş oktyabrın axırlarında Brüsseldə baş tuta bilər.
Azərbaycanın Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən, Azərbaycan torpaqlarının 30 il işğal altında qaldığı müddətdə soydaşlarımıza qarşı ən dəhşətli cinayətlər törədən, hərbi və mülki vətəndaşlarımızı ağlagəlməz vəhşiliklə qətlə yetirən separatçıların respublikamızın Dövlət Sərhəd və Təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən həbs edilməsindən, Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin Əsgəran, Şuşa və Ağdərədəki müşahidə postlarının ləğvindən, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazi bütövlüyünü tanımasından sonra hamı üçün maraqlı olan sual aktuallaşır: « Yaxın aylarda sülh sazişinin imzalanması mümkündürmü?»
Bunun üçün ilk növbədə regiondakı ictimai-siyasi vəziyyətə nəzər salaq. Oktyabrın 15-də Xankəndidə Azərbaycanın Dövlət Bayrağını qaldırmaqla artıq ölkəmizin ərazilərindəki separatizm ocağının birdəfəlik söndürldüyünü bəyan edən Prezident İlham Əliyev sülh müqaviləsinin imzalanmasının da vaxtının çatdığını bildirdi. «Bəli, biz 20 il gözlədik, daha doğrusu 17 il. Üç il bundan əvvəl Şuşada bizim Bayrağımız qaldırıldı. Ancaq biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik» söyləyən Prezident İlham Əliyev özünü separatçı rejimin «xarici işlər naziri» adlandıran quldurbaşının kinayə ilə söylədiyi «Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə» sözlərini təbəssümlə xatırlatdı. Çünki 44 gün davam edən Vətən müharibəsi, 23 saatda başa çatan anttiterror tədbirləri dövlət başçımızın «Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik» sözlərini təsdiqlədi, revanşistlərin sərsəmləmələrinə son qoydu.
Hazırda tərəflər arasında sülh müqaviləsində yer alan üç əsas maddə- Qarabağdakı ermənilərin təhlükəsizliyi, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanı birləşdirəcək kommunikasiya xətlərinin açılması və sərhədlərin delimitasiyası sülh müqaviləsinin həlledici faktoru kimi gündəmdədir. Ancaq Ermənistandakı qüvvələr arasında gərginləşən vəziyyət siyasi sabitliyə təhlükə yaradır. Azərbaycanın Qarabağda apardığı lokal xarakterli antiterror tədbirlərindən sonra Ermənistandakı revanşistlərlə, sabiq prezidentləri dəstəkləyən qüvvələrlə Nikol tərəfdarları arasında güclənən qarşıdurmalar işğalçı ölkədə xaos yaradıb. Bu vəziyyəti bəhanə gətirən rəsmi İrəvan sülh müqaviləsini imzalamaqdan yayına bilər. Çünki sərhədlərin delimitasiyası və kommunikasiya xətlərinin açılması barədə razılıq əldə edilsə sülh sazişinin imzalanması sürətlənə bilər ki, bu da Paşinyanın yeni sığınacağı Qərbin məqsədinə, nə də məcazına uyğun deyil. Bu zaman Zəngəzur dəhlizi”nin açılması, bu marşrutun əsas hissəsində yerləşən Naxçıvan Muxtar Respublikasına yolun bərpası, Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın doğma torpaqlarına qayıtması məsələsi gündəmə gəlməlidir. Bunun üçün əsas da vardır. 2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata görə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında quru əlaqələrini bərpa edəcək Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan üzərinə məsuliyyət götürüb. Daha çox bu məsələlərə mane olan Ermənistanın havadarları Paşinyan administrasiyasını bu tələbləri yerinə yetirməkdən çəkindirirlər. Cari ilin aprelində Laçın sərhəd-buraxılış məntəqəsini yaratmaqla qəti mövqeyini bildirən rəsmi Bakı dəfələrlə bildirib ki, Laçın və Zəngəzur dəhlizləri ilə bağlı yanaşmalar eyni olmalıdır. Kommunikasiyaların açılmasında «Zəngəzur dəhlizi» ifadəsinin işlədilməsindən «narahat olan» Ermənistanın rəsmi dairələri hələ ki, məsələyə dəstəkçilərinin düşüncələri ilə münasibət bildirir, müxtəlif bəhanələrlə danışıqlardan yayınırlar. Amma mərkəzdənqaçma yolu artıq bağlanıb. Bu məqamda Prezident İlham Əliyevin «Bir çoxları təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Biz göstərdik ki, var və bu yaxınlarda bir daha göstərdik, bu mövzu bağlandı! Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik! Separatçıların kitabı bağlandı birdəfəlik! Bu, böyük xoşbəxtlikdir» sözlərinin xatırlanmasının həm yeri, həm də zamanıdır. Belə vəziyyətin uzun müddət davam etməyəcəyi də bəllidir. Yəni, Qarabağ separatçılarını zərərsizləşdirməklə ilk addımı atan, imzalanan sənədlərdə qeyd olunan şərtləri yerinə yetirmək məsuliyyətindən yayınan Ermənistana qarşı ikinci addımı atmaqda israrlı olan Azərbaycanın nəyə qadir olduğunu hər kəs bilir.
Qarabağda yaşayan ermənilərin könüllü olaraq Azərbaycanı tərk etmələri, Ermənistana və istədikləri şəhərlərə daşınmaları da Qərbi narahat edir. Çünki narazı kütlənin Ermənistanda rahat durmayacağı, vəziyyəti sakit qarşılamayacağı bəllidir. İrəvanda vəziyyətin daha da gərginləşməməsi üçün ABŞ və Avropa Ermənistana yardımlarını artırır. Ermənistanla Azərbaycan arasında yekun sülh razılaşmasının əldə edilməsi üçün irəli sürülən və Azərbaycan, Ermənistan, Gürcüstan, əlavə Rusiya, Türkiyə və İranın yer aldığı regional platforma olan 3+3 formatı da siyasi gündəmin müzakirə mövzusudur. «Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq» söyləyən dövlət başçımız bu məsələyə sülh yolu ilə nail olmağın mümkünlüyünü xatırladır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan antiterror tədbirləri nəticəsində öz suverenliyini təmin etdi. «Bizim Bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın» söyləyən Prezident İlham Əliyevin bu xəbərdarlığı erməni revanşistlərini daha ciddi düşündürməlidir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-10-2024