Mobil versiya
Azərbaycan həmişə öz öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşıb
Tarix: 20-12-2024 | Saat: 17:01
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan həmişə öz öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşıb

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib.

Hal-hazırda Rusiyada müharibə dövrüdür, eyni zamanda Rusiya NATO ilə də müharibəyə hazır olmalıdır. Bu Rusiyanı olduqca narahat edir. Odur ki, Kiselyov elə müsahibəsinin əvvəlində Azərbaycan Prezidentinə müraciət edərək 2022-ci ildə Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalandığını xatırlatdı və bu müttəfiqliyin Azərbaycan üçün nə demək olduğunu soruşdu.

Azərbaycan Prezidenti Azərbaycanın həmişə öz öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşdığını və bu gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə biləcəyini qeyd etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ökədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir. Biz isə təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə də hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq. Burada Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Axı, bu, təsadüfən seçilməyib. Həm Qərbdə, Həm Rusiyada, həm də Şərqdə etibar edilən çox deyil. Buna görə də, ehtiyac olarsa biz gərginliyin aradan qaldırılmasına öz töhfəmizi verməyə hazırıq.”

Onu da qeyd edək ki, bir sıra medialarda vaxtaşırı Azərbaycanın Türkiyənin silahlarından, hərbi bazasından istifadə etdiyi barədə məlumatlar yayımlanır. Rusiyalı jurnalistin də onu maraqlandıranmı, yoxsa narahat edənmi desək bu kimi sualına cənab İlham Əliyev birmənalı olaraq-buna ehtiyac yoxdur-deyə cavab verib.
Azərbaycan hələ 1992-ci ilin əvvəllərindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. İndiyə qədər də bu əməkdaşlıq davam edir və şübhəsiz ki, yalnız hərbi sahədə deyil, hər bir sahədə qardaş Türkiyə ilə dostluq, qardaşlıq və əməkdaşlıq davam edəcək. Bu illər ərzində Türkiyə və onun strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasında, yüksək standartlara çatdırılmasında böyük rol oynayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni bu həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təcavüzlə üzləşsə köməyə gəlməlidir.”

Artıq 4 ildir Azərbaycan Ordusu cəmi 44 gün ərzində Ermənistan tərəfindən işğal edilən və 30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarını azad etdi. Lakin bu qədər müddət keçdiyinə baxmayaraq Ermənistan Azərbaycanla sülh sazişi bağlamır. Fransa ilə münasibətləri getdikcə fəallaşdırır. Bu gün ABŞ, Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin edirlər. Fransa və Hindistan bunu lap açıq-aydın edir, Amerika Bişləşmiş Ştatları isə etiraf etmir, lakin bu, Azərbaycan tərəfindən izlənərək sübuta yetirilib. Bunun qarşısında təbii ki, Azərbaycan da adekvat tədbirlər görməli idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu təxminən 5 milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə tədbirlər olmasa idi xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və şair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcəklər.”

Azərbaycan çoxmillətli multikultural ölkədir. Hal-hazırda Bakıda və Azərbaycanın digər rayonlarında azərbaycanlılarla eyni hüquqda erməni milliyyətindən olan qadın və kişilər yaşayır. Qarabağ azad edildikdən sonra burada da ermənilərə sosial şəbəkə vasitəsilə qalmaq təklif olundu. Lakin əksəriyyət gəlmə olduğunda burada qalmadı. Bu gün isə Qarabağda azərbaycanlılarla yanaşı təxmini 20 nəfər erməni yaşayır. Onlar Azərbaycandan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial yardım alırlar, ərzaqla təmin olunurlar.

1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində ermənilər 300 min yerli azərbaycanlını öz doğma ev-eşiyindən deportasiya etmişdilər. Onların Ermənistana qayıtması üçün Ermənistan rəhbərliyinə rəsmi müraciət edilib. Lakin hələ heç bir xəbər çıxmayıb.

Torpaqlarımız işğaldan azad edildikdən bir müddət sonra burada abadlıq-quruculuq işləri başlandı. Bu işlərin görülməsində bir sıra dost və qardaş ölkələr də yaxından köməklik göstərirlər. Bu yaxınlarda isə Həştərxan vilayətinin qubernatorunun tapşırığına əsasən Qubadlı rayonunda uşaq bağçasının tikintisinə başlanıb.

Azərbaycanın əvvəllər Fransa ilə də heç bir problemi olmayıb. Hətta Fransa ilə Azərbaycan fəal əməkdaşlıq edib. Burada çoxlu fransız şirkətləri işləyib. Fransanın 13 şəhəri ilə Azərbaycanda qardaşlaşmış şəhərlər var idi. Lakin İkinci Qarabağ müharibəsi başlayandan sonra Fransa açıq şəkildə ermənilərin tərəfini tutdu. Azərbaycana qarşı sanksiyalara cəhd edildi. Ölkəmizi nüfuzdan salmaq üçün əllərindən gələni etdilər. Lakin bunu bacarmadılar. Haqq öz yerini tapdı.
Fransa yəqin ki, əvvəl özündən başlamalıdır. Orada bəlkə də heç yerdə olmayan kimi diktatura hökm sürür, insan haqları tapdanır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Orada Yeni Kaledoniya kimi 13, yaxud 15 ölkə var. Elə bu yaxınlarda onların birində - Mayot adasında sunami baş verdi. Majot adası əhalisinin 75 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Evlərin 30 və ya 40 faizi yararsızdır. Bu ərazi hüquqi olaraq Fransaya məxsusdur. Hərçənd bu, Qəmər Adalarının bir hissəsidir. Fransa onu qanunsuz olaraq saxlayır və hansı hüquqi əsasla?
Onlar Yeni Kaledoniyada iğtişaşlar zamanı 13 insanı qətlə yetirdilər. 100-dən çoxunu yaraladılar, 1000-dən artığını həbs etdilər. Həm də xalq etirazlarının liderlərini Fransaya apardılar, həbsxanalarda saxlayırlar. Yəni, bu, Makronun diktaturasıdır. Bu, Makronun rejimidir. Onlarda xarici borc həddən yüksəkdir. Bu iflasdır. Həm də uğursuzluq davam edir. Belə bir iflasın müəllifi kimdir? Cənab Makron. Azərbaycana zərər vermək əvəzinə, bax, bu barədə düşünmək lazımdır. Onların bizə batırmaq istədikləri dişləri artıq sınıb. Heç olmasa qalanları qoruyub saxlasınlar.”

Cənab Prezidentimizin müsahibəsi olduqca qürurverici idi. Böyük siyasətçi İlham Əliyev bütün sualları səbrlə və müdrikcəsinə cavablandırırdı. Hər cümləsində, hər sözündə düşmənlərimizə, əleyhimizə olanlara bir ismarınc var idi.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə