Mobil versiya
Əziz Ələkbərli: “Azadlığın, abadlığın mübarək olsun, əziz Cəbrayıl!”
Tarix: 04-10-2024 | Saat: 21:04
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Əziz Ələkbərli: “Azadlığın, abadlığın mübarək olsun, əziz Cəbrayıl!”

“Cəbrayıl Dirili Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərimin, Aşıq Humayın, Aşıq Abdullanın və başqa bu kimi el sənətkarlarının vətənidir. Elm, mədəniyyət bu torpaqda həmişə inkişaf edib. Cəbrayıl rayonu güclü kadr potensialı, yüksək intellektə malik ziyalıları, görkəmli alimləri ilə həmişə ölkəmizdə fərqlənmişdir.
Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılmışdır. 23 avqust 1993-cü il tarixində sahəsi 104980 hektar olan Cəbrayıl rayonu erməni işğalçıları tərəfindən zəbt olunmuşdur. Rayonda yaşı 200-1600 illər arasında olan 14 ədəd iri diametrli şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunurdu.
İşğala qədər rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonun tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki fəaliyyət göstərirdi.
İşğal zamanı və sonralar qeyd edilən bütün infrastruktur, o cümlədən, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılmış və məhv edilmişdir.
2006-2007-ci illər ərzində ermənilər tərəfindən rayonun 16 min hektardan artıq ərazisində yanğınlar törədilmişdir.
Təəssüf ki, bu gün insan hüquqlarından ağızdolusu danışan, hüquqlarının pozulduğunu iddia edən, lakin bir fakt belə göstərə bilməyən ermənilər işğal zamanı kimsəyə rəhm etmədən yerli sakinləri son nəfərinə qədər ərazidən qovmuş, əllərinə keçən hər kəsi isə güllələmişlər. Yuxarıda qeyd edilən təsərrüfatlar, təhsil müəssisələri, mədəniyyət obyektləri isə sözün əsil mənasında vəhşicəsinə tar-mar edilmişdir.
2020-ci il 27 sentyabr tarixində başlanan Vətən müharibəsinin gedişində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri Müzəffər Azərbaycan ordusu tərəfindən işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd azadlığına qovuşdu. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.”

Bu sözləri aia.az saytına müsahibəsində millət vəkili, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləmişdir.

Müsahibimiz qeyd etmişdir ki, “İşğaldan sonra 8 dəfə Cəbrayıl rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyev bu bölgənin abadlaşdırılması, məskunlaşdırılması sahəsində böyük rol oynayacaq bir sıra obyektlərin, yaşayış binalarının təməlini qoymuş, ilk məskunlaşan kənd olaraq Cocuq Mərcanlı kəndində yerli sakinlərlə görüşündə demişdir: “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq Cəbrayıl rayonunun elektrik təchizatı var. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir. Cəbrayıl rayonunun elektrik təchizatının bütün işləri başa çatıb. Rayon ərazisində 4-6 zolaqlı yol çəkilib. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilmişdir. SOCAR BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın tikintisi yaxın vaxtlarda başlayacaq.”
Əziz Ələkbərli bildirmişdir ki, “Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.
2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Horovlu kəndində sürətli tikinti işləri davam edir. Cəbrayıl şəhəri günü ərəfəsində rayonda aparılan tikinti və abadlıq işləri ilə tanış olan cənab Prezidentə məlumat verilib ki, Horovluya 1395 nəfərin köçürülməsi üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir. Həmçinin burada məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam etdirilir.
Bir sözlə, Cəbrayıl yenidən dirçəlir, öz doğma sakinlərinin elliklə qayıdıb məskunlaşması günü yaxınlaşır. Tarixə “Cəbrayıl günü” kimi düşən 4 oktyabr günü də bizim üçün əziz gündür. Müzəffər Ali baş Komandan cənab Prezident İlham Əliyevin təməlini qoyduğu neçə-neçə mühüm əhəmiyyətli obyektlərin tarixi də bu gündən- bu azadlıq günündən başlayır.
Azadlığın, abadlığın mübarək olsun, əziz Cəbrayıl!”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-12-2024