Mobil versiya
Ümidlərin doğrulduğu, sabitliyin başladığı tarix
Tarix: 02-10-2024 | Saat: 09:37
Bölmə:Siyasət / Özəl | çapa göndər

Ümidlərin doğrulduğu, sabitliyin başladığı tarix

3 oktyabr 1993-cü i Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 31-ci ildönümüdür. Vətənin inkişaf yolunu təbii ki, şəxsiyyətlər yazır. Çox vaxt şəxsiyyət zamandan uca olur, onu qabaqlayır, özü tarix yazır, ölkəsinin, millətinin, xalqının taleyüklü çətinliklərini dəf edir. Heydər Əliyev də Azərbaycan xalqının taleyində, həyatında müstəsna rol oynayan,ölkənin milli inkişaf konsepsiyasını tərtib edən, tarixi özü yazan əbədiyaşar şəxsiyyət-liderdir. Məlum olduğu kimi, müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olarkən xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün ümummilli lider Heydər Əliyevə üz tutdu. Təbii ki, ulu öndər Heydər Əliyevin xalq tərəfindən sevilərək, təkidlə hakimiyyətə dəvət edilməsinin bir çox səbəbləri var idi. 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində gördüyü işlər, Azərbaycanın inkişafı, quruculuq və abadlıq işləri, ən ağır məqamlarda daim xalqla birlikdə olması, cəsarət göstərərək 20 Yanvar hadisələrinə qiymət verməsi, Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə bu bölgənin düşməndən qorunması, 3 sentyabr 1991-ci il sessiyasında Naxçıvan Ali Sovetində “Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında” məsələ müzakirə edilərək, Kommunist Partiyasının fəaliyyətinin dayandırılması haqqındakı qərar, Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağının ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında Dövlət bayrağı kimi qəbul edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək və “Sovet Sosialist” sözlərinin oradan çıxarılması və sair kimi bir-birindən mühüm addımlar onun 1993-cü ildə xilaskarlıq missiyasını uğurla həyata keçirməsinə xalqın inamını daha artırırdı. Vəziyyət o qədər gərgin və idarəolunmaz idi ki, hətta o zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Heydər Əliyev o illərdə siyasətə qayıtmaq istəyində olmasa da, respublikanın ictimai həyatında ağılasığmaz ədalətsizliklər onun vicdanını həddindən artıq narahat edirdi. Odur ki, real vəziyyəti bir daha dərindən və hərtərəfli təhlil edən Naxçıvan Ali Məclisinin sədri qəlbi xalqın taleyi üçün narahat olan ziyalıların bir qrupunun - müstəqillik tarixinə «91»-lər kimi daxil olmuş ziyalıların müraciətini cavabsız qoymadı. Yeni Azərbaycan Partiyasının yaradılmasına və sədrlik etməsinə müsbət cavab verdi. Onun respublika ziyalılarının müraciətinə cavabı Heydər Əliyevin xaiqa bağlılığının göstəricisidir. Xalqını və dövlətini hər şeydən üstün tutan dahi liderin iyunun 9-da Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. 1993-cü il iyunun 15-də isə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və bununla da ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı qoyuldu. 1993-cü il 3 oktyabr prezident seçkilərində isə xalqın 98,8 faiz səsini toplayaraq prezident seçildi və məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan dövlətçiliyini xilas etdi, onun növbəti yüksəlişinin əsasını qoydu. Ulu öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Onun hakimiyyətə ikinci qayıdışından sonra cəmiyyətimizin bütün sahələrində böyük canlanma yaranmışdı.
Ulu öndərin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin hərtərəfli bacarıq və qabiliyyəti nəticəsində 44 günlük müharibə ilə Azərbaycan torpaqlarının 30 il davam edən və bir milyondan çox azərbaycanlının iztirabına, şəhər və kəndlərimizin tamamilə dağıdılmasına gətirib çıxaran işğalına son qoyuldu. Bu gün isə işğaldan azad olunmuş torpaqlarımızda görülən işlərlə iqtisadi gücümüzün nəyə qadir olduğunu hamı görür. Bütün əldə edilmiş uğurlarımıza görə Heydər Əliyevin bizə miras qoyduğu siyasətə və dahi şəxsiyyətinin layiqli davamçısı Prezident İlham Əliyevə borcluyuq.

Bəxtiyar Mustafayev, YAP Mingəçevir təşkilatının sədri.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-10-2024