Mobil versiya
Azərbaycan Ordusu şəhidlərin qanını aldı
Tarix: 23-09-2024 | Saat: 17:23
Bölmə:Özəl | çapa göndər

Azərbaycan Ordusu şəhidlərin qanını aldı

Ordu dövlətin və dövlətçiliyin əsas sütunu olmaqla yanaşı, həm də, ölkənin güc simvoludur. Azərbaycanda ordu dövlət üçün prioritetdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fəxrlə bildirir: "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var".
Bu bir reallıqdır ki, dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Bu həqiqət II Qarabağ savaşında bir daha bütün dünyaya aydın oldu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Torpaqlarımızın azad olunması əmrinə daim hazır olan Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını alınması ilə bağlı Prezident, Müzəffər Ali Baş Komandanın əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatına — Vətən müharibəsinə başladı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində — noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi.
Bu taleyüklü məsələnin həlli barədə, uzaqgörən liderin, ulu öndərin kəlamları yada düşür: "Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Bizim ordumuz güclüdür. Ordumuzun gücü gündən-günə artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir. Onu biz azad edəcəyik, biz! Biz bunu sülh yolu ilə həll etmək istəyirik. Bu barədə çoxlu səylər qoymuşuq və bundan sonra da qoyacağıq. Ancaq bizim bu səylər sonsuz olmayacaqdır. Biz bütün səylərimizi qoyub məsələni sülh yolu ilə həll etməyə çalışacağıq. Əgər bu, mümkün olmasa, bizim əziz zabitlərimiz, əziz Silahlı Qüvvələrimiz, siz torpaqlarımızın azad olunması üçün hər gün hazır olmalısınız!
Torpaqlarımız azad olacaq, ordumuz inkişaf edəcək, respublikamızın iqtisadiyyatı yüksələcək və ən yaxın illərdə Azərbaycan böyük inkişaf yoluna qədəm qoyacaqdır. Buna əmin ola bilərsiniz".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azərbaycanlı olmasıyla həmişə qürurlanan, çağdaş Azərbaycan dövlətçiliyinin memarı olan dahi şəxsiyyət Heydər Əliyevin ordu quruculuğu siyasətini də uğurla davam etdirdi, Azərbaycan Ordusu ən müasir, yeni texnikalarla, qurğularla təchiz olundu, hərbi təhsil sistemi bu baxımdan təkmilləşdirildi və ordumuz öz gücünü döyüş meydanında bütün dünyaya göstərdi. Qarabağda ordumuzun göstərdiyi şücaət düşmənə gözdağı verdi. Təməli uzun illərə dayanan uğurlu siyasət və hərb meydanındaki uğur, xalqımızın 30 illik həsrətinə son qoydu və şəhidlərin, qazilərin canı, qanı hesabına biz tarixi ədaləti bərpa etdik!
Azərbaycan xalqı öz əzmini, birliyini, gücünü sübut etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 illik həsrətə son qoydu. Biz öz əzəli torpaqlarımıza alnıaçıq, üzüağ, zəfər bayrağı ilə qayıtdıq.
Dekabrın 10-da Bakıda Zəfər paradı keçirildi. Azadlıq meydanı bir çox hadisələrin, gərgin anların şahidi olub. Zəfər paradı düşmənə də, onun havadarlarına da xatırlatdı ki, Azərbaycan Ordusu güclü ordudur.
2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş hərbi paradda Prezident İlham Əliyev xalqa müraciət edərək bildirmişdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. Zəfər paradında biz dövlətimizin başçısının xalqa verdiyi bu sözə əməl etdiyini gördük. Zəfər bayrağı Azadlıq meydanına gətirildi, hərbi qənimət kimi ələ keçirilən erməni hərbi texnikaları qalib Azərbaycan xalqına, onun dostlarına, düşmənlərinə əyani surətdə nümayiş etdirildi.
Bu Azərbaycanın və şanlı ordumuzun gücü, hər nəfəri vətən üçün candan keçməyə hazır olan müzəffər ordumuzun qalibiyyəti idi.

YAŞASIN AZƏRBAYCAN! YAŞASIN AZƏRBAYCAN ORDUSU!

Zeynəb Bağırlı
YAP Zəngilan rayon təşkilatının fəalı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024