Mobil versiya
"Ermənistan sülh istəmir, vaxt uzadır" - İlham Əliyev
Tarix: 23-09-2024 | Saat: 17:26
Bölmə:Siyasət / Karusel | çapa göndər

"Ermənistan sülh istəmir, vaxt uzadır" -

"Ermənistanla münasibətlərin normallaşması məsələsinə də toxunmaq istərdim. Yenə də bildirmək istəyirəm ki, İkinci Qarabağ müharibəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlamışdır. O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcək nədən ibarət olacaq, bu haqda heç öz fikirlərini formalaşdırmamışdılar. Bizim təşəbbüsümüz idi. Bir müddət sonra görəndə ki, bu, cavabsız qalır, biz artıq əsas baza prinsiplərini ortaya qoyduq, onları ictimailəşdirdik və artıq proses başlamışdır. Ancaq nəyi görürük? Görürük ki, Ermənistan bu məsələni süni şəkildə uzadır. Çünki bu günə qədər - bizim birinci layihəmiz Ermənistana göndəriləndən bu günə qədər 10 şərhlər mübadiləsi olmuşdur və hər dəfə müəyyən müddəalar razılaşdırılırdı, yəni, bu işdə tərəqqi var idi".

aia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.

"Bunu biz necə var, elə də deməliyik. Amma bununla yanaşı, aylar keçdikcə, təbii olaraq biz gözləyirdik ki, Ermənistan öz şərhlərini bizə daha operativ və çevik verəcək. Ancaq biz bunun tam əksini gördük. Son variantın onlardan alınmasını biz 70 gün gözləməli olduq. İyunun 24-də bizim şərhlərimiz onlara göndərildi və avqustun sonunda, ya da ki, sentyabrın əvvəlində onlar bizə cavab göndərmişdilər. Bu cavab nədən ibarət idi? Bütün razılaşdırılmamış müddəalar onların variantında sülh müqaviləsindən çıxarıldı. Yəni, bu dərəcədə primitiv və qeyri-adekvat addım, sözün düzü, gözlənilən deyildi. Mətndən çıxarılmış, yəni, onların istəyi ilə çıxarılması nəzərdə tutulan müddəalar vacibdir.

Onlarsız sülh müqaviləsi natamam olacaq. Ona görə bu qədər qeyri-səmimi münasibət bizi təbii olaraq düşündürür. Bayaq dediyim amillərlə yanaşı, əgər biz bütün bu amilləri necə deyərlər, bir çərçivəyə salsaq, görərik ki, həm sürətli silahlanma, revanşizm meyilləri, həm də Ermənistanın himayədarlarının bizə qarşı yenidən Qarabağ mövzusunu ortaya atması, sülh müqaviləsinin gedişatında qeyri-adekvat və qeyri-səmimi münasibət, vaxt uzatma taktikası və digər məqamlar deməyə əsas verir ki, Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istəyir", - deyə dövlət başçısı bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024