Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan-İtaliya münasibətləri qarşılıqlı maraqların nəzərə alınması prinsipləri əsasında inkişaf edir”
Tarix: 08-09-2024 | Saat: 12:40
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan-İtaliya münasibətləri qarşılıqlı maraqların nəzərə alınması prinsipləri əsasında inkişaf edir”

“Azərbaycanın Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi məsələsində getdikcə artan rolu ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir. Cənab Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə cari ilin 4-6 sentyabr tarixlərində Romaya işgüzar səfəri də ölkəmizin Avropada vacib aktorlardan biri kimi qəbul olunduğunu bir daha nümayiş etdirdi. Dövlət başçımızın bu səfər çərçivəsində sentyabrın 6-da 50-ci Beynəlxalq Çernobbio Forumuna əsas qonaq kimi dəvət olunması təkcə ayrı-ayrılıqda götürülən Avropa ölkələrinin deyil, ümumilikdə Avropa İttifaqının ölkəmizlə əməkdaşlıqda son dərəcə maraqlı olduğunu, gələcəyə dair qurulan strateji planlarında Azərbaycanın da iştirakını görmək istədiklərini bir daha təsdiq edir. Qeyd etmək lazımdır ki, Mərkəzi Avropada, eləcə də bu məkanın hüdudlarından kənarda əhatəli tərəfdaşlıq şəbəkəsinə malik olan “The European House – Ambrosetti” beyin mərkəzi 1965-ci ildən fəaliyyət göstərir və hazırda İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində 1 nömrəli beyin mərkəzi hesab olunur. Həmçinin bu təsisat Avropada ilk onluqda qərarlaşmaqla İtaliya və Avropa şirkətləri üçün əhəmiyyətli olan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif beynəlxalq tədbirlər təşkil edir. Bununla da “The European House – Ambrosetti” ilk növbədə İtaliya şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviqinə böyük töhfələr verir. Cənab Prezident İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunun “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyasında etdiyi çıxışında İtaliya Prezidenti Mattarella ilə, eləcə də Baş nazir Meloni ilə görüşlərini qeyd edərək, ölkələrimiz arasında ikitərəfli münasibətlərin strateji xarakterini bir daha diqqət mərkəzinə çəkdi. Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq bəyannamə təqribən 10 il əvvəl qəbul edilib və hazırda mövcud əməkdaşlıq bir çox sahələri əhatə edir. Yüksək səviyyəli siyasi təmaslar da iki ölkənin yaxın strateji tərəfdaş olduğunu nümayiş etdirir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra müsahibimiz bildirib ki, Prezident İlham Əliyevin Çernobbio Forumunda etdiyi çıxışında əks olunan məqamlar ölkəmizin istənilən xarici dövlətlə əlaqələrini yalnız qarşılıqlı hörmətə əsaslnan, bərabərhüquqlu əsaslar üzərində qurmaq əzmini bir daha vurğulamış oldu: “Dövlət başçımızın çıxışında xüsusilə diqqəti cəlb edən məqamlardan biri də ölkələr arasında ikitərəfli münasibətlərin qurulmasında təşviq etdiyi baza prinsipləri barədə səsləndirdiyi fikirlər oldu. Cənab Prezident qeyd etdi ki, bu münasibətlərin yalnız qarşılıqlı etimad və hörmət, qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulduğu halda tərəqqiyə nail olmaq mümkündür. Azərbaycanın istənilən ölkə ilə münasibətlərini yalnız bu prinsiplər əsasında qurmaq əzmi dövlət başçımızın moderatorun növbəti sualına verdiyi cavabda da öz əksini aydın şəkildə tapmış oldu. Belə ki, Forumun moderatoru öz sualında ölkəmizdə AŞPA-nın bir sıra üzvlərinin, o cümlədən 5 italyan deputatının arzuolunmaz şəxs elan edilmələrini təmasların genişləndirilməsi ruhuna zidd olan qərar kimi təqdim etməyə cəhd göstərdi. Buna cavab olaraq cənab Prezident İlham Əliyev bu ilin yanvar ayında baş vermiş hadisənin Azərbaycan üçün qırmızı xəttin keçilməsi olduğunu qeyd etdi. Həqiqətən də ölkəmizin keçən ilin sentyabr ayında heç bir dəstək olmadan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bəzi Qərb dövlətləri üçün bu gün də həzm edə bilmədikləri bir hadisə oldu. Məhz həmin dövlətlərin təhriki ilə AŞPA bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi. Əlbəttə ki, bu qərarın leyhinə səs verənlər Azərbaycanı Avropa Şurasında görmək istəməyənlərdir. Öz növbəsində Azərbaycan da adekvat qərar verərək həmin deputatları ölkəmizdə arzuolunmaz şəxs elan etdi. Yalnız bizim nümayəndə heyətinin fəaliyyəti bərpa edildikdən sonra bu qadağa aradan qaldırıla bilər. Bu, son dərəcə ədalətli bir qərardır və Azərbaycanın heç bir halda öz prinsipial mövqelərindən geri çəkilməyəcəyinə dair açıq-aydın bir mesajdır” – deyə, Novruzəli Aslanov sözlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-09-2024