Mobil versiya
Səttar Möhbalıyev:“Son iki il ərzində baş verən hadisələr dövlət başçımızın nə qədər haqlı olduğunu bir daha sübut etdi”
Tarix: 07-09-2024 | Saat: 17:49
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-1 | çapa göndər

Səttar Möhbalıyev:“Son iki il ərzində baş verən hadisələr dövlət başçımızın nə qədər haqlı olduğunu bir daha sübut etdi”

“Cənab Prezident İlham Əliyevin İtaliya Respublikasına səfəri çərçivəsində sentyabrın 6-da “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Gələcək qlobal çağırışlar və onların biznesə təsiri” mövzusunda keçirilmiş 50-ci Beynəlxalq Çernobbio Forumuna əsas qonaq qismində dəvət olunması Avropa ölkələrinin Azərbaycanla tərəfdaşlıq və əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlı olduqlarının daha bir təsdiqidir. Bu hadisə eyni zamanda ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən növbəti dəfə yüksək qiymətləndirilməsidir. Xatırlatmaq yerinə düşər ki, dövlətimizin başçısının 2022-ci ildə keçirilən forumdakı çıxışı və xarici media nümayəndələrinin suallarına verdiyi ətraflı cavablar forum iştirakçılarının böyük marağına səbəb olmuşdu. Həmin tarixi çıxışında cənab Prezident bildirmişdi ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Dəyişikliklərin hansı axınla gedəcəyi isə Ukraynada müharibənin hələ nə qədər davam edəcəyindən, bu savaşın necə bitəcəyindən və bundan sonra dünyada güc balansının hansı şəkildə olacağından çox asılı olacaq. Son iki il ərzində baş verən hadisələr dövlət başçımızın nə qədər haqlı olduğunu bir daha sübut etdi. Artıq bütün dünya bu həqiqəti qəbul edir ki, Azərbaycan heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb. Ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşan siyasət yürüdərək, artıq sabit siyasi və iqtisadi mövqeyə yiyələnib ki, bu da xarici dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq münasibətləri qurmaq imkanı verir.”

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.

Daha sonra müsahibimiz Prezident İlham Əliyevin 50-ci Beynəlxalq Çernobbio Forumunda etdiyi “Yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolu” mövzusunda çıxışında Azərbaycan-İtaliya əlaqələrinə dair səsləndirdiyi fikirlərin önəmini qeyd edərək bunları deyib: “Məlum olduğu kimi, Azərbaycan ilə İtaliya arasında mövcud olan ticarət əməkdaşlığı olduqca fəaldır. Təsadüfi deyil ki, dövlətimizin başçısı öz çıxışında məhz İtaliyanın Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşı olduğunu xüsusi vurğuladı. Qeyd olundu ki, Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da bizim əməkdaşlığımızın vacib hissəsidir. Cənab Prezident bir daha diqqətə çatdırdı ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Əlbəttə ki, Azərbaycan-İtaliya ikitərəfli əlaqələri enerji və ticarətlə məhdudlaşmır. Hazırda humanitar məsələlər istiqamətində fəal şəkildə iş aparılır. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, ikitərəfli əməkdaşlığın şaxələndirilməsinin gözəl nümunəsidir” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-09-2024