Mobil versiya
İsgəndər Qurbanov: Azərbaycan qarşıya qoyduğu bütün məqsədlərinə çatacaqdır
Tarix: 26-07-2024 | Saat: 17:42
Bölmə:Özəl | çapa göndər

İsgəndər Qurbanov: Azərbaycan  qarşıya  qoyduğu bütün məqsədlərinə çatacaqdır

Dünyada baş verən qlobal hadisələr fonunda informasiya axınını düzgün tənzimləmək, cəmiyyətə daha dəqiq, real faktlara əsaslanan məlumatlar ötürmək sahəsində media sektorunun üzərinə çox mühüm vəzifələr, böyük məsuliyyət düşür. Bu baxımdan əllidən artıq ölkənin nümayəndəsinin bir araya gəldiyi “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda
2-ci Şuşa Qlobal Media Forumu müasir dövrdə bütün ölkələrin əziyyət çəkdiyi dezinformasiya ilə mübarizə, media sahəsində məlumatlandırma, COP29, iqlim dəyişikliyi ilə bağlı məsələlərin müzakirəsi ilə çox yadda qaldı. Ənənə halını alan forumda Dövlət Başçısı Prezident cənab İlham Əliyevin təkcə media deyil, regionda və ölkədə baş verən hadisələrlə bağlı geniş çıxışı mühüm mesajlarla zəngin oldu.
Ölkə Başçısı çıxışı zamanı qeyd etdi ki, Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Regionun xalqları özlərini təhlükəsiz hiss edir. Münaqişələr və qarşıdurmalar keçmişdə qalıb.
Dövlət Başçısı onu da qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik. Azərbaycan cəmiyyəti olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır.
Dövlət Başçısı xüsusi olaraq vurğuladı ki, Qoşulmama Hərəkatının bir çox üzvü keçmişdə kolonializmin qurbanı olmuşdur. Milyonlarla insan bunun qurbanı olmuşdur və bəzi ölkələr hələ də bundan əziyyət çəkir. Məsələn, Qəmər adaları, Mayot adası. Hələ də onlar kolonial idarəçilik altındadır. Biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər. Təəssüflər olsun ki, Fransa hökuməti yenə də mediadan istifadə edərək bizi ittiham edir ki, guya biz onların daxili işlərinə qarışırıq. Ancaq bu, qətiyyən belə deyil. Biz bunu Avropa İttifaqında, BMT-də anti-Azərbaycan mövqeyi ilə əlaqələndiririk. Onlar Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar. Azərbaycan kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcək. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti bu mənada müstəsna əhəmiyyətə malikdir. Kolonializmdən əziyyət çəkən xalqların səsini heç kəs eşitmir.
Dövlət Başçısı bildirdi ki, azərbaycanlılar hələ XX əsrin əvvəllərində - 1918-ci ildə və müharibədən dərhal sonra, Qərb ölkələrində yaşayan ermənilərin Ermənistana köçürülməsi və onların yerləşdirilməsi kimi tam düşünülmüş bir bəhanə ilə indiki Ermənistan ərazisindən deportasiyaya məruz qalıblar. O vaxt, 1940-1950-ci illərdə sovet hökuməti tərəfindən bir neçə qərar qəbul edildi və yüz minlərlə insan Qərbi Azərbaycanda yaşadıqları, məskunlaşdıqları ərazilərdən sürgün olundu. Yaşayış üçün yararsız, Zəngəzur, Göyçə və digər yerlərdəki təbii-iqlim şəraitindən tamamilə fərqli olan Kür-Araz ovalığına deportasiya edildi. Onların çoxu, sadəcə, dözə bilməyib və vəfat edib. Proseslər 1980-ci illərin sonlarında baş verən etnik təmizləmədən başladı. Həqiqətlər Qərbin, o cümlədən Rusiyanın, 1990-cı illərin Rusiyasının media məkanında danışılmayıb. Onlar bu barədə susublar. Qafan bölgəsində və başqa rayonlarda azərbaycanlıların Ermənistan ərazisindən vəhşicəsinə deportasiyası haqqında tamamilə susarkən, Ermənistanın yalan hekayəsinə dair yüz faizli birtərəfli meyil var idi. Hər şey də buradan başladı. Bu, sonradan böyük yanğına çevrilən qığılcım idi. Beləliklə, xalqımız deportasiyanın bütün əzablarını yaşadı. Ermənistan hökuməti tərəfindən açıq-aydın bəyanat gözləyirik ki, bugünkü Ermənistan ərazisindən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar, yaxud oradan didərgin salınanların övladları və nəsilləri öz tarixi torpaqlarına necə qayıda və həmin yerlərə gedə bilərlər, yaxud həmin torpaqlarda necə yaşaya bilərlər. Üstəlik, bizdə olan kifayət qədər mötəbər məlumatlara görə, azərbaycanlıların yaşadığı kəndlərin 90 faizində indi həyat yoxdur, yəni həmin yerlər boşdur, oralar Füzuli, Ağdam və digər yerlər, habelə bütün digər Azərbaycan kəndləri 30 il ərzində dağıdıldığı kimi yerlə-yeksan edilib. Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların və onların nəsillərinin sayı bu gün Azərbaycanda milyonlarladır. Əgər buna Azərbaycanın region kontekstindən yanaşsaq, bu, əhalisinin sayına görə ölkəmizin ən böyük regionudur.
Möhtərəm Prezidentimizin bildirdiyi kimi: “Bizim atdığımız bütün addımlar və təşəbbüslərimiz əsas məqsədi güdür – ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək”. Hər kəs inanır ki, tezliklə müstəqil, suveren Azərbaycan Dövlət Başçımız cənab İlham Əliyevin müdrik, uzaqgörən, uğurlu siyasi rəhbərliyi ilə qarşıya qoyduğu bütün məqsədlərinə çatacaqdır.

İsgəndər Qurbanov
YAP Qazax rayon təşkilatının partiya veteranı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-09-2024