Mobil versiya
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Tarix: 28-09-2024 | Saat: 14:14
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir

Hər bir dövlətin istər mübarizə əzmi, istərsə də müdafiə qabiliyyəti onun güclü iqtisadiyyatına əsaslanır. Azərbaycan da belə dövlətlərdəndir. Vətən Müharibəsi zamanı 44 gün ərzində Azərbaycanın öz gücünə müharibədən qalib ayrılması və bölgədə söz sahibinə çevrilməsi siyasi iradə və milli birliklə bərabər, güclü iqtisadiyyatın nəticəsi kimi təzahür etdi. Təsadüfi deyil ki, Azərbaycan dünyada xarici borcunu bir gündə ödəyə biləcək iqtisadiyyata malik olan az sayda ölkələrdən biridir. 2024-cü ildə Azərbaycanda iqtisadi artım 4,3% təşkil edib.

Prezident İlham Əliyev bu barədə 26 sentyabr 2024-cü il tarixdə hökumət üzvləri keçirdiyi iqtisadi məsələlərə həsr olunmuş müşavirədə bildirib ki, “Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir”.

Özəlliklə dünyada baş verən qlobal problemlərin iqtisadi rıçaqlara ciddi təsir etdiyi bir zamanda iqtisadiyyatımızın artım faizi ilə inkişafı təqdirəlayiq məqamlardandır.
İqtisadiyyatın artım faizində qeyri-neft sekronun payı da xüsusi əhəmiyyət kəsb edir. Qeyri-neft sektorunun inkişafı bu sahəyə xarici investorların da diqqətini cəlb edir. COP-29 kimi qlobal layihənin ev sahibliyinin Azərbaycana verilməsində də qeyri-neft sektorunun inkişaf temperamenti önəmli rol oynamışdır. 2024-cü ildə bu sahədə 7% artım müşahidə olunub.

Hətta son illərdə neft sektorundakı bu və ya digər səbəblərdən baş verən azalmalar qeyri-neft sektorunun gəlirləri hesabına kompensasiya olunub, iqtisadi balans qorunub.

İqtisadiyyatın dayanıqlığını təmin etmək üçün onun şaxələndirilməsi əsas şərtlərdəndir. Məhz bu yolla həm inflyasiyanın ciddi təsirinin qarşısına keçmək, həm də iqtisadiyyatı inkişaf etdirmək mümkündür. Regionda yerləşən qonşu dövlətlərin hər birinin milli valyutasının dollar qarşısında dəyər itirdiyi bir dövrdə Azərbaycan manatının öz kursunu qoruyub saxlaması məhz güclü iqtisadiyyatın nəticəsidir.

Azərbaycanın müharibədən yeni çıxmasına, işğaldan azad olunmuş ərazilərimizdə güclü quruculuq işlərinin aparılmasına, hərbi və digər sahələrin gücləndirilməsi istiqamətində maliyyə vəsaiti ayrılmasına baxmayaraq, 2025-ci ildən minimum əməkhaqqı və minimum pensiyaların artırılması istiqamətində də işlər aparılır.

Dövlətimizin başçısı bu barədə öz fikrini bildirib: “Baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı. Bütün bunlara baxmayaraq, biz həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik”.

Dövlət başçısı iqtisadi inkişaf tempinin bu il saxlanacağı və gələn ilin büdcə müzakirəsindən sonra da 2025-ci ildə iqtisadi inkişaf tempinin lazımi səviyyədə olacağını vurğulayıb.

Ölkəmizin qalib ölkə statusu və güclü dövlət siyasəti, qeyri-neft sektorunda yeni investisiya imkanlarının formalaşması, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, burada genişləndirilən turizm sektoru xarici investorların da diqqətini çəkməkdədir. Xüsusən yaşıl enerjiyə keçid istiqamətindəki potensial, ölkəmizin yaşıl enerji resursları üçün olan coğrafi imkanları investorların diqqət mərkəzindədir.

Müşavirədə bu məsələyə toxunan İlham Əliyev qeyd edilən istiqamətlərdə təşviq layihələrinin də həyata keçirildiyinə diqqət çəkib: “Son illər ərzində və xüsusilə antiterror əməliyyatından sonra dövlət suverenliyimizin tam bərpa edilməsi təbii olaraq bütün investorlara ciddi müsbət siqnal göndərmişdir və biz bunun bəhrəsini indi görürük”.

Prezident İlham Əliyev 2025-ci il üçün dövlətin İnvestisiya Proqramını da açıqlayıb və gələn il xərclərin əsasən hansı istiqamətlərdə planlaşdırıldığı barədə danışıb: “İlk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələrdir”.

Bir dövlətin qlobal arenadakı sözünün gücü onun iqtisadiyyatı və siyasəti ilə ölçülür. Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir. İqtisadi asılılıq hər zaman siyasi asılılığın da səbəbi kimi xarakterizə olunub. Azərbaycanın güclənən iqtisadiyyatı və azalan xarici borcu onun müstəqil xarici siyasət arenasında da əmin addımlarla irəliləməsinə şərait yaradır. Prezident İlham Əliyevin 26 sentyabrda iqtisadi məsələlərə həsr olunan müşavirədə dediyi aşağıdakı sözlər bunu bir daha təsdiqləyir: “İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin”.

Səhər Orucova
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024