Mobil versiya
Siyasi etimad, iqtisadi tərəfdaşlıq və çoxşaxəli əməkdaşlıq
Tarix: 09-10-2026 | Saat: 12:28
Bölmə:Manşet / Siyasət | çapa göndər

Siyasi etimad, iqtisadi tərəfdaşlıq və çoxşaxəli əməkdaşlıq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illərdə yeni məzmun qazanaraq strateji tərəfdaşlığın mühüm istiqamətlərindən birinə çevrilib. Siyasi dialoqun intensivləşməsi, iqtisadi-ticari əlaqələrin genişlənməsi, nəqliyyat və energetika sahələrində birgə layihələrin həyata keçirilməsi bu əməkdaşlığın regional və qlobal əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı tərəfdaşlığın əsas istiqamətlərini və gələcək hədəflərini ifadə etməkdədir.

Ötən ilin noyabrında Azərbaycanın Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi əlamətdar hadisədir. Bu qərar Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə sıx əlaqələrinin, qarşılıqlı etimadın və ortaq maraqlara əsaslanan tərəfdaşlığın göstəricisidir. Dövlət başçısının çıxışında Türkmənistanın və Qurbanqulu Berdiməhəmmədovun bu prosesdəki təşəbbüsünü qeyd etməsi qarşılıqlı dəstəyin və dostluq münasibətlərinin əhəmiyyətini nümayiş etdirir. Azərbaycanın bu formata qoşulması Xəzər dənizinin hər iki sahilində yerləşən ölkələr arasında əməkdaşlığın daha geniş müstəvidə inkişafına imkan yaradır.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri yalnız fəal siyasi dialoqla məhdudlaşmır. Ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyaların genişlənməsi və birgə müəssisələrin yaradılması iqtisadi tərəfdaşlığın real nəticələridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb, ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılmış birgə investisiya fondları isə əməkdaşlığın yeni mərhələsinə keçid üçün əlverişli imkanlar yaradır. Bu fondların potensialından səmərəli istifadə edilməsi istehsalın genişləndirilməsinə, sənaye əlaqələrinin möhkəmlənməsinə və məhsulların xarici bazarlara çıxarılmasına töhfə verə bilər.

Nəqliyyat və logistika əməkdaşlığı Azərbaycanın regional gündəliyində xüsusi yer tutur. Ölkəmizin müasir nəqliyyat infrastrukturu, dəniz limanı, dəmir və avtomobil yolları, eləcə də hava nəqliyyatı imkanları Mərkəzi Asiya ilə beynəlxalq bazarlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Xəzər dənizi üzərindən daşımaların genişlənməsi və Orta Dəhlizin artan əhəmiyyəti Azərbaycanı Avrasiya məkanında mühüm tranzit qovşaqlarından birinə çevirir. Prezident İlham Əliyevin Orta Dəhliz üzrə yükdaşımaların ötən il 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artdığını qeyd etməsi bu marşrutun potensialının göstəricisidir. “Rəqəmsal İpək Yolu” layihəsi və Xəzərin dibi ilə fiber-optik xətlərin inkişafı isə regional əlaqələrin rəqəmsal ölçüsünü gücləndirir.

Energetika sahəsində tərəfdaşlıq da qarşılıqlı maraqlara əsaslanır. Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə nəqli ölkəmizin tranzit imkanlarının əhəmiyyətini artırır. Bununla yanaşı, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində aparılan işlər regionun enerji əməkdaşlığında yeni perspektivlər formalaşdırır. Belə təşəbbüslər ənənəvi enerji resurslarının nəqli ilə yanaşı, bərpaolunan enerji sahəsində də ortaq imkanların reallaşdırılmasına şərait yaradır.

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərin mühüm tərəflərindən biri də qarşılıqlı mənəvi dəstək və qardaşlıq münasibətləridir. Özbəkistanın Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi bu həmrəyliyin konkret təzahürləridir. Türkmənistanın Füzulidə məscid tikintisinə dəstəyi də xalqlarımız arasında tarixi və mənəvi bağlılığın ifadəsidir. Bu layihələr işğaldan azad edilmiş ərazilərin bərpasına töhfə verməklə yanaşı, regional əməkdaşlığın humanitar əsaslarını da möhkəmləndirir.

Prezident İlham Əliyevin çıxışında sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitliyin bütün nailiyyətlərin təməli kimi dəyərləndirilməsi əməkdaşlığın strateji mahiyyətini ortaya qoyur. Müasir geosiyasi şəraitdə əlaqələrin davamlı inkişafı üçün qarşılıqlı etimad və sabitlik xüsusi əhəmiyyət daşıyır.

Beləliklə, Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı ortaq iqtisadi maraqları, nəqliyyat bağlantılarını, enerji təhlükəsizliyini və humanitar həmrəyliyi birləşdirən geniş tərəfdaşlıq modelidir. Məşvərət formatında tamhüquqlu iştirak Azərbaycanın regional və qlobal proseslərdə rolunu daha da möhkəmləndirir, Xəzər hövzəsi ilə Mərkəzi Asiya arasında əlaqələrin inkişafına yeni imkanlar yaradır.

Bədəl Bədəlov
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-10-2026