Mobil versiya
Xəzərin o tayında Azərbaycanın yüksələn siyasi çəkisi: İlham Əliyevin regional siyasət fəlsəfəsi - Rövşən Əliyev
Tarix: 09-10-2026 | Saat: 10:38
Bölmə:Manşet / Siyasət | çapa göndər

Xəzərin o tayında Azərbaycanın yüksələn siyasi çəkisi: İlham Əliyevin regional siyasət fəlsəfəsi

Müasir dövürdə dövlətlərin xarici siyasətində elə fundamental dəyişikliklər baş verir ki, bəzi hallarda əldə olunana uğurları ayrı-ayrı görüşlərin, səfərlərin və imzalanan sənədlərin arxasında görmək çətin olur. Çünki böyük siyasi nəticələr bir günün, bir qərarın və ya bir diplomatik təmasın məhsulu olmur. Onlar illərlə davam edən ardıcıl siyasətin, uzaqgörən strateji yanaşmanın, formalaşdırılan etimadın və zamanında atılan addımların məntiqi nəticəsi kimi meydana çıxır. Məhz belə məqamlarda dövlətin xarici siyasətinin miqyası ilə yanaşı, onun arxasında dayanan siyasi iradənin mahiyyəti də aydın görünür.

Bu baxımdan Prezident İlham Əliyevin 8 oktyabr 2026-cı ildə Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirakı sıradan bir diplomatik hadisə kini qəbul edilməməlidir. Azərbaycanın bu formata tamhüquqlu iştirakçı kimi qoşulması ölkəmizin Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin mühüm nəticələrindən biri olmaqla yanaşı, regional münasibətlər sistemində dəyişən mövqeyinin də ifadəsidir. Bu, Azərbaycanın artıq regionlararası əməkdaşlıq proseslərini kənardan izləyən müşahidəçi qismində yox, onların formalaşmasında fəal iştirak edən dövlət kimi çıxış etdiyini göstərir.

Əslində, burada baş verən dəyişiklik Azərbaycanın coğrafi mövqeyinin yaratdığı imkanların siyasi məzmuna çevrilməsidir. Azərbaycan əvvəllər də Xəzərin qərb sahilində, Avropa ilə Asiyanın qovuşduğu strateji məkanda yerləşirdi. Lakin coğrafi üstünlük öz-özlüyündə siyasi təsirə çevrilmir. Bunun üçün ardıcıl diplomatiya, iqtisadi təşəbbüslər, qarşılıqlı etimad və uzunmüddətli strateji baxış tələb olunur. Prezident cənab İlham Əliyevin Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi siyasətin əsas mahiyyəti də məhz bu imkanları reallaşdırmaq, Azərbaycanın coğrafi mövqeyini regional əməkdaşlığın, iqtisadi əlaqələrin və siyasi dialoqun mühüm amilinə çevirməkdən ibarətdir.

Azərbaycan və Mərkəzi Asiya ölkələri Xəzər dənizinin ətrafında yerləşərək vahid geosiyasi məkanın mühüm hissəsini təşkil edirlər. Lakin bu coğrafi yaxınlığın real siyasi və iqtisadi üstünlüyə çevrilməsi öz-özünə baş vermir. Azərbaycanın bu coğrafiyaya verdiyi siyasi məna və onun yaratdığı imkanlardan istifadə strategiyası uzun illər ərzində formalaşan, ardıcıl təhlillərə, uzaqgörən qərarlara və məqsədyönlü diplomatik addımlara söykənən siyasətin nəticəsidir. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət Azərbaycanın coğrafi mövqeyini sadəcə tranzit imkanları ilə məhdudlaşdırmayaraq, onu Mərkəzi Asiya ilə Avropa arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və strateji tərəfdaşlığın mühüm bağlantısına çevirmək məqsədi daşıyır.

Prezident cənab İlham Əliyevin xarici siyasətində son illərin diqqətçəkən istiqamətlərindən biri Azərbaycanın yalnız ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətlər quran ölkə kimi deyil, regionlar arasında əlaqə yaradan dövlət kimi mövqeləndirilməsidir. Mərkəzi Asiya istiqamətində atılan addımlar da bu siyasətin mühüm tərkib hissəsidir.

2025-ci ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatında tamhüquqlu iştirakçı statusu alması bunun bariz nümunəsidir. Ölkə başçımızın Türkmənbaşıdakı çıxışında bu qərarı “tarixi” qərar kimi xarakterizə edilib və onun yekdilliklə dəstəkləndiyi vurğulanıb. Əslində bu nəticənin arxasında uzunmüddətli diplomatik iş dayanır. Dövlət başçısının Mərkəzi Asiya ölkələrinə çoxsaylı səfərləri, həmin ölkələrin liderləri ilə intensiv təmasları, iqtisadi və nəqliyyat layihələrinin siyasi səviyyədə dəstəklənməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Azərbaycanın regional təşəbbüslərinin ardıcıl şəkildə irəli sürülməsi bugünkü mənzərənin formalaşmasına təsir edən əsas amillərdir.

Bu siyasətin fəlsəfəsi sadə görünür, amma nəticələri genişdir. Azərbaycan özünün geosiyasi mövqeyini siyasi fəaliyyət tələb edən imkan kimi qəbul edir.
Cənab Prezidentin Mərkəzi Asiya siyasətində diqqətçəkən cəhətlərdən biri də dövlətlərarası münasibətlərin yalnız iqtisadi maraqlar üzərində qurulmamasıdır. Belə ki, qarşılıqlı etimad, mənəvi yaxınlıq və ortaq dəyərlər əsasında qurulmasına xüsusi önəm verilməsidir. Türkmənistanla münasibətlər bu yanaşmanın ən gözəl nümunələrindəndir. Ötən ildən etibarən Azərbaycan və Türkmənistan arasında ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu göstərici iki ölkə arasında siyasi dialoqun intensivliyini və qarşılıqlı münasibətlərin dinamik inkişafını əks etdirir. Füzulidə Türkmənistanın təşəbbüsü ilə məscidin inşa edilməsi isə əməkdaşlığın sırf diplomatik və iqtisadi çərçivələri aşaraq mənəvi dəyərlər müstəvisinə keçdiyini göstərən rəmzi hadisədir.

Eyni yanaşma Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Mərkəzi Asiya dövlətlərinin iştirakı ilə də özünü göstərir. Füzulidə Özbəkistanın dəstəyi ilə inşa edilən Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Ağdamda Qırğızıstanın dəstəyi ilə yaradılan Manas məktəbi qardaşlıq münasibətlərinin konkret təzahürləridir.

Bu layihələrin əhəmiyyəti Azərbaycanla Mərkəzi Asiya xalqları arasında tarixi-mədəni bağlılığın, qarşılıqlı dəstəyin və gələcəyə inamın ifadəsidir. Eyni zamanda, bu təşəbbüslər Prezident İlham Əliyevin formalaşdırdığı regional siyasətin mühüm xüsusiyyətini üzə çıxarır. Siyasi etimadı real fəaliyyətə, diplomatik yaxınlığı xalqların həyatında iz qoyan layihələrə çevirmək.

Burada siyasi və mənəvi məqamlar bir-birinə toxunur. Çünki dövlətlər arasında münasibətlər yalnız imzalanan müqavilələrlə ölçülmür. Bəzən bir məktəb binası, bir mədəniyyət mərkəzi və ya bir məscid uzun diplomatik sənədlərdən daha güclü mesaja səbəb olur. Bu baxımdan cənab İlham Əliyevin xarici siyasətində mühüm xüsusiyyətlərdən biri münasibətləri siyasi etimaddan iqtisadi əməkdaşlığa, oradan isə xalqların yaddaşına və gələcək nəsillərə bağlamaqdır.

Azərbaycanın Mərkəzi Asiya ilə iqtisadi əlaqələrində baş verən dəyişikliklər də bu siyasətin praktik tərəfini göstərir. Cənab Prezidentin bildirdiyinə görə, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb və Azərbaycanda həmin ölkələrin kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları da yaradıb və bu fondların hər birinin kapitalı yüz milyonlarla dollarla ölçülür. Lakin burada Prezidentin çıxışında diqqətəlayiq başqa bir məqam da var. O, mövcud nəticə ilə kifayətlənməməyi təklif edir. “Yalnız ticarəti artırmaq” əvəzinə birlikdə investisiya qoymaq, istehsal yaratmaq və xarici bazarlara çıxmaq ideyası əslində Azərbaycanın regional iqtisadi siyasətinin növbəti mərhələsini göstərir. Bu, mühüm fərqdir. Çünki ticarət tərəfdaşlığı, birgə istehsal və investisiya onları daha dərindən bir-birinə bağlayır. Belə münasibətlərdə artıq bir ölkənin iqtisadi uğuru digər ölkənin marağından ayrı düşünülmür. Bu isə iqtisadi əlaqənin siyasi sabitliyə çevrilməsi deməkdir.

Cənab Prezidentin siyasətində nəqliyyat məsələsinin xüsusi yer tutmasının səbəbi də buradadır.Azərbaycan son illərdə dəniz limanlarına, hava limanlarına, dəmir yollarına və avtomobil yollarına böyük sərmayələr yatırıb. Bu infrastruktur artıq yalnız Azərbaycanın daxili tələbatını ödəyən sistemdən kənara çıxır və Mərkəzi Asiya ilə Avropa və digər beynəlxalq bazarlar arasında əlaqəni təmin edən daha geniş şəbəkənin hissəsi kimi çıxış edir. Burada cənab Prezidentin uzun illər ərzində irəli sürdüyü nəqliyyat və logistika siyasətinin nəticəsi görünür. Orta Dəhlizin əhəmiyyətinin artması təsadüfi proses deyil. Cənab Prezidentin çıxışında qeyd olunduğu kimi, keçən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, 2026-cı ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb. Bu rəqəmlər liman, dəmir yolu, avtomobil yolları, logistika, gömrük və sərhəd prosedurları, rəqəmsal sistemlər və bütün bunların üzərində duran siyasi etimadı əks etdirir.

Cənab İlham Əliyevin nəqliyyat siyasətində əsas məsələ yalnız “Azərbaycan üzərindən yük keçsin” düşüncəsi deyil. Daha böyük məqsəd Azərbaycanın Avrasiyanın müxtəlif istiqamətlərini birləşdirən geoiqtisadi qovşaq kimi mövqeyini möhkəmləndirməkdir.

Bəlkə də son illərin ən maraqlı dəyişikliklərindən biri Xəzərin siyasi anlamındadır. Uzun müddət Xəzər iki coğrafiyanı ayıran su hövzəsi kimi qəbul edilirdi. İndi isə onun iqtisadi və nəqliyyat baxımından iki sahili birləşdirən məkan kimi əhəmiyyəti artır. Bu dəyişiklikdə Azərbaycanın apardığı siyasətin xüsusi çəkisi var. Azərbaycan Xəzərin qərb sahilində nəqliyyat infrastrukturunu genişləndirir, Mərkəzi Asiya ölkələri ilə əlaqələri dərinləşdirir və Xəzər üzərindən keçən marşrutların səmərəliliyinin artırılmasını regional gündəliyin mühüm məsələsinə çevirir. Paralel olaraq “Rəqəmsal İpək Yolu” və Xəzərin dibi ilə fiber-optik xətlərin inkişafı istiqamətində iş aparılır.
Prezident İlham Əliyevin regional siyasətində İpək Yolunun müasir versiyası yalnız dəmir və avtomobil yolları ilə məhdudlaşmır. XXI əsrdə dövlətlər arasında bağlantılar təkcə fiziki infrastrukturla deyil, həm də informasiya texnologiyaları və rəqəmsal kommunikasiya şəbəkələri ilə müəyyən olunur. Mallarla yanaşı, məlumatın, biliklərin və rəqəmsal xidmətlərin də sərhədlər arasında sürətlə hərəkəti yeni əməkdaşlıq imkanları yaradır. Bu baxımdan, Xəzərin dibi ilə fiber-optik xətlərin çəkilməsi və rəqəmsal bağlantıların inkişafı Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının müasir istiqamətlərindən birini təşkil edir.

Əgər qədim İpək Yolu Şərqlə Qərbi karvanlar vasitəsilə birləşdirirdisə, müasir rəqəmsal yollar bu əlaqəni informasiya və texnologiyalar vasitəsilə davam etdirir. Bu gün fiber-optik xətt XXI əsrin karvan yoludur. Qədim karvanlar malları və mədəniyyətləri daşıdığı kimi, rəqəmsal şəbəkələr də məlumatı, biliyi və yeni iqtisadi imkanları bir məkandan digərinə ötürür.
İlham Əliyevin regional siyasətində energetika məsələsi də xüsusi yer tutur. Azərbaycan uzun illər ərzində öz enerji potensialını beynəlxalq bazarlara çıxarmaqla yanaşı, Mərkəzi Asiyanın enerji resurslarının dünya bazarlarına çatdırılmasında da mühüm tranzit rolunu gücləndirib. Hazırda Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqli həyata keçirilir və bu daşımaların həcmi artır. Lakin burada daha maraqlı məqam enerjinin gələcəyinə baxışdır.

Azərbaycan artıq yalnız ənənəvi enerji marşrutlarının iştirakçısı olmaqla kifayətlənmir. O, bərpaolunan enerjinin regional sistemə inteqrasiyasının təşəbbüskarlarından biri kimi çıxış edir. Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması istiqamətində aparılan işlər bunun göstəricisidir. Bu, siyasi baxımdan da əhəmiyyətlidir. Çünki enerji siyasətinin mahiyyəti dəyişir. Dünən neft və qaz əsas siyasi və iqtisadi resurs idisə, sabah enerji sistemlərinin bir-birinə bağlanması, yaşıl enerjinin ötürülməsi və yeni texnologiyalar eyni əhəmiyyəti daşıya bilər. Azərbaycanın bu prosesə indidən daxil olması Prezident İlham Əliyevin regional siyasətində gələcəyə hesablanan istiqamətin olduğunu göstərən faktlardan biridir.

Mərkəzi Asiyanın geosiyasi əhəmiyyəti artdıqca regiona müxtəlif güclərin marağı da artır. Azərbaycan Mərkəzi Asiya ilə əməkdaşlığı nəqliyyat, enerji, investisiya, ticarət, rəqəmsal bağlantılar və humanitar əlaqələr üzərindən genişləndirir. Bu yanaşmada əsas fikir kiminsə əleyhinə olmaq deyil, Azərbaycanın özünün və tərəfdaşlarının imkanlarını artırmaqdır. Bu, müasir geosiyasətin daha mürəkkəb, amma daha dayanıqlı modelidir.

Cənab Prezidentin Türkmənbaşıdakı çıxışında diqqəti çəkən başqa bir fikir də sülh, təhlükəsizlik və sabitliyin bütün regional nailiyyətlərin təməli kimi təqdim edilməsidir. Əslində bu fikir onun regional siyasətinin iqtisadi məntiqini də tamamlayır. Çünki dəhliz yalnız sabitlik olduqda işləyir. Liman yalnız təhlükəsizlik olduqda səmərəli olur. İnvestor yalnız sabahın necə olacağını təsəvvür edə bildikdə uzunmüddətli qərar verir. Enerji xətti siyasi risklərin minimum olduğu mühitdə etibarlı olur. Deməli, sülh burada yalnız diplomatik termin deyil. Sülh həm də iqtisadi infrastrukturun görünməyən hissəsidir.

Bu fəlsəfə Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir. Çünki son illərdə ölkənin xarici siyasəti yalnız mövcud problemlərin həllinə deyil, müharibədən sonrakı regional reallığın iqtisadi və siyasi imkanlara çevrilməsinə də yönəlib.

İlham Əliyevin Mərkəzi Asiya siyasətinə daha geniş prizmadan baxdıqda bir nəticə ortaya çıxır: Azərbaycanın regiondakı rolu təkcə diplomatik münasibətlərin genişlənməsi ilə ölçülmür. Azərbaycanın Mərkəzi Asiya ilə siyasi yaxınlaşması, nəqliyyat bağlantıları, enerji əməkdaşlığı, investisiya fondları, azad edilmiş ərazilərin bərpasında qardaş ölkələrin iştirakı və nəhayət, Azərbaycanın bu formatın tamhüquqlu iştirakçısına çevrilməsi bir-birindən ayrı hadisələri ifadə etmir. Bunlar eyni siyasi xəttin müxtəlif istiqamətləridir. Bu xəttin mərkəzində isə Azərbaycan Prezidentinin uzunmüddətli yanaşması dayanır. Ölkənin coğrafi mövqeyini real siyasi, iqtisadi və nəqliyyat üstünlüklərinə çevirmək.

Fəlsəfi baxımdan burada daha maraqlı bir məqam var. Xəritə dəyişmir, amma xəritənin mənası dəyişir. Xəzər yenə Xəzərdir. Azərbaycan yenə Xəzərin qərb sahilindədir. Mərkəzi Asiya yenə onun şərqində yerləşir. Amma bu məkanların bir-biri ilə əlaqələndirilməsi, onların arasında iqtisadi və siyasi bağların yaradılması həmin coğrafiyanın funksiyasını dəyişir. Cənab İlham Əliyevin həyata keçirdiyi regional siyasətin nəticələrini məhz bu prizmadan oxumaq daha doğru olardı.

Azərbaycan artıq Mərkəzi Asiyaya yalnız qonşu və dost region kimi baxmır. Mərkəzi Asiya Azərbaycanın geosiyasi, geoiqtisadi və nəqliyyat strategiyasının mühüm istiqamətlərindən birinə çevrilib. 2027-ci ildə Məşvərət görüşünə Azərbaycanın ilk dəfə sədrliyi isə bu prosesin növbəti mərhələsinə keçdiyini göstərir. Görüşdə Qırğızıstan və Özbəkistan prezidentləri də Azərbaycanın sədrliyini ayrıca təbrik edərək bunun əməkdaşlığa yeni təkan verəcəyinə dair fikirlər səsləndiriblər.

Cənab İlham Əliyevin Mərkəzi Asiya siyasətinin mahiyyətini bir cümlə ilə ifadə etmək lazım gəlsə, bunu belə demək olar: Azərbaycanın coğrafi mövqeyini regional siyasi təsirə, regional siyasi təsiri isə uzunmüddətli iqtisadi və strateji bağlantılara çevirmək.

Bu proses hələ başa çatmayıb. Əksinə, Türkmənbaşı görüşü onun yeni mərhələsinin başlanğıcı kimi görünür. Azərbaycanın qarşısında dayanan əsas məsələ, yaradılmış siyasi etimadı real iqtisadi layihələrə, nəqliyyat imkanlarını daha güclü regional sistemə, enerji əməkdaşlığını yaşıl gələcəyə və diplomatik yaxınlığı xalqlar arasında daha dərin əlaqələrə çevirməkdir. Bu mənzərənin mərkəzində Xəzərin siyasi imkanlarını görən və həmin imkanları konkret dövlət siyasətinə çevirən Azərbaycanın rəhbərliyi dayanır.

Rövşən Əliyev
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-10-2026