Mobil versiya
"Özəl iqlim maliyyəsinin 66 faizi ortagəlirli ölkələrə yönəlib" - Muxtar Babayev
Tarix: 07-09-2026 | Saat: 11:50
Bölmə:Siyasət | çapa göndər

"Özəl iqlim maliyyəsinin 66 faizi ortagəlirli ölkələrə yönəlib" -

Bakıdan Beləmə, Beləmdən isə COP31-ə doğru irəlilədikcə beynəlxalq iqlim prosesi daha mürəkkəb mərhələyə qədəm qoyur. Geosiyasi rəqabət güclənir, iqtisadi təzyiqlər artır, etimad azalır. Hökumətlər təhlükəsizlik məsələləri, ticarət gərginlikləri, sənaye rəqabəti, enerji təhlükəsizliyi və dövlət maliyyəsinə artan təzyiqlərlə üzləşir.

aia.az xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 çərçivəsində keçirilən "Bakıdan COP31-ə: Parçalanmış dünyada dinamikanın saxlanılması" mövzusunda panel sessiyadakı çıxışı zamanı Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev deyib.

Onun sözlərinə görə, iqlim siyasəti getdikcə milli iqtisadi və strateji maraqlarla daha sıx əlaqələnir: “Ölkələr gələcəyin texnologiyalarını kimin istehsal edəcəyi, kritik təchizat zəncirlərinə kimin nəzarət edəcəyi, keçidin xərclərini kimin daşıyacağı və iqlim siyasətlərinin onların rəqabət qabiliyyətini gücləndirib, yoxsa zəiflədib-zəiflətməyəcəyi ilə bağlı narahatlıq keçirir. Lakin iqlim dəyişikliyi, su qıtlığı, biomüxtəlifliyin itirilməsi və torpaqların deqradasiyası milli sərhədlərdə dayanmır. Onlar ərzaq sistemləri, təchizat zəncirləri, miqrasiya, su axınları və iqtisadi qeyri-sabitlik vasitəsilə sərhədlərarası nəticələrə səbəb olur. Parçalanmış dünya bir-biri ilə sıx əlaqəli iqlim böhranını effektiv şəkildə idarə edə bilməz”.

Muxtar Babayev bildirib ki, beynəlxalq iqlim prosesi etimaddan asılıdır: “Gözləntilər artdığı, lakin icra vasitələri buna uyğun gəlmədiyi zaman etimadı qorumaq çətinləşir. Problem yalnız maliyyənin həcmi ilə bağlı deyil. Məsələ həm də maliyyənin hara yönəldiyi və kimin ona çıxış əldə edə bilməsi ilə əlaqədardır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatlarına görə, son onillik ərzində səfərbər edilmiş özəl iqlim maliyyəsinin 66 faizi ortagəlirli ölkələrə yönəlib. Aşağıgəlirli ölkələrin payına isə cəmi 3 faiz düşüb. Bu fərq bizi ciddi şəkildə narahat etməlidir”.

"Əgər iqlim maliyyəsi ən çətin bazarlara çata bilmirsə, parçalanma azalmaq əvəzinə daha da dərinləşəcək. Eyni zamanda, ölkələrin tamamilə fərqli reallıqlarla üzləşdiyini də qəbul etməliyik. Bəzi ölkələr üçün iqlim fəaliyyəti enerji təhlükəsizliyi, rəqabət qabiliyyəti və keçidin iqtisadi xərcləri ilə sıx bağlıdır. Digərləri üçün isə iqlim təsirləri artıq əsas təhlükəsizlik probleminə çevrilib. Kiçik ada dövlətləri üçün iqlim dəyişikliyi, nəticə etibarilə, milli mövcudluq məsələsidir. Bu fərqli reallıqlar eyni beynəlxalq proses çərçivəsində öz əksini tapmalıdır. Müxtəlif başlanğıc nöqtələri kollektiv fəaliyyətə mane olmamalıdır. Biz milli şəraiti və müvafiq imkanları nəzərə almalıyıq", - deyə M.Babayev əlavə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-09-2026