Mobil versiya
İnklüziv təhsil gəlir: Azərbaycan məktəbi buna hazırdırmı?
Tarix: 31-08-2026 | Saat: 17:54
Bölmə:Özəl / Yazar7 | çapa göndər

İnklüziv təhsil gəlir: Azərbaycan məktəbi buna hazırdırmı?

2026–2027-ci tədris ilindən Azərbaycanda inklüziv təhsilin əhatə dairəsi genişləndirilir. İlk baxışdan bu, təhsil sisteminin inkişafı baxımından sevindirici xəbərdir. Amma qarşıda daha ciddi bir sual dayanır: Azərbaycan məktəbləri fərqli ehtiyacları olan uşaqları eyni sinifdə qəbul etməyə və onlara keyfiyyətli təhsil verməyə həqiqətən hazırdırmı?

Mənim cavabım birmənalıdır: xeyr, Azərbaycan məktəbləri inklüziv təhsilin genişləndirilməsinə hələ tam hazır deyil. Bu, inklüziv təhsilin özünə qarşı çıxmaq deyil. Əksinə, bu modelin həqiqətən işləməsi üçün mövcud vəziyyətə realist yanaşmaqdır. Çünki uşağı məktəbə qəbul etmək bir məsələdir, onun həmin məktəbdə digər uşaqlarla bərabər təhsil almasını təmin etmək isə tamam başqa məsələdir.

Rəsmi rəqəmlər də göstərir ki, inklüziv təhsil Azərbaycanda hələ geniş yayılmış sistem deyil. 2025–2026-cı tədris ilində ölkə üzrə 3946 ümumi təhsil müəssisəsi fəaliyyət göstərdiyi halda, inklüziv təhsil cəmi 88 məktəbdə tətbiq olunub. Həmin tədris ilində 24 məktəbdə yeni inklüziv siniflərin fəaliyyətə başlaması isə bu istiqamətdə işlərin genişləndirildiyini göstərir. Lakin 88 məktəbin təcrübəsi əsasında bütün ölkə məktəblərinin inklüziv təhsilə hazır olduğunu söyləmək mümkün deyil.

Əksinə, 2026–2027-ci tədris ili ilə bağlı Elm və Təhsil Nazirliyinin əmrində qarşıya qoyulan vəzifələr göstərir ki, hazırlıq prosesinin özü hələ davam edir. Sənəddə yeni məktəblərə xüsusi təhsil üzrə ixtisaslı kadrların cəlb edilməsi, loqopedik xidmətin təşkili, müəllimlərin xüsusi təhsil sahəsində kompetensiyalarının artırılması, təlim və mentorluq fəaliyyətlərinin həyata keçirilməsi, eləcə də məktəb infrastrukturunun uyğunlaşdırılması nəzərdə tutulur.

Burada çox sadə bir məntiq var: əgər bütün bunlara ehtiyac varsa, deməli, problem yalnız uşağın məktəbə gətirilməsindən ibarət deyil. Məktəbin özü də həmin uşağın gəlməsinə hazır vəziyyətə gətirilməlidir.

Məsələn, hərəkət məhdudiyyəti olan uşağın məktəbə daxil olması üçün pandusun olması kifayət deyil. O uşaq məktəbin bütün mərtəbələrinə çıxa bilirmi? Sinif otağına rahat gedə bilirmi? Sanitar qovşaqdan müstəqil istifadə edə bilirmi? Məktəbin ümumi mühiti onun üçün əlçatandırmı? Əgər bunların cavabı mənfidirsə, onda uşağın məktəbə qəbul edilməsi formal xarakter daşıyacaq.

İnklüzivlik yalnız fiziki maneələrin aradan qaldırılması da deyil. Bəlkə daha böyük problem sinif otağının içərisində başlayır. Təsəvvür edək ki, bir müəllimin qarşısında 25–30 şagird var. Onların hər birinin öz xarakteri, qavrama səviyyəsi və öyrənmə tempi mövcuddur. İndi həmin sinfə xüsusi təhsil ehtiyacı olan bir və ya bir neçə uşaq da əlavə olunur. Müəllim bütün şagirdlərə eyni vaxtda necə çatacaq?

Bir uşağın diqqətini toplamaq, ona tapşırığı fərqli formada izah etmək, dərs materialını uyğunlaşdırmaq üçün əlavə vaxt tələb oluna bilər. Müəllim həmin uşağa diqqət ayırarkən digər şagirdlərin tədris prosesindən geri qalmaması da təmin edilməlidir. Buna görə inklüziv təhsil müəllimdən sadəcə pedaqoji bilik deyil, xüsusi hazırlıq və yeni iş metodları tələb edir.

Məhz buna görə müəllimlərin xüsusi təhsil sahəsində kompetensiyalarının artırılması vacibdir. Amma burada da bir incə məqam var. Müəllimi təlimə göndərmək başqa şeydir, onu inklüziv sinifdə real mütəxəssis dəstəyi ilə təmin etmək tamam başqa. Müəllim bu yükü təkbaşına daşımalı deyil.

İnklüziv sinifdə xüsusi pedaqoqun, psixoloqun, loqopedin və ehtiyacdan asılı olaraq digər mütəxəssislərin iştirakı mühüm əhəmiyyət daşıyır. Nitq problemi olan uşağın ehtiyacını yalnız sinif müəlliminin imkanları ilə qarşılamaq hər zaman mümkün olmaya bilər. Eyni vəziyyət autizm spektrində olan, eşitmə və ya görmə məhdudiyyəti yaşayan və digər xüsusi təhsil ehtiyacları olan uşaqlara da aiddir.

Ona görə də məktəbdə inklüziv sinfin yaradılması hələ işin tamamlanması demək deyil. Əsas sual bundan sonra başlayır:bu sinifdə uşağa kim və necə dəstək verəcək?

Məsələnin daha bir tərəfi isə sinif yoldaşları və valideynlərdir. Xüsusi ehtiyacı olan uşağın məktəbə gəlməsi təkcə müəllimin işini dəyişmir, sinif kollektivinin münasibətlərinə də təsir göstərir. Digər uşaqlar onun fərqli davranışlarını başa düşməlidirlər. Valideynlər də inklüzivliyin mahiyyətini qəbul etməlidirlər. Əks halda uşaq fiziki olaraq sinifdə olsa da, sosial baxımdan həmin kollektivdən kənarda qala bilər.

Bu baxımdan inklüzivliyin qarşısındakı ən böyük maneələrdən biri bəzən məktəbin divarları deyil, cəmiyyətin münasibətidir. Uşağın fərqliliyini problem kimi görmək əvəzinə onu həyatın və məktəbin təbii bir hissəsi kimi qəbul etməyi öyrənməliyik.

Digər ciddi məsələ tədris proqramı və qiymətləndirmədir. Eyni sinifdə oxuyan bütün uşaqlardan eyni nəticəni eyni üsulla tələb etmək nə dərəcədə ədalətlidir? İnklüziv təhsilin məqsədi fərqli imkanları olan uşaqları mövcud standartın içinə zorla yerləşdirmək deyil. Məktəb müəyyən hallarda tədris materialını, yanaşmanı və qiymətləndirmə üsulunu uşağın ehtiyaclarına uyğunlaşdırmağı bacarmalıdır.

Bakıdakı təcrübə müəyyən mənada bu istiqamətdə artıq real baza formalaşdığını göstərir. 2025–2026-cı tədris ilində paytaxtda 41 təhsil müəssisəsində inklüziv siniflər fəaliyyət göstərib və həmin siniflərə 267 şagird cəlb olunub. Bu, artıq müəyyən təcrübənin toplandığını göstərir. İndi əsas məsələ həmin təcrübədən nəticə çıxarmaq, hansı problemlərin yarandığını müəyyənləşdirmək və yeni məktəblərin eyni çətinlikləri təkrar etməsinə imkan verməməkdir.

Əslində, inklüziv təhsilin uğurunu məktəblərin sayı ilə ölçmək də doğru olmaz. “Neçə məktəbdə inklüziv sinif yaradılıb?” sualından daha vacib sual var: həmin məktəblərdə neçə uşaq həqiqətən keyfiyyətli təhsil ala bilir?

Bir uşağın əlil arabası ilə məktəbə daxil ola bilməsi vacibdir, amma bu, kifayət deyil. Onun sinfə rahat daxil olması vacibdir, amma bu da kifayət deyil. Müəllimin ona dərs keçməsi vacibdir, amma yenə də bu, kifayət deyil. Əsas məsələ uşağın bütün bunlardan sonra özünü həmin məktəbin bərabərhüquqlu üzvü kimi hiss edib-etməməsidir.

Əgər uşaq məktəbdə fiziki olaraq var, amma dərsi mənimsəyə bilmir, müəllim onun ehtiyacına uyğunlaşa bilmir, xüsusi mütəxəssis dəstəyi yoxdur, sinif yoldaşları onu qəbul etmir və valideyn hər gün yeni bir problemlə üzləşirsə, onda biz inklüziv təhsildən deyil, sadəcə uşağın məktəbə gətirilməsindən danışa bilərik.

2026–2027-ci tədris ilindən inklüziv təhsilin genişləndirilməsi, şübhəsiz ki, doğru istiqamətdə atılan addımdır. Dövlət səviyyəsində bunun üçün hüquqi və təşkilati mexanizmlər yaradılır, yeni məktəblər müəyyənləşdirilir, müəllim hazırlığı, xüsusi mütəxəssislərin cəlbi və infrastrukturun uyğunlaşdırılması qarşıya vəzifə kimi qoyulur. Bütün bunlar müsbət başlanğıcdır.

Amma başlanğıcın müsbət olması hələ sistemin tam hazır olması demək deyil.

Məncə, Azərbaycan məktəbi inklüziv təhsilə keçməyə başlayacaq qədər hazırdır, amma onu bütün məktəblərdə yüksək keyfiyyətlə həyata keçirəcək qədər hazır deyil. Qarşıda görüləsi işlər kifayət qədərdir. Əsas məsələ də elə budur: uşaqları mövcud məktəbə uyğunlaşdırmaq yox, məktəbi bütün uşaqlar üçün uyğunlaşdırmaq.

Çünki inklüziv təhsilin ən böyük göstəricisi məktəbin hesabatında yazılan rəqəm deyil. Ən doğru cavabı sinif otağında oturan uşaq verəcək.

Əgər həmin uşaq məktəbdə özünü digərlərindən fərqli yox, “mən də bu məktəbin bir parçasıyam”“ kimi hiss edirsə, onda inklüziv təhsil həqiqətən məqsədinə çatıb. Əks halda isə qarşıda hələ çox yol var.

Şəmsi Qoca



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-08-2026