Mobil versiya
Avrasiyada "Böyük Depressiya dövrü" başlayır: TDT Orta Asiyada Rusiya və Çinin əsarət sistemini dağıdır
Tarix: 14-06-2026 | Saat: 22:03
Bölmə:Ölkə | çapa göndər

Avrasiyada "Böyük Depressiya dövrü" başlayır: TDT Orta Asiyada Rusiya və Çinin əsarət sistemini dağıdır


Əgər, Orta Dəhliz üzrə layihələr genişlənərsə, infrastruktur imkanları artırılarsa və Türk dövlətləri arasında koordinasiya daha da güclənərsə, TDT Avrasiyanın ən önəmli geoiqtisadi mərkəzlərindən biri kimi ön plana keçə bilər... Çünki Türk dünyası çərçivəsində formalaşmaqda olan yeni əməkdaşlıq modeli sadəcə, regional təşəbbüs deyil, bu proses Avrasiyanın gələcək güc balansında TDT faktorunun daha görünən və təsirli aktora çevrilməsinin sadəcə, başlanğıcıdır...
Türk dünyasının yeni sürətli yüksəlişi, Türk Dövlətləri Təşkilatının mərkəzləşməsi və Orta Dəhliz faktorı Avrasiyanın geopolitik xəritəsini ciddi şəkildə dəyişməyə başlayıb. Yəni, son illərdə Avrasiya məkanında cərəyan edən radikal geopolitik proseslər yeni qlobal güc mərkəzlərinin formalaşmasına da səbəb olur. Bu baxımdan, qlobal güc balansı artıq Qərb-Rusiya rəqabəti çərçivəsindən kənara çıxaraq, daha mürəkkəb və çoxqütblü sistemə çevrilir. Buna paralel olaraq isə Türk dünyası da özünün tarixi, iqtisadi və strateji potensialını yeni formatda nümayiş etdirməyə başlayıb.

Onu da qeyd etmək lazımdır, son vaxtlar Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində baş verənlər, bu qurum daxilində yeni əməkdaşlıq arxitekturasının möhkəmlənməsi baxımından, önəmli geopolitik mesaj xarakteri daşıyır. Halbuki, çox yaxın keçmişdə Türk dünyasında inteqrasiya prosesi əsasən mədəni və humanitar yaxınlıq, ortaq tarix və dil faktorları üzərində qurulan bir layihə kimi qəbul edilirdi. Ancaq indi TDT artıq iqtisadiyyat, logistika, enerji təhlükəsizliyi, rəqəmsal texnologiyalar, müdafiə sənayesi və regional əlaqələndirmə sahələrində fəallaşan geoiqtisadi platformaya çevrilir. Və bu prosesin əsas dayaqlarından biri isə məhz Avrasiyanın yeni nəqliyyat-kommunikasiya xəritəsinin formalaşmasıdır.

Məsələ ondadır ki, Türk dünyası coğrafiyasını da əhatə edəcək Orta Dəhliz yeni qlobal ticarət arteriyasının əsas təməlini müəyyənləşdirə bilər. Dünya iqtisadiyyatında baş verən böhranlar və mövcud geopolitik qarşıdurmalar ənənəvi ticarət marşrutlarının təhlükəsizliyini və dayanıqlığını ciddi risk altında qoyub. Bu baxımdan, Rusiya üzərindən keçən Şimal marşrutuna alternativ axtarışları, Qırmızı dənizdə təhlükəsizlik problemləri və qlobal "təchizat zəncirləri"ndə radikal dəyişikliklər Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırıb.

Məsələ ondadır ki, Çin-Orta Asiya-Xəzər-Cənubi Qafqaz-Türkiyə-Avropa xəttini birləşdirən bu geostrateji marşrut yalnız nəqliyyat-kommunikasiya layihəsi deyil, həm də yeni geopolitik bağlantı modelidir. Bu baxımdan, Qazaxıstan indi xüsusi əhəmiyyətə malik ölkəyə çevrilib. Çünki Orta Asiyanın ən böyük ölkəsi olan Qazaxıstan həm Çin və Rusiya, həm də Qərb və Türk dünyası ilə sıx bağlantısı olan geostrateji mövqedə yerləşir. Və buna paralel olaraq, rəsmi Astananın Orta Dəhlizin inkişafına verdiyi önəm də Qazaxıstanın qlobal logistika sistemində rolunu artırır.

Digər tərəfdən, son vaxtlar həm geopolitik, həm də geoiqtisadi məkanda Bakı-Ankara-Astana xətti də ciddi şəkildə güclənir. Ona görə də, Orta Dəhliz layihəsinin uğur qazanmasında Azərbaycan önəmli iştirak payına malikdir. rol oynayır. Çünki Azərbaycanın coğrafi mövqeyi, Xəzəryanı region üzərindəki geoiqtisadi manevr imkanları, liman infrastrukturu və nəqliyyat-kommunikasiya layihələri onu Orta Asiya ilə Avropa qitəsi arasında əsas keçid nöqtələrindən birinə çevirir.

Ona görə də, Azərbaycan, Türkiyə və Qazaxıstan arasında genişlənməkdə olan çoxsahəli əməkdaşlıq isə indi yalnız geoiqtisadi deyil, həm də geostrateji xarakter daşıyır. Çünki bu üç Türk dövlətinin sıx əməkdaşlığı faktiki olaraq, Xəzəryanı region ətrafında yeni geoiqtisadi məkanın formalaşmasına səbəb olur. Və bu önəmli geoiqtisadi məkan Avropa və Asiya qitələri arasında körpü rolunu oynamaqla yanaşı, həm də digər region ölkələrinin də qlobal proseslərdə daha fəal iştirakına geniş imkanlar yaradır.

Maraqlıdır ki, qlobal məkanda tədricən avanqard dövlət statusu qazanmaqda olan Türkiyə isə son illərdə Cənubi Qafqazla yanaşı, Orta Asiya siyasətini də daha sistemli şəkildə genişləndirir. Rəsmi Ankara bu regionda Türkiyənin geopolitik təsirini yalnız siyasi əlaqələrlə deyil, həm də birbaşa investisiyalar, təhsil proqramları, müdafiə sənayesi, enerji və nəqliyyat-kommunikasiya layihələri üzərindən artırmağa çalışır.

Təbii ki, hazırda rəsmi Ankaranın əsas məqsədi ilk növbədə türk dövlətləri arasında sistemli əməkdaşlığı gücləndirmək və Avrasiyada Türkiyənin birbaşa bağlantı mərkəzlərindən biri kimi, mövqeyini mümkün qədər möhkəmləndirməkdən ibarətdir. Xüsusilə də son vaxtlar TDT-yə üzv ölkələr arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq artıq yeni mərhələyə daxil olub. Və Türkiyə istehsalı olan texnologiyalara region ölkələrinin marağının ciddi şəkildə artması rəsmi Ankara üçün əlavə geostrateji manevr imkanları yaradır.

Onu da nəzərə almaq lazımdır ki, Türk dünyasının yüksəlişi birmənalı şəkildə Rusiya və Çin kimi, böyük güclərin maraqları ilə də kəskin ziddiyyət təşkil edir. Çünki Orta Asiya tarixən həmişə Rusiyanın təsir dairəsində olub, Çin isə son illərdə iqtisadi layihələr vasitəsilə bu regionda öz geopolitik mövqelərini ciddi şəkildə gücləndirib. Bu baxımdan, TDT çərçivəsində inkişaf edən çoxsahəli əməkdaşlıq Rusiya və Çin tərəfindən böyük narahatlıqla qarşılanır.


Halbuki, TDT çərçivəsində genişlənən əməkdaşlıq hələlik daha çox region ölkələrinin böyük güclər arasında balans yaratmaq və öz geostrateji manevr imkanlarını genişləndirmək cəhdləri kimi görünür. Elə Rusiya və Çinlə də yaxın münasibətləri olan Qazaxıstanın hazırda yürütdüyü çoxvektorlu xarici siyasət kursu da bunun örnəyi sayıla bilər. Çünki rəsmi Astana həm Rusiya, həm Çin, həm Qərb, həm də Türk dünyası ölkələri ilə münasibətləri qorumağa çalışaraq, regional dəyişikliklərdən maksimum səviyyədə faydalanmaq istəyir.

Ancaq digər önəmli faktorlardan biri də məhz hazırda dünya iqtisadiyyatının və qlobal siyasətin yeni mərhələyə keçid etməkdə olmasıyla bağlıdır. Belə ki, yeni enerji marşrutları, nəqliyyat dəhlizləri və texnoloji üstünlük uğrunda mübarizə müasir dünya dövlətlərinin geopolitik gücünü müəyyən edən əsas amillərə çevrilməyə başlayıb. Bu şəraitdə isə TDT-nin inkişafı yalnız mədəni birlik ideyası ilə məhdudlaşmır. Əksinə, bu önəmli inteqrasiya prosesi keçmiş təşkilat artıq getdikcə geoiqtisadi və geostrateji maraqların uzlaşdırıldığı platformaya çevrilmək üzrədir.

Belə anlaşılır ki, əgər Orta Dəhliz üzrə layihələr genişlənərsə, infrastruktur imkanları artırılarsa və Türk dövlətləri arasında koordinasiya daha da güclənərsə, onda TDT Avrasiyanın ən önəmli geoiqtisadi mərkəzlərindən biri kimi ön plana keçə bilər. Çünki Bakı-Ankara-Astana xəttində formalaşmaqda olan yeni əməkdaşlıq modeli sadəcə, regional təşəbbüs deyil. Bu proses əslində, Avrasiyanın gələcək güc balansında Türk dünyası faktorunun daha görünən və təsirli aktora çevrilməsinin hələlik yalnız başlanğıcıdır.(musavat.com)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-06-2026