Mobil versiya
Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb -Fotolar
Tarix: 13-06-2026 | Saat: 16:21
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Kamboca Xalq Partiyası (KXP) Mərkəzi Komitəsi Daimi Komitəsinin üzvü, Kamboca Krallığı Senatının sədr müavini Thun Vathana ilə görüşüb.
Görüşdə coğrafi uzaqlığa baxmayaraq, Azərbaycan və Kambocanın dost ölkələr olduğu qeyd edilib, ölkələrimiz arasında mövcud olan müsbət siyasi dialoqun bir çox sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığı bildirilib.

Azərbaycan və Kambocanın BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstəyindən və tərəflər arasında mövcud olan səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin dərinləşməsində parlamentlərin rolu qeyd olunub. Milli Məclisin sədri Sahibə Qafarova özünün Kambocaya rəsmi səfərini və səfər zamanı bu ölkənin Baş naziri, Milli Assambleyanın və Senatın sədrləri ilə görüşlərini xatırladaraq, Milli Məclislə Kamboca Milli Assambleyası arasında imzalanmış Anlaşma Memorandumunun önəmini də vurğulayıb. Həmçinin, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyəti, hər iki tərəfdən nümayəndələrin Azərbaycan və Kambocada təşkil edilən tədbirlərdə iştirakı qeyd edilib. Spiker beynəlxalq parlament təşkilatlarında, xüsusilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində, həmçinin ASEAN Parlament Assambleyasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Thun Vathana Kamboca Krallığı Senatının sədri Hun Senin salamlarını Milli Məclisin sədrinə çatdırıb. Spiker Sahibə Qafarova onun da salamlarını Senatın sədrinə çatdırmağı xahiş edib.
Qonaq ölkəsinin Azərbaycanla bir çox sahələrdə, o cümlədən parlamentlər çərçivəsində əlaqələrə böyük əhəmiyyət verdiyini qeyd edib. Qonaq bu kontekstdə qarşılıqlı səfərlərin, həmçinin hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının əməkdaşlığının rolunu qeyd edib.
Görüşdə bu səfərin Yeni Azərbaycan Partiyasının Şuşada keçirəcəyi “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfransda iştirak məqsədilə həyata keçirildiyi qeyd olunaraq, ölkələrimizin siyasi partiyaları arasında da əməkdaşlığın olması müsbət qiymətləndirilib. Spiker Sahibə Qafarova tədbirdə iştirak edəcək qonaqların Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfəri zamanı orada aparılan nəhəng quruculuq işləri ilə tanış olacaqlarını da söyləyib. O, Azərbaycan torpaqlarının 30 illik işğalı və işğaldan azad edilməsi haqqında qonağa məlumat verib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-06-2026