Mobil versiya
27 illik işğaldan strateji inkişafa doğru
Tarix: 02-10-2025 | Saat: 10:40
Bölmə:Siyasət | çapa göndər

27 illik işğaldan strateji inkişafa doğru

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü Azərbaycanın Qələbə Salnaməsində həm 27 illik işğalın faciəsini, həm də Müzəffər Ordunun qətiyyətini əks etdirən müstəsna bir tarixdir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilən bu gün, Cəbrayılın strateji əhəmiyyətini, xalqımızın qəhrəmanlığını və Böyük Qayıdış proqramının miqyasını təsdiqləyir.
Cəbrayılın azad edilməsi 2020-ci il Vətən Müharibəsinin ən həlledici mərhələlərindən biri oldu. 27 sentyabrdan başlayan əks-hücum əməliyyatları nəticəsində 4 oktyabr tarixində Cəbrayıl şəhəri və ümumilikdə 90 kənd işğalçı qüvvələrdən təmizləndi. Düşmənin ərazidə qurduğu bir neçə xətdən ibarət istehkamları yarmaq Ordumuzdan böyük qəhrəmanlıq və fədakarlıq tələb etdi. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, onun strateji dəyərində idi. Cəbrayıl azad olunandan sonra Azərbaycan Ordusu Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində irəliləmək üçün geniş imkanlar qazandı. Ardınca Zəngilan, Qubadlı və Laçın dəhlizinin cənub hissəsinin azad edilməsi məhz Cəbrayıl zəfərinin birbaşa nəticəsi idi. Bu tarixi qələbənin simvolu isə Xudafərin körpüsündə Dövlət bayrağımızın ucaldılması oldu.

Lakin, Qələbəyə qədərki yol böyük itkilərlə yadda qalıb. İşğalın nəticələri Cəbrayılın maddi-mənəvi irsinə də dəhşətli zərbə vurdu. Rayona dəyən ziyan 13,928 milyard ABŞ dolları olaraq qiymətləndirilir. Erməni vandalizmi 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 150 mədəniyyət ocağı və xüsusilə də 20 mindən yuxarı eksponatı olan Tarix-Diyarşünaslıq Muzeyini dağıtdı. “Divlər Sarayı” mağarası, Xubyarlı kəndindəki 8 guşəli türbə, Çələbilər kəndindəki Məscid kompleksi və digər 132 tarixi abidə amansızcasına məhv edildi. Bu acı illər ərzində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil oldu və 6 nəfər Milli Qəhrəman adına layiq görüldü. Vətən Müharibəsində göstərilən fədakarlığa qiymət olaraq isə, 22797 hərbi qulluqçusu Prezidentin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

Cəbrayıl artıq böyük bir bərpa-quruculuq proqramının mərkəzidir. Rayonun gələcək iqtisadi inkişafının təminatçısı kimi "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının təməli qoyulub. Rayonun enerji təhlükəsizliyi "Cəbrayıl" yarımstansiyası vasitəsilə təmin edilib və SOCAR BP ilə birgə 240 MVt-lıq Günəş Elektrik Stansiyasının tikintisinə başlanılacaq. Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu və Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlqoyma mərasimi (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə) Cəbrayılın Zəngəzur dəhlizi çərçivəsində regional bir qovşağa çevriləcəyini göstərir. Prezident İlham Əliyevin çoxsaylı səfərləri zamanı Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası, Məktəbin, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən ilk yaşayış məhəlləsinin və Memorial Kompleksin təməlləri qoyulub.
Cəbrayıl Şəhəri Günü bu gün şəhidlərimizin ruhuna, zabit və əsgərlərimizin qəhrəmanlığına ehtiramın və doğma yurda qayıdışın əminliyinin təcəssümüdür.

İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-10-2025