Mobil versiya
VƏTƏN SEVGİSİYLƏ YOĞRULMUŞ ÖMÜR: MİSİR MƏRDANOVUN HƏYAT FƏLSƏFƏSİ
Tarix: 02-10-2025 | Saat: 11:33
Bölmə:Manşet / Özəl / Qərbi Azərbaycan / Yazar1 | çapa göndər

VƏTƏN SEVGİSİYLƏ YOĞRULMUŞ ÖMÜR:

Hər bir millətin tarixində o xalqın taleyinə, gələcəyinə işıq salan, zamanın sınaqlarından alnıaçıq çıxan nadir şəxsiyyətlər olur. Azərbaycan üçün belə şəxsiyyətlırdın biri də nəhəng alim və böyük insan olan Misir Cumayıl oğlu Mərdanovdur. Onun həyatı – elmi fədakarlığın, vətən sevgisinin və sarsılmaz iradənin dastanıdır. O, sadəcə bir alim deyil, zamanın sınaqlarından alnıaçıq çıxmış, xalqının taleyinə sadiq, vətən sevgisini qəlbinin ən dərin qatlarında daşıyan nəhəng ruhdur.
1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycandakı İcevan rayonunun Göyərçin kəndində, ziyalı bir ailədə dünyaya göz açan Misir Mərdanovun uşaqlıq illəri təbiətin qoynunda və zəngin bir mədəni mühitdə keçib. Bu kəndin saf suları, dağlarının ucalığı və xalqının dözümlülüyü onun ruhuna vətənə bağlılıq və milli kimlik hissini aşılayıb. O, yeddiillik təhsilini doğma yurduna yaxın Salah kənd məktəbində, onillik təhsilini isə 1964-cü ilin martına qədər qonşu Polad kənd orta məktəbində alıb. Bu illər sadəcə bilik qazanma dövrü deyil, həm də o dövrün sosial və siyasi təzyiqləri fonunda formalaşan, möhkəm iradəyə malik bir şəxsiyyətin təməllərini qoyduğu illər idi. Misir Mərdanov doğma yurdunun ruhuna necə təsir etdiyini belə dilə gətirir: “Düşünürəm ki, təməlimin möhkəmliyində məhz Kiçik Qafqaz dağlarının ətəyində yerləşən Qaraqoyunlu dərəsinin ab-havasının, torpağının, cocuqluq oylaqlarımız olan Cantəpə yaylağının bulaqlarının, suyunun, təpələrin, meşələrin böyük rolu olub”. Bu xatirələr, onun şəxsiyyətinin ən dərin qatında yurd həsrəti ilə yoğrulmuş, kövrək, lakin güclü bir insan olduğunu sübut edir.


1962-ci il. Polad kənd məktəbində

1964-cü ilin martında Bakıya gəlişi onun həyatında dönüş nöqtəsi oldu. Eksternat qaydası ilə indiki Səbail rayon 49 nömrəli orta məktəbini bitirərək, Azərbaycanın ən nüfuzlu ali təhsil ocağı olan Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə qəbul oldu. 1969-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirməsi, onun elmi fəaliyyətinin parlaq başlanğıcından xəbər verirdi. Universiteti bitirdikdən sonra təyinatla Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda pedaqoji fəaliyyətə başlayan Misir Mərdanov, həmin ilin noyabrında Azərbaycan Dövlət Universitetinin aspiranturasına qəbul edildi.


1968-ci il. BDU-nun I kursunda

Misir Mərdanovun elmi fəaliyyəti, xüsusən optimal idarəetmə nəzəriyyəsi sahəsindəki kəşfləri ilə diqqət çəkir. O, 1973-cü ildə "İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası, 1989-cu ildə isə Ukrayna Elmlər Akademiyası Riyaziyyat İnstitutunda "Gecikmələri və məhdudiyyətləri olan optimal proseslərin tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, elm sahəsindəki mövqeyini möhkəmləndirdi. O, Pontryaginin maksimum prinsipini idarəedici funksiyaya sonlu sayda gecikmə daxil olan sistemlər üçün ilk dəfə isbat etmiş, məxsusi idarəedicinin optimallığı üçün daha güclü ikinci tərtib zəruri şərtlər müəyyən etmişdir.


1974-cü il BDU-da

2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına riyaziyyat üzrə müxbir üzv seçilmiş Misir Mərdanov, riyaziyyata aid beş monoqrafiyanın, 150-dən çox elmi məqalənin və orta məktəblər üçün 20 dərslik və dərs vəsaitinin müəllifidir. Onun pedaqoji fəaliyyəti də elmi uğurları qədər zəngindir. O, Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti, Türk dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidenti və bir çox elmi jurnalların redaksiya heyətinin üzvüdür. Misir müəllim hazırda Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru kimi fəaliyyətini davam etdirir, gənclik enerjisi ilə çoxlarına nümunə olacaq səviyyədə fəaliyyət göstərir, sosial şəbəkələrdə fəal iştirak edir, görkəmli alimlər haqqında dəyərli fikirləri, məqalələri və publisistik yazıları ilə izləyicilərinin görüşünə gəlir.


1997-ci il

Misir Mərdanovun ictimai-siyasi fəaliyyəti də elmi uğurları qədər zəngindir. 1998-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsindəki fəaliyyəti Azərbaycanın təhsil sistemində köklü islahatların aparıldığı, yeni dərsliklərin və tədris proqramlarının tətbiq edildiyi, Bolonya prosesinə qoşulmaq üçün zəmin yaradıldığı bir dövr idi. O, nazir postunda olduğu müddətdə ən çox sevilən, eyni zamanda ən çox tənqid olunan təhsil naziri olaraq yaddaşlarda qalıb. Lakin Misir müəllim həmişə mətbuata açıq bir şəxsiyyət olduğundan bu tənqidlərdən qətiyyən sarsılmadı, əksinə, cəmiyyətin bütün təbəqələrindən gələn fikirlər onu daha da qətiyyətli və əzmkar etdi. O, təhsil sistemində şəffaf imtahan mexanizmlərinin qurulmasına, ali təhsilin beynəlxalq standartlara uyğunlaşdırılmasına xüsusi diqqət yetirmişdir.

15.09.2009. Elitar Gimnaziyada


2017-ci il. AMEA-da

Misir Mərdanov təhsilin bir millətin gələcəyi olduğunu hər zaman vurğulamışdır. Misir Mərdanov üçün ən ağır itki yurd itkisidir. 2001-ci ildə Qərbi Azərbaycana səfər edərkən İrəvanda o zamankı prezidentdən böyüyüb başa çatdığı Salah kəndinə getmək istədiyini xahiş etdi. Bu xahiş qəbul olundu və o, uzun illərdən sonra doğma kəndinə qonaq kimi döndü. Həyətində gəzir, uşaqlıqda "kəşf etdiyi" bulaqdan su içir, babasının və nənəsinin qəbirlərini ziyarət edir. Düşmənin yanında kövrəlməyə macal tapmasa da, Bakıya qayıdanda ailəsi ilə videolara baxarkən dərindən təsirlənirlər. Atası rəhmətə gedəndə, Salahdan gətirdiyi torpağı onun qəbrinin üstünə səpdi. Mərdanovun sözlərinə görə, yurd itkisi bütün itkilərin ən çətinidir. Bu ağrılı xatirə hər bir azərbaycanlının qəlbindəki yaradır.


Bu dünyada hər yaxşıdan yaxşıdır, Yaxşı oğul yaxşı ata yerində. (Hüseyn Arif)

Misir müəllim üçün yurd həsrəti təkcə xatirələrdə deyil, həm də ruhunun dərinliklərində, sənətin, sözün yaddaşında yaşayır. O, saza, sözə bağlı adamdır. Doğulduğu, böyüdüyü Qaraqoyunlu dərəsi, Göyərçin kəndi onun üçün sazda, sözdə yaşayır. Sazın telləri dilə gələndə, qədim havalar çalınanda onun ruhu xəyalən o dağlara, dərələrə, yurd yerlərinə qanadlanır. Misir müəllim təkcə akademik və dövlət xadimi deyil, həm də milli vətənpərvər olaraq Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri kimi, millətimizin dağılmış torpaqlarına, həsrət dolu yurd yerlərinə qəlbində sonsuz məhəbbət bəsləyir. O, bu yurdun həsrətini sözə, sənətə, elmi fəaliyyətinə çevirir. Misir müəllim bir ağsaqqal kimi xalqını sevir, milli yaddaşımızı qoruyur.


2024-cüil. ETN-in Mexanika və Riyaziyyat institutunda

Misir Mərdanov "525-ci qəzet"ə verdiyi müsahibələrdə öz tərbiyəsinin təməl prinsiplərini açıqlayır. O, uşaqların tərbiyəsində valideynlərin nümunəvi davranışının əsas rol oynadığını vurğulayır. “Biz gözümüzü açandan atamın və anamın öz valideynlərinə və bizə, uşaqlarına olan münasibətlərinin fonunda tərbiyə edilmişik”, – deyən Misir müəllim, normal ailənin cəmiyyətdəki uğurlu fəaliyyətin təməli olduğunu hesab edir.
Misir Mərdanovun zəngin həyat yolu, elmi tədqiqatları, təhsilə verdiyi töhfələr, ailəsinə və vətəninə olan dərin bağlılığı, onu Azərbaycanın görkəmli ziyalıları sırasına daxil edir. O, həm böyük alim, həm islahatçı nazir, həm də vətənə sadiq bir ziyalı olaraq xalqının qəlbində hər zaman yaşayacaqdır. Onun zəhməti, elmi tədqiqatları və vətənə xidmətləri gələcək nəsillər üçün ilham mənbəyi və nümunə olaraq qalacaqdır.


Nəvələrlə həyat daha gözəldir

Misir müəllimin xidmətləri, zəngin fəaliyyəti hər zaman yüksək qiymətləndirilmişdir. O, 2000-ci ildə elm və təhsil sahəsindəki nailiyyətlərinə görə Prezident tərəfindən "Əməkdar elm xadimi" fəxri adına, 2006-cı ildə isə "Şöhrət" ordeninə layiq görülmüşdür. 2011-ci ildə Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə Dağıstan Respublikası Prezidentinin sərəncamına əsasən "Dağıstan Respublikasının Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.
Bundan əlavə 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)", 2021-ci ildə "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)", 2023-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" Azərbaycan Respublikasının yubiley medalları, 2021-ci ildə isə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Misir müəllimin publisistikası səmimiyyət və ədalət simvolu kimi dəyərləndiriləcək səviyyədədir. Sabah- oktyabrın 3-də bu dəyərli şəxsiyyətin 79 yaşı tamam olacaqdır. Misir müəllimi bu əlamətdar yubiley münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və elmi-ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Ümid edirik ki, Qərbi Azərbaycanın bu müdrik, ağsaqqal, alim, vətəndaş oğlunu 80 yaşında da onu eyni gənclik enerjisi və yorulmaz ruhla təbrik edəcəyik.

ŞƏMSİ QOCA



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-10-2025