Mobil versiya
Novruzəli Aslanov: “Zəngəzur dəhlizinin təhlükəsizliyi beynəlxalq səviyyədə təmin olunmalıdır”
Tarix: 28-08-2025 | Saat: 10:57
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Novruzəli Aslanov: “Zəngəzur dəhlizinin təhlükəsizliyi beynəlxalq səviyyədə təmin olunmalıdır”

“Ölkə Prezidenti cənab İlham Əliyevin Səudiyyə Ərəbistanının Əl-Ərəbiyyə telekanalına verdiyi müsahibəsində təkcə Azərbaycanın deyil, həm də bütün Cənubi Qafqazın gələcəyinə təsiri baxımdan mühüm əhəmiyyət kəsb edən bir çox məqamlar barədə açıqlamalar yer almışdr. Əlbəttə ki, bu gün Orta Dəhlizin Azərbaycandan keçən ikinci qolu olacaq Zəngəzur dəhlizinin açılması məsələsi dünyanın və ən çox da bu layihənin reallaşmasında birbaşa maraqlı olan Avrasiya məkanı ölkələrinin siyasi kuluarlarında, bir çox hallarda isə həm də geniş ictimaiyyət arasında çox müzakirə olunan mövzulardan biridir. Əl-Ərəbiyyə müxbirinin layihənin Ermənistan ərazisindən keçən hissəsinin amerikalı investorlar tərəfindən maliyyələşdiriləcəyinə dair sualını cavablandıran cənab Prezident bunu istisna etmədiyini bildirsə də, eyni zamanda Azərbaycan üçün bu məqamın elə də böyük önəm kəsb etmədiyini diqqətə çatdırdı. Əlbəttə ki, bu layihənin reallaşması zamanı nəzərə alınmalı olacaq ən mühüm məsələ təhlükəsizliklə bağlıdır. Dövlət başçımızın dediyi kimi, azərbaycanlıların Naxçıvandan ölkənin əsas hissəsinə və geri səyahət edərkən uzun illər davam etmiş düşmənçiliyi nəzərə alaraq, narahatlıq hiss etməmələri ən vacib şərtdir. Bunun üçün isə mütləq beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Sadəcə Ermənistanın verdiyi zəmanətlər əlbəttə ki, kifayət edə bilməz. ABŞ Prezidentinin və onun administrasiyasının bu qanuni narahatlığı doğru şəkildə qəbul etmələri bunun nəticəsində “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” – TRIPP layihəsi meydana gəldi və bu, çox yaxın zamanda dəhlizin açılacağını əminliklə deməyə əsas verir.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Fikirlərini davam etdirən millət vəkili TRIPP layihəsinin beynəlxalq əhəmiyyətini də xüsusi vurğulayıb: “Cənab Prezident İlham Əliyev layihə ilə bağlı daha bir mühüm məqamı diqqət mərkəzinə çəkərək bildirdi ki, bu dəhliz sadəcə Azərbaycanın iki hissəsini birləşdirmək funksiyası daşımayacaq. Belə ki, bu dəhliz hazırda Asiyadan Xəzər dənizi üzərindən keçməklə Azərbaycandan Gürcüstana, Türkiyəyə və sonra Avropaya, həmçinin Gürcüstan limanlarına çıxan yeganə yola alternativ olacaq. Başqa sözlə desək, Orta Dəhlizin Asiyanı Avropaya Azərbaycanın ərazisindən keçməklə birləşdirən daha bir qolu açılacaq. İkinci dəhlizin Ermənistan ərazisindən keçməsi isə bu ölkəyə indiyə qədər görmədiyi dividendlər qazandıracaq. Nəticə olaraq tranzit ölkəyə çevrilmək şansını əldə edən Ermənistan nəqliyyatdan tranzit haqqı əldə edəcək. Zəngəzur dəhlizi isə, dövlət başçımızın dediyi kimi, qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq.”

Daha sonra deputat Azərbaycan-İran əlaqələrinin mövcud durumuna dair ölkə Prezidentinin müsahibəsində yer almış açıqlamalara münasibət bildirib: “Məlumdur ki, Zəngəzur dəhlizinin açılması mövzusunun ən çox müzakirə olunduğu ölkələrdən biri məhz İrandır. Təəssüflər olsun ki, bu ölkənin müəyyən siyasi dairələrində dəhlizin açılmasına qarşı olan mövqelər sərgilənir. Lakin bu məsələyə dair açıqlama verən cənab Prezident İlham Əliyev bildirdi ki, İranın yeni hadisələrlə bağlı rəsmi mövqeyi kifayət qədər əsaslı və çox müsbət hesab edilir. Məsələ bundadır ki, bir ölkənin rəsmi mövqeyi onun Prezidentinin, xarici işlər nazirinin mövqeyi ilə müəyyən edilir. Azərbaycan da öz siyasətini İran xalqı tərəfindən seçilən və öz vəzifəsini yerinə yetirmək səlahiyyətinə malik olan Prezidentin mövqeyinə əsasən qurur” – deyə, Novruzəli Aslanov fikirlərini başa çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-08-2025