Mobil versiya
Millət vəkili Məşhur Məmmədov: “Şəhid ailələri dövlətə və bizlərə əmanətdir” -Fotolar
Tarix: 24-05-2025 | Saat: 21:00
Bölmə:Ölkə | çapa göndər

Millət vəkili Məşhur Məmmədov: “Şəhid ailələri dövlətə və bizlərə əmanətdir”

Azərbaycanın qəhrəman övladlarının, şəhidlərimizin xatirəsi daim xalqımızın qəlbində yaşayır. Onların ailələrinə olan diqqət və qayğı isə dövlətimizin əsas prioritetlərindəndir. Bu baxımdan millət vəkili Məşhur Məmmədovun Viləş kəndinə etdiyi səfər, şəhid ailəsi ilə görüşü böyük mənəvi dəyər daşıyır.

Millət vəkili Viləş kəndində iki igid şəhidimiz – İntiqam və Nurlan Bayramlı qardaşlarının ailəsini ziyarət edib, onların şərəfli həyat yolunu əks etdirən ev muzeyinə baş çəkib. Bu evdə Vətənə fədakarlıqla xidmət etmiş iki qəhrəman övlad böyüyüb – biri 2016-cı ilin Aprel döyüşlərində, digəri isə 2020-ci il Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. Bayramlılar ailəsi Azərbaycanın igidlik və vətənpərvərlik simvoluna çevrilib.

Millət vəkili Məşhur Məmmədovun şəhidlərin valideynləri – Ziba xanım və Bayram müəllimlə görüşü son dərəcə emosional və təsirli keçib. Ziba xanımın dediyi sözlər – “Övladlarını Vətənə fəda edən bir ailə üçün evinə edilən ziyarətlər həm qürur, həm sevinc, həm də kədərli günlərdir” – hər bir vətənsevərin yaddaşında dərin iz buraxacaq qədər mənalı və düşündürücüdür.

Qürur, fəxarət və eyni zamanda hüzn dolu ev muzeyi adlandırmaq olar Bayramlılar ailəsinin evində yaradılan muzey guşəsini. Ora həm ziyarətçilər, həm də gənc nəslin nümayəndələri üçün əsl qəhrəmanlıq məktəbidir. Muzeydə şəhid qardaşların şəxsi əşyaları, hərbi geyimləri, medalları, fotoları və onlara aid xatirə əşyaları nümayiş olunur. Bu guşədə vətənpərvərlik, fədakarlıq və igidlik bir abidə kimi yaşayır.

Millət vəkili Məşhur Məmmədov bildirib ki, Azərbaycanın əldə etdiyi Qələbə şəhidlərin qanı və canı bahasına qazanılıb. “Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizə borcluyuq. Bu gün onların ailələrinə göstərilən hər bir diqqət, hər bir ziyarət həm mənəvi borcumuzun, həm də dövlətimizin ali vətəndaşlıq mövqeyinin təzahürüdür,” – deyə o qeyd edib.
Millət vəkili çıxışı zamanı xüsusi vurğulayıb: “Qələbəmizin ən böyük təbriki şəhid analarına düşür. Onların övladları bu torpaqları düşmən tapdağından azad etdi, xalqımıza qürur və fəxarət hissini yaşatdı. Ziba xanım, sizə dərin ehtiramımızı bildiririk!”

Sonda millət vəkili şəhid qardaşların ruhu qarşısında baş əyərək, onların ailəsinə uzun ömür, möhkəm səbir, sağlamlıq və firavan həyat arzulayıb. “Şəhid ailələri bizə əmanətdir. Bu əmanətə daim sahib çıxacağıq,” – deyə o vurğulayıb.

Bu ziyarət bir daha göstərdi ki, şəhidlərin əziz xatirəsi unudulmur, onların ailələri hər zaman dövlətin və millət vəkillərinin diqqətindədir. Belə görüşlər, bu cür ev muzeyləri və şəhidlərimizin təbliği gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025