Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin iclası keçirilib Yenilənib-Foto
Tarix: 23-05-2025 | Saat: 18:33
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Mayın 23-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclası açan parlamentin spikeri deyib ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti mayın 19-da və 20-də İspaniya Krallığında rəsmi səfərdə olub. Səfər çərçivəsində İspaniya Parlamenti Senatının sədri Pedro Rollan və Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə ayrılıqda görüşlər keçirilib.
Spiker Sahibə Qafarova qeyd edib ki, həmkarlarla söhbətlər zamanı Azərbaycan–İspaniya münasibətlərinin indiki vəziyyətindən, o cümlədən iqtisadi sahədə əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə olunub. Siyasi əlaqələrin inkişafında müsbət dinamikanın müşahidə olunduğu diqqətə çatdırılıb. Bakıda keçirilmiş COP29 Konfransında İspaniya Hökumətinin sədri Pedro Sançezin və parlament üzvlərinin Azərbaycana səfərlərinin əhəmiyyəti qeyd olunub.
Bildirilib ki, görüşlər çərçivəsində parlamentlər arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi diqqətə çatdırılıb.
Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Təhsil, mədəniyyət sahələrində əlaqələrin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığı vurğulanıb.
Diqqətə çatdırılıb ki, görüşlərdə Cənubi Qafqazda mövcud vəziyyət barədə danışılıb. Azərbaycan–Ermənistan normallaşma prosesi, iki ölkə arasında mövcud olmuş münaqişənin tarixi, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan tikinti-quruculuq işləri barədə həmsöhbətlərə geniş məlumat verilib.
Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Spiker Sahibə Qafarova İspaniyaya rəsmi səfərin uğurlu olduğunu qeyd edib və bununla əlaqədar nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirib.
Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə komitə sədri Fazil Mustafa, deputatlar Nizami Səfərov, Sahib Alıyev, Əziz Ələkbərov, Elnarə Akimova, Elman Nəsirov, Kamran Bayramov, Azay Quliyev, Vüqar Bayramov, Tural Gəncəliyev çıxış ediblər.
Deputatlar Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Macarıstana işgüzar səfərinin, bu səfər çərçivəsində Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakının, dövlət başçımızın bu önəmli tədbirdə səsləndirdiyi fikirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Bu görüşün türk dünyasının gücünü, potensial imkanlarını nümayiş etdirdiyini bildiriblər. Habelə, təşkilata üzv ölkələr arasında münasibətlərin möhkəmləndirilməsinin, iqtisadi əməkdaşlığın dərinləşməsinin, türk dövlətləri arasında strateji tərəfdaşlığın, regional inteqrasiyanın daha da gücləndirilməsinin vacibliyindən söhbət açıblar. Deputatlar ölkə Prezidentinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın geosiyasi mövqeyinin daha da gücləndiyini, ölkəmizin regional enerji təhlükəsizliyinə töhfə verdiyini xüsusi qeyd ediblər.
Çıxışlarda Qərbi Azərbaycana dinc yolla, təhlükəsiz şəkildə qayıdışın hazırda aktual məsələlərdən olduğu söylənilib. Qeyd edilib ki, bu problemin həlli üçün beynəlxalq hüquqi əsaslandırma müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan Azərbaycan BMT-nin nizamnaməsində təsbit edilən prinsiplərə sadiqliyini nümayiş etdirir və tarixi boyu heç bir dövlətə qarşı ərazi iddiaları irəli sürməyib. Habelə, bildirilib ki, beynəlxalq hüququn prinsiplərinə əsasən, soyqırım qurbanlarına nəinki geriyə dönmək hüququ, həmçinin kompensasiya almaq hüququ təmin edilməlidir.
Bununla yanaşı, mayın 21-də Türkiyənin Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusuna həsr olunmuş beynəlxalq konfransın keçirilməsinin rəmzi məna daşıdığı və tədbirin bu yolda irəliyə doğru tarixi əhəmiyyətli addım olduğu bildirilib. Qeyd olunub ki, Azərbaycan Prezidentinin konfrans iştirakçılarına ünvanlanmış müraciətində məsələnin əsas mahiyyəti açıqlanıb, Qərbi azərbaycanlıların qayıdış istəyində Ermənistana qarşı ərazi iddiası olmadığı və qayıdış reallaşana qədər bu məsələnin Azərbaycanın gündəliyindən çıxmayacağı vurğulanıb.
Müzakirələrdə bu günlərdə Qafqaz Müsəlmanları İdarəsində keçirilmiş tədbirdə İrəvan Qazisinin fəaliyyətinin bərpa olunduğu söylənilib və bunun Qərbi Azərbaycana qayıdış Strategiyasında əhəmiyyətli rolundan bəhs edilib.
Millət vəkilləri, həmçinin Cənubi Qafqazda sabitliyin təmin olunmasında Azərbaycanın rolunu xüsusi qeyd edərək, Ermənistanla sülh müqaviləsi üzrə razılıq əldə edilməsi istiqamətində atılan addımları yüksək qiymətləndiriblər.
Fikir mübadiləsi zamanı deputatlar habelə bir sıra digər aktual məsələlərə də toxunublar, bəzi qeyd və təkliflərini açıqlayıblar.
Spiker Sahibə Qafarova Qərbi Azərbaycana qayıdış məsələsinin aktuallığını nəzərə alaraq, bu mövzuda dəyirmi masanın keçirilməsini təklif edib. Milli Məclisin sədri, eyni zamanda, Vatikana səfəri zamanı bir sıra ölkələrin, o cümlədən Rumıniya, Çili, Belarus, Estoniya, Pakistan parlamentlərinin spikerləri ilə söhbət etdiyini deyib, əlaqələrin inkişafına dair dostluq qrupları çərçivəsində görüləsi işlərlə bağlı fikirlərini bölüşüb.
Sonra parlamentin sədri Sahibə Qafarova iclasın gündəliyinə 13 məsələnin daxil edildiyini söyləyib. O, birinci məsələnin “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (ikinci oxunuş) olduğunu deyib.
İclasda bu məsələni Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. O, adıçəkilən Konstitusiya Qanununun qəbulunun ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bağlı olduğunu və bu öhdəliklərdən birinin qanunvericilik hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi və parlamentin hökumətə sorğu ilə müraciət etmək hüququnun təsbit olunması ilə əlaqədar olduğunu söyləyib. Komitə sədri qeyd edib ki, Prezidentin müvafiq fərmanı ilə Nazirlər Kabinetinin iş qaydaları təsdiq olunub və həm hesabata, həm də parlamentin Nazirlər Kabinetinin üzvlərinə sorğusuna dair məsələlər bu sənəddə öz əksini tapıb, eyni zamanda, Konstitusiya qanununda həmin iş qaydaları ilə bağlı müvafiq maddələr mövcuddur.
Müzakirəyə çıxarılan layihədə nəzərdə tutulan dəyişikliyə uyğun olaraq Nazirlər Kabinetinin hesabatının vaxtı iki orqan arasında razılaşdırılmaqla və hər iki orqanın iş qrafikinə daha uyğun vaxtda müəyyən ediləcək. Layihədə hesabatın verilməsi vaxtının martın 31-dək, yəni ilin I rübü ilə məhdudlaşıdırlması təklif olunur.
Müzakirələr zamanı deputat Aydın Hüseynov məsələ barədə öz fikirlərini açıqlayıb və komitə sədri Əli Hüseynli buna aydınlıq gətirdikdən sonra Konstitusiya Qanununun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova nəzərə çatdırıb ki, gündəliyin növbəti beş məsələsindən ikisi beynəlxalq sənədlərin təsdiq edilməsi haqqındadır, biri təltif məsələsi ilə bağlıdır, digər ikisi isə uyğunlaşdırma xarakteri daşıyır və həmin qanun layihələri bir oxunuşda baxılıb qəbul edilməlidir. O, bunun “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbi olduğunu qeyd edib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihəsi barədə məlumat verib.
O, bildirib ki, layihədə adı çəkilən Anlaşma Memorandumu 2023-cü il avqustun 1-də Bakı şəhərində və sentyabrın 8-də Monreal şəhərində imzalanıb. Sənədə əsasən, Azərbaycan Respublikası aviasiya təhlükəsizliyi və nəzarət sisteminin yaradılması və həyata keçirilməsi ilə bağlı məlumatların və sənədlərin Beynəlxalq Mülki Aviasiya Təşkilatının sorğusuna əsasən təqdim etməyi, təşkilatın audit və qiymətləndirmə mexanizmlərində iştirak etməyi, auditlər zamanı aidiyyəti dövlət qurumları tərəfindən zəruri şəraitin yaradılmasını öz öhdəsinə götürür. Bununla yanaşı, Anlaşma Memorandumuna uyğun olaraq Azərbaycan müvafiq hüquqi və inzibati mexanizmlərin təşkilatın tələblərinə uyğunlaşdırılmasını təmin edir. Memorandumda, həmçinin texniki əməkdaşlıq da nəzərdə tutulur.
Qeyd olunub ki, Anlaşma Memorandumunun icrası Azərbaycanın beynəlxalq öhdəliklərinə sadiqliyini, aviasiya təhlükəsizliyi sahəsində dayanıqlı inkişaf yolunu və qlobal aviasiya sisteminə inteqrasiya səviyyəsini əks etdirir.
Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəyini bildirmək üçün çıxış edən deputat Pərvanə Vəliyeva qanun layihəsinə bu komitədə baxıldığını və plenar iclasa tövsiyə olunduğunu söyləyib. O, bu məsələnin mülki aviasiya sahəsində beynəlxalq münasibətlər nöqteyi-nəzərindən əhəmiyyətindən söhbət açıb. Millət vəkili Azərbaycanın mülki aviasiya sisteminin beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini, təhlükəsizliklə bağlı davamlı monitorinqə açıq olduğunu və bunun nəticəsində ölkəmizə olan beynəlxalq etimadın daha da artdığını qeyd edib. O, müzakirəyə çıxarılan Anlaşma Memorandumunun Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında əməkdaşlığın daha da güclənməsinə xidmət etdiyini deyib.
Deputat Hikmət Məmmədov məsələ barədə öz fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb.
Komitə sədri bildirib ki, Saziş 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanıb. 13 maddədən ibarət olan Sazişin məqsədi bitki xəstəliklərinə və ziyanvericilərə qarşı birgə mübarizə aparmaq, zərərli orqanizmlərin yayılmasının qarşısını almaqla kənd təsərrüfatı məhsullarının təhlükəsiz dövriyyəsini təmin etməkdir. Sənəddə tərəf dövlətlərin ərazilərinə karantin tətbiq edilən zərərli orqanizmlərin məskunlaşmasının və yayılmasının qarşısının alınması ilə bağlı əməkdaşlıq, bitki karantini və mühafizəsi sahəsində əlaqələrin davam etdirilməsi, dövlət fitosanitar tədbirlərinin qarşılıqlı təmin edilməsi ilə bağlı məsələlər təsbit olunur.
Qeyd edilib ki, Saziş məhsullarımızın xarici bazarlara çıxışını asanlaşdırır və ölkəyə idxal olunan məhsullarla zərərli orqanizmlərin daxil olma riskinin qarşısını almaq üçün səmərəli mexanizm yaradır.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli bu məsələnin təmsil etdiyi komitə tərəfindən müsbət dəyərləndirildiyini bildirib. O, sənədin Azərbaycanla Pakistan arasında aqrar sahədə strateji əməkdaşlığın genişləndirilməsi baxımından önəmli olduğunu deyib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Millət vəkili layihənin ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu bildirib. O, qeyd edib ki, 2005-ci ildən fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası ölkəmizdə müstəqil məhkəmə sisteminin təşkilində, peşəkar hakim korpusunun formalaşmasında, Azərbaycanda hüquqi islahatların həyata keçirilməsində əhəmiyyətli rol oynayır.
Layihəyə uyğun olaraq, "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunun 2-ci maddəsinə "Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)" yubiley medalı" məzmununda yeni hissə əlavə edilir. Sənəddə, habelə "Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamənin və yubiley medalının təsvirinin təsdiq edilməsi ilə bağlı müddəalar əks olunub.
Əsasnaməyə əsasən, “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” yubiley medalı ilə Məhkəmə-Hüquq Şurasının üzvləri və üzvü olmuş şəxslər, öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən hakimlər, Məhkəmə-Hüquq Şurasının aparatında və məhkəmələrin aparatlarında qulluq keçən dövlət qulluqçuları, məhkəmə sisteminin inkişafına töhfə vermiş və məhkəmə orqanları ilə səmərəli əməkdaşlıq edən digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.

Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsindən bəhs edib.
Deputat nəzərə çatdırıb ki, layihədə Əmək Məcəlləsində işçinin iş yeri və orta əmək haqqının saxlanıldığı hallar sırasından hakim vəzifəsinə namizədlər üçün ilkin uzunmüddətli tədris kurslarına göndərilməsi müddəasının çıxarılması təklif edilir.
Bildirilib ki, "Dövlət qulluğu haqqında" Qanunda məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasına şikayət vermək imkanı nəzərdə tutulub.
Bununla yanaşı, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunda Ədliyyə orqanlarına qulluğa qəbulun şərtləri və qaydalarını və Ədliyyə orqanlarında stajorluq və sınaq keçməni tənzimləyən maddələrindən hakim vəzifəsinə namizədlər üçün nəzərdə tutulmuş tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış şəxslərin, ədliyyə orqanlarına inzibati vəzifəyə qulluğa müsabiqəsiz qəbul edilməsi, həmçinin stajorluq və sınaq müddətinin müəyyən edilməməsi müddəalarının çıxarılması təklif olunur.
Deputat Hikmət Məmmədov fikir və təkliflərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Vüqar Rəhimzadə Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Millət vəkili bildirib ki, Prezidentin "Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" 2024-cü il 23 noyabr tarixli fərmanına əsasən, Naxçıvan Muxtar Respublikası ərazisində su təchizatı sahəsində idarəetmə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə və onun tabeliyində olan publik hüquqi şəxslərə ötürülüb. Bununla əlaqədar olaraq, Su Məcəlləsində və "Meliorasiya və irriqasiya haqqında" qanunda müvafiq dəyişikliklər təklif olunur.
Qeyd edilib ki, dəyişikliklərə əsasən, "Su münasibətlərinin subyektləri", eləcə də "Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində idarəetmə sistemi" adlanan maddələrdən "Naxçıvan Muxtar Respublikası" sözlərinin çıxarılması, habelə su obyektlərinin istifadəsi və mühafizəsi, meliorasiya və irriqasiya sahəsində Naxçıvan Muxtar Respublikası icra hakimiyyəti orqanlarının (Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin) səlahiyyətlərini nəzərdə tutan maddələrin ləğvi nəzərdə tutulur.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin digər yeddi məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Pasportlar haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsindən (birinci oxunuş) söhbət açıb.
Deputat bildirib ki, "Dövlət qulluğu haqqında" Qanuna bir sıra dəyişikliklər edilərək, Prezident Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına aid edilib. Bu dəyişikliklərin icrası məqsədi ilə "Pasportlar haqqında" Qanuna təklif edilən düzəlişə əsasən, Prezident Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinləri diplomatik pasportu əldə edə biləcək subyektlər dairəsinə daxil edilir.
Bununla yanaşı, "Dövlət qulluğu haqqında" Qanunda Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının ləğv edilməsi ilə bağlı dəyişiklik təklif olunur və həmin quruma dair müvafiq müddəaların qanundan çıxarılması nəzərdə tutulur. Bu qanuna təklif olunan digər dəyişiklikdə inzibati və yardımçı vəzifələr təsnifatına Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi əlavə edilir.
Parlamentin komitə sədri Fazil Mustafa və deputat Aydın Mirzəzadə məsələ barədə öz fikirlərini bölüşdükdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumatı nəzərə çatdırıb.
Komitə sədri qeyd edib ki, layihə Dünya Bankı Qrupunun “Biznesin müflisləşməsi” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyaların həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”ndə iflas proseduru başlanılmış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə məlumatların müvafiq olaraq hüquqi şəxslərin dövlət reyestrində və vergi ödəyicilərinin uçotu reyestrində uçotunun aparılması məqsədilə hazırlanıb.
Sənəddə hüquqi şəxsin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin iflas prosesində olması barədə məlumatların reyestrinin aparılması nəzərdə tutulur. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməlidir. Habelə, hüquqi şəxsin iflas prosesində olması faktının dövlət qeydiyyatı aparılmalı, bununla əlaqədar qeydiyyat orqanına 15 gündən gec olmayaraq ərizə ilə müraciət edilməlidir.
Qanun layihəsində nəzərdə tutulan digər dəyişiklik müddətlərin qısaldılması ilə bağlıdır. Belə ki, Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, eləcə də onun vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan digər məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, vergi ödəyicisi bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir. Eyni zamanda, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna əsasən, hüquqi şəxslər təsis sənədlərinə edilən hər bir dəyişiklik barədə həmin dəyişikliyin baş verdiyi andan 40 gün müddətində qeydiyyat orqanına ərizə ilə müraciət etməlidirlər. Təklif olunan dəyişikliyə əsasən, hər iki halda müddətlər azaldılaraq 15 gün müəyyən olunur.
Bu məsələ ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəyini deputat Nurlan Həsənov diqqətə çatdırıb. O, qeyd edib ki, iflas prosedurunun reyestr və vergi uçotu sistemlərində nizamlı, ictimai və çevik şəkildə əks olunması həm dövlət nəzarətinin, həm də biznes mühitinin davamlı inkişafına mühüm töhfə verir.
Deputat Bəhruz Məhərrəmov məsələ barədə fikir və qeydlərini bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Millət vəkili bildirib ki, layihə vərəsəlik hüquq münasibətlərində tərəflərin – həm miras qoyanın, həm də vərəsənin hüquq və maraqlarının ədalətli şəkildə qorunmasına xidmət edir.
Diqqətə çatdırılıb ki, sənəd mülkiyyət hüququnun konstitusiya təminatının möhkəmləndirilməsi, mülki dövriyyə iştirakçılarının maraqlarının hüquqi müəyyənliyi və sabitliyinin təmin edilməsi üçün mirasın qəbulu institutunun tələblərinin daha da təkmilləşdirilməsi və dəqiqləşdirilməsi məqsədini daşıyır. Layihə üzrə əsas dəyişikliklər Mülki Məcəlləyə təklif edilir, digər qanunlara isə mülki qanunvericilikdən irəli gələn düzəlişlər nəzərdə tutulur.
Qeyd olunub ki, mirasın qəbul edildiyi müddəti nəzərdə tutan normalar qüvvədən düşdüyü üçün, mirasın qəbul edilməsinin xüsusi müddətini və mirasın qəbul edilməsi vaxtının uzadılmasını nəzərdə tutan maddələr də əhəmiyyətini itirib. Təqdim edilən layihədə həmin maddələrin ləğv edilməsi təklif olunur.
Bildirilib ki, Mülki Məcəllənin 1243.2-ci maddəsində mirasın qəbulunun qeyri-formal üsulu olaraq əmlaka sahiblik etmək və ya əmlakı idarə etməyə faktiki başlamaq göstərilsə də, həmin Məcəllənin 1243.3-cü maddəsində hər iki hal müəyyən edilmədiyindən müvafiq dəyişiklik təklif edilir. Eyni zamanda, mirasdan imtina etməməyin mirasın qəbulu şərti kimi müəyyən edilməsi Mülki Məcəllənin müvafiq maddələri üzrə uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsini zəruri edir.
Layihədə Mülki Məcəllənin "Mirasın siyahısı" adlanan 1254-cü maddəsinə də dəyişiklik təklif edilərək, mirasın siyahıya alınması üçün nəzərdə tutulan müddətin mirasın qəbulundan imtina müddəti ilə məhdudlaşdırılması, həmçinin müvafiq hallarda müddətin axımının dayandırılmasını nəzərdə tutan əlverişli qaydalar müəyyən edilir. Bununla yanaşı, miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanı şəhadətnamə almaq üçün müraciət etməmiş miras şəriklərinin də hüquqlarının təmin edilməsini nəzərdə tutan yeni qaydalar müəyyən edilir.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələ barədə bu komitənin müsbət rəyini nəzərə çatdırdıqdan sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumatı təqdim edib.
Millət vəkili bildirib ki, layihə ölkə ərazisində tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsasının yaradılması və yeni qida normalarının müəyyən edilməsi məqsədilə hazırlanıb. Qeyd olunub ki, adıçəkilən müəssisələrdə istifadəsi məqsədəuyğun olan qida məhsullarının çeşidliliyinin minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibinə uyğunlaşdırılmasına, həmçinin müxtəlif növ xəstəliklərin müalicə metodikasından irəli gələrək tibb müəssisələrində yeni qida normalarının müəyyən edilməsinə ehtiyac yaranıb.
Qanuna edilən dəyişikliyə əsasən, minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən ediləcək. Bununla yanaşı, istifadə olunan əsas anlayışlar sırasına “sosial sahəyə aid müəssisələr” anlayışının əlavə edilməsi təklif olunur.
Məsələ ilə bağlı müzakirələrdə komitə sədri Hicran Hüseynova, deputatlar Qüdrət Həsənquliyev, Bəxtiyar Əliyev öz fikir və qeydlərini söyləyiblər.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra “Pambıqçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev diqqətə çatdırıb ki, layihə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq hazırlanıb. Təklif olunan dəyişikliyə əsasən, pambığın alqı-satqısı üçün xüsusi olaraq nəzərdə tutulan pambıq qəbulu sənədinin, yəni müvafiq qaydada tərtib edilmiş “pambıq qəbulu qəbzi”nin ləğvi və bu malın satışının elektron qaimə-fakturaları və ya malların alış aktları ilə sənədləşdirilməsi nəzərdə tutulur. Vurğulanıb ki, pambığın alqı-satqısı prosesinin elektronlaşdırılması həm də pambıqçılıq sahəsində vergi və subsidiyalar üzrə avtomatlaşdırılmış təhlilin aparılmasına, sahibkarlar və fermerlər üçün əməliyyatların sadələşdirilməsinə imkan verəcək.
Dəyişikliklərlə bağlı deputat Vüqar Bayramovun fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb. Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. O, bildirib ki, layihənin əsas məqsədi inzibati xətalarla bağlı protokolların və qərarların elektron qaydada izlənilməsini, mərkəzləşdirilmiş qaydada qeydiyyatının aparılmasını və bununla da inzibati cərimələrdən daxil olan vəsaitlərin şəffaflığını və hesabatlılığını təmin etməkdir. Bu məqsədilə “İCMAL” adlı informasiya sisteminin yaradılacağını deyən deputat Kamal Cəfərov yeni sistemin iş prinsiplərini diqqətə çatdırıb. O, sənəddə inzibati xətalar haqqında işlərin baxılmasında, qərarların icrasında operativliyin təmin edilməsi ilə bağlı yeniliklərdən danışıb, digər təkmilləşdirmələri və stimullaşdırıcı tədbirləri nəzərə çatdırıb.
Dəyişikliklərlə bağlı komitə sədri Zahid Orucun fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Gündəliyin sonuncu məsələsi olan "Qiymətli kağızlar bazarı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məlumat verib. O, bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətlərin səhmlərinin buraxılışı, dövlət qeydiyyatı və yerləşdirilməsi prosedurunun sadələşdirilməsi ilə bağlı qanun layihəsində təsbit olunan müddəaları diqqətə çatdırıb.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-05-2025