Mobil versiya
Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik
Tarix: 30-04-2025 | Saat: 10:08
Bölmə:Siyasət | çapa göndər

Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik

"Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün bu möhkəm təməl üzərində dövlətlərarası münasibətlərimiz inkişaf edir". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatında deyib. Dövlət başçısı qeyd edib ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Ölkə rəhbəri qeyd edib ki, Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir:
"Biz - Azərbaycan və İran dövləti ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyirik. Bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı, digər təşkilatlar çərçivəsində bizim nümayəndələrimiz daim bir-birinin yanındadır".
Dövlət başçısı İlham Əliyev qeyd edib ki, bu səfər Azərbaycan-İran dostluq, qardaşlıq münasibətlərinin inkişafına öz dəyərli töhfəsini verəcək: "Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq. Yəni, məramımız, məqsədimiz birdir - Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır".
Ölkə rəhbəri vurğulayıb ki, İran prezidentinin səfərinə qədər çox fəal təmaslar həyata keçirilirdi: "Yüksək vəzifəli şəxslər qarşılıqlı səfərlər edirdilər, həm Prezidentin səfərinə hazırlıq məqsədilə, eyni zamanda, konkret layihələrin icrası üçün. Bütün bu işlərdə əməyi olan vəzifəli şəxslərə öz təşəkkürümü bildirmək istəyirəm. Səfər doğrudan da çox yaxşı hazırlanıb, çox yaxşı sənədlər ərsəyə gəlib. Əminəm ki, qəbul edilmiş qərarlar bizim əlaqələrimizi uzun illər bundan sonra yüksələn xətlə aparacaq. Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq".
Prezident bəyan edib ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilib: "Birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir. Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq. Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik. Çox təəssüf edirik ki, bir neçə gün bundan əvvəl İranda baş vermiş faciə insan itkiləri ilə nəticələndi. Bir daha qardaş İran xalqına başsağlığı veririk. Allah həlak olanlara rəhmət eləsin, yaralananlara Allah şəfa versin. Bu faciəyə baxmayaraq, Prezident Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir. Biz bunu çox yüksək qiymətləndiririk və Allah xalqlarımızı bu bəlalardan qorusun, həmişə bizim bölgəmizdə sülh olsun, əmin-amanlıq olsun və hər iki ölkə bu istiqamətdə öz səylərini göstərəcək. Hər halda ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu". 
İran Prezidenti Məsud Pezeşkian Prezident İlham Əliyevə isti və mehriban qarşılamaya görə təşəkkür edib: "Biz qədimdən bir yerdə olmuşuq. Qonşular arasında hasarlar, sərhəd olsa da, həmişə bir-biri ilə əlaqə saxlayırlar. Biz çox sayda müştərək məqamlara malikik və bu müştərəkliklərlə iftixar edirik. Biz əlaqələrimizi davam etdirəcəyik. Bir çox məsələlərdə təcrübələrimizi öyrənə bilərik".
Məsud Pezeşkian deyib ki, birlikdə problemləri həll etmək mümkündür: "Ərazi bütövlüyünə hörmət etməklə, region ölkələri ilə regionumuzda məsələləri həll edə bilərik. Şimaldan Cənuba, Şərqdən Qərbə yolları, dəhlizləri aça bilərik. Biz bəzilərinə aramızda ixtilaf yaratmasına yol verə bilmərik. Ailələrimiz arasında da əlaqələr var, bunu heç kim poza bilməz. Mən Prezident İlham Əliyevin bu istiqamətdə iradəni görürəm. Bizim də iradəmiz belədir. Biz qərarlıyıq, qardaşımın da qərarlılığın hiss edirəm. Həm İran, həm Azərbaycan üçün yaxşı gələcək yarada bilərik".
İran Prezidenti deyib ki, özünü Təbrizdəki, Ərdəbildəki kimi hiss edir: "Mən burada çox qala bilmirəm, İranda baş verən faciəvi hadisəyə görə qayıtmalıyam, yaxın gələcəkdə yenə gələcəm. Burada özümü yad hiss etmirəm. Mən özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm. İnşallah, əlaqələrimiz iqtisadi, siyasi, hərbi və digər sahələrdə inkişaf edəcək".

Mayil Əliyev
YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2025