Mobil versiya
Azərbaycanda 11 yoluxucu xəstəliyə qarşı peyvəndləmə aparılır
Tarix: 30-04-2025 | Saat: 10:25
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda 11 yoluxucu xəstəliyə qarşı peyvəndləmə aparılır

“Azərbaycanda hazırda dövlət tibb müəssisələrində cari profilaktik peyvəndlər təqviminə uyğun 11 yoluxucu xəstəliyə qarşı peyvəndləmə aparılır: Hepatit B, vərəm, difteriya, göyöskürək, tetanus, poliomielit, B tipli hemofil infeksiya, pnevmokok infeksiyası, qızılca, epidemik parotit, məxmərək”

aia.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da həkim-epidemioloq Aytəkin Qurbanova açıqlayıb.

Onun sözlərinə görə, hər peyvəndin təqvimə uyğun yaşda vurulması çox vacibdir, çünki həmin yaş dövründə uşağın peyvəndlə qarşısı alınan təhlükəli xəstəliklərə məruz qalma riski olduqca yüksəkdir:
“Həmçinin, uşaqda bu yaş dövründə peyvəndləmə nəticəsində daha güclü immunitet yaranır. Peyvənd təqvimi elmi sübutlara əsaslanaraq, tərtib olunub. Peyvəndlərin vurulmasında səbəbsiz gecikmələrə yol vermək olmaz. Peyvəndlər peyvənd təqviminə uyğun olaraq vaxtında tətbiq edilməlidir. Belə ki, peyvəndin vurulmasında gecikmə uşağın həssas olduğu dövrdə onu müdafiədən məhrum edir. Məsələn, Hib və pnevmokok kimi xəstəliklərdən demək olar ki, əsasən 2 yaşadək uşaqlar əziyyət çəkir. Hepatit B, göyöskürək və bəzi digər peyvəndlərlə qarşısı alına bilən xəstəliklər az yaşlı uşaqlarda daha ağır keçir. Lakin uşaqlara peyvənd vurulduğu təqdirdə, onların immun sistemi güclənir və erkən yaşlarından etibarən həmin xəstəliklərə qarşı qorunmuş olur. Məhz buna görə də, uşaqları doğulduğu gündən etibarən peyvənd cədvəlinə uyğun peyvənd etdirmək lazımdır”.

Həkim-epidemioloq bildirib ki, uşaq hansısa səbəbdən bir və ya bir neçə peyvəndi vaxtında almayıbsa, yaxud ona ümumiyyətlə heç bir peyvənd vurulmayıbsa, belə hallarda uşağın gecikmiş peyvəndləmə cədvəlinə uyğun peyvənd olunması vacibdir:

“Uşağın peyvəndləməsi gec başladıqda və ya yenidən bərpa olunduqda, peyvəndləmə əvvəllər vurulan peyvəndlərin nəzərə alınması şərtilə dayandırıldığı yerdən davam etdirilməlidir. Uşağın xəstələnməyini gözləmədən, onu peyvənd etdirmək mütləqdir, çünki xəstəliklərin fəsadları ağır ola bilər. Əgər uşaq peyvəndlə qarşısı alına bilən xəstəlikləri keçiribsə belə, uşaq yenə də peyvənd edilməlidir. Bu çox vacibdir, çünki iki yaşından kiçik uşaqlar bəzi infeksiyaları (hemofil infeksiya, meningit, pnevmoniya) keçirdikdən sonra yetərli səviyyədə təbii immunitet əldə edə bilmirlər”.

A. Qurbanova qeyd edib ki, uşaq xəstəliyə yoluxduqda virus və ya bakteriyanın bir növünə yoluxur:

“Lakin peyvənd uşağı eyni xəstəliyi törədə biləcək mikrobun bir çox növündən qoruyur. Məsələn, pnevmokok əleyhinə peyvənd uşağı pnevmokok bakteriyasının 13 növündən qoruyur”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2025