Mobil versiya
Azərbaycan teatr və kino sənətinin sönməz ulduzu
Tarix: 30-04-2025 | Saat: 12:09
Bölmə:Özəl / Şou-biznes | çapa göndər

Azərbaycan teatr və kino sənətinin sönməz ulduzu

Firəngiz Mütəllimova xalqımızın böyük sevgi və ehtiramla dəyərləndirdiyi sənətkarlardandır. O, Azərbaycan səhnəsinin parlayan ulduzu, tamaşaçıların qəlbində özünəməxsus yer tutan görkəmli aktrisadır. Firəngiz xanımın sənət gücünü yaratdığı obrazlar və oynadığı rollar vasitəsilə tanıyır və qiymətləndiririk.

Uzun müddət onunla müsahibə aparmağı arzulamışdım və bu gün bu arzum gerçəkləşdi. Bir jurnalist kimi böyük qürur hissi duyuram ki, müsahibim Xalq artisti, Prezident mükafatçısı, Azdramanın aparıcı səhnə ustası Firəngiz Mütəllimovadır. Söhbətimizdə onun sənət və həyat yoluna nəzər salacaq, yaradıcılığının dərinliklərini araşdıracağıq.


-Firəngiz xanım, aktrisalığa sevginizi kim oyatdı?


- Biz Şuşada, Merdinli məhləsində yaşayırdıq. Qapımızdan çıxan kimi Vaqif adına Kino teatr görünürdü, orada dayım kino mexanik işləyirdi. Ona görə də hamı bizi tanıyırdı, bilirdi ki, biz Əsədin bacısı uşaqlarıyıq. Dayım mənə afişalar verirdi, filmlərə buraxırdı və hər dəfə deyirdi: "Gəl, filmlərə bax!" Elə o kino teatr məni aktrisa olmağa məcbur etdi.

Zamanla hamının evində televizor oldu. O dövrdə hər evdə televizor olmurdu—öncə rəngsiz televizorlar gəldi. Bizdə də televizor olanda "Mahnı dağlarda qaldı" filmini izlədim. Rəhmətlik Əliabbas Qədirov və Amaliya xanımın oyununu gördükcə bu sənətə marağım daha da artdı.
Uşaqlıqda məhlədə hamını bir yerə toplayırdım, kukla teatrı qurur, oyunlar təşkil edirdim. Utancaq idim, heç kimin üzünə baxa bilmirdim. Ailəmin incəsənətə olan marağımı başa düşməsi çətin idi, çünki onlar məni başqa bir sahədə görmək istəyirdi.
Lakin qismət elə gətirdi ki, səkkizinci sinifi əla qiymətlərlə bitirdim. Şuşada pedaqoji texnikum var idi, atamın bir müəllim dostu bizi imtahansız ora yönəltmək istəyirdi. Mən isə ağlayır, aktrisa olmaq istədiyimi deyirdim. Sənədlərimin pedaqoji instituta verildiyini görüb atama etiraz etdim. Lakin o, mənim istəyimi anlayışla qarşıladı, heç əvvəldən də etiraz etmirdi.
Anam isə qəti şəkildə razı deyildi—o, məni ağ xalatlı həkim və ya tibb bacısı kimi görmək istəyirdi. Hamı deyirdi ki, "qoy getsin, onsuz da kəsiləcək." Amma mən sənət sevgimdən vaz keçmədim.

- İlk rolunuzu oynayanda həyəcanınızı necə dəf etdiniz?

- İlk dəfə səhnəyə çıxanda qarşımdakı iki nəhəng aktyor—Ağasadıq Gəraybəyli və Sofa xanım Bəsirzadə—mənə elə isti münasibət göstərdilər ki, həyəcanım demək olar ki, yox oldu. Mən onların qızlarını canlandırırdım, rejissor Əjdər Quliyev isə elə bir şərait yaratmışdı ki, özümü tam rahat hiss edirdim.
Sofa xanım mənə mehribanlıqla yanaşırdı, Ağasadıq müəllim isə artıq yaşlanmışdı—o, sanki öz dünyasında idi, oynayırdı, gülürdü, sonra sakitcə gedirdi. Onların qayğıkeş və təbii davranışı mənə güvən verdi.
İlk səhnəyə çıxışım hələ də yaddaşımdadır—1980-ci ilin 4 oktyabrı, balaca bacımın ad günü idi. Özümü tamaşaçıların qarşısında necə hiss edəcəyimi bilmirdim. Məni necə qarşılayacaqlar? Necə qəbul olunacağam? Ancaq səhnəyə çıxanda hər şey öz axarına düşdü. Tamaşa uğurlu oldu və ardıcıl olaraq yeni rollar gəldi.

- Səhnədə canlandırdığınız hansı obrazların təsirindən uzun müddət çıxa bilməmisiniz?

- Hələ də "Yad qadının məktubu" tamaşasının təsirindən çıxa bilmirəm. O obraz mənim ruhuma elə hopub ki, hələ də ağ gülləri sevirəm. Ağ güllərə baxanda elə bilirəm ki, onlar sınmış güllərin əksidir—sanki o tamaşanın bir hissəsi içimdə yaşayır.
"Bizim qəribə taleyimiz" tamaşasında canlandırdığım narkoman obrazı da yaddaşımdan silinmir. Günahsız gənclərin heç nədən bu bəlaya tutulmaları məni dərindən sarsıtdı. Bu məsələni səhnədə canlandırmaq mənə ağır gəldi, çünki narkotikə qarşı mübarizə hər zaman vacibdir. O dövrdə tamaşa anşlaqla keçirdi, İlyas Əfəndiyevin hekayəsi mənim sənət həyatımda dönüş nöqtəsi oldu.
O vaxta qədər daha çox müsbət obrazlar canlandırırdım. Ancaq birdən-birə narkoman rolu mənə tapşırıldı—həm də tam mənfi bir obraz. İlyas müəllimdən soruşdum ki, “19 yaşlı bu qız niyə narkoman oldu?” O isə səhərisi gün mənə möhtəşəm bir monoloq yazıb gətirdi. O səhnədə Respublika prokuroruna bu monoloqu səsləndirəndə tamaşaçılar dəhşətə gəlirdi. Tamaşadan sonra hamı mənim obrazım haqqında yazırdı: “Bilmirik Minanı qınayaq, nifrət edək, yoxsa sevək…” Çünki o, qurban idi—günahsız idi.
Belə obrazlar mənim yaddaşıma həkk olur. Mən Stefan Zweigi dəhşət çox sevirəm, Dostoyevski isə sanki mənim ruhumdur. Onun bütün əsərlərini oxuyanda ağırlıq və əzab hiss edirəm, amma bu mənə doğmadır. Çünki mən özüm də həyatda o qədər əzab-əziyyət çəkmişəm ki… Hər şeyi çətinliklə əldə etdiyim üçün, rahatlıq məni təəccübləndirir—çünki alışmışıq ki, arzularımız ancaq mübarizə ilə gerçəkləşir.

- Firəngiz xanım, bu gün Azərbaycan kinosu və teatrı hansı mərhələdən keçir?

- Azərbaycan kinosu və teatrı hazırda bir sınaq mərhələsindən keçir—sanki yeni bir yol ayrıcındayıq. Məsələn, hələ də köhnə filmlərimizə sevə-sevə baxırıq, bu da o deməkdir ki, nostalji hissimiz güclüdür və keçmiş əsərlər zamanın sınağından uğurla çıxıb.
Teatr isə bir qədər fərqli bir dinamikaya sahibdir. Pandemiyadan sonra burada canlanma hiss olunur - insanlar artıq virtual aləmdən qaçaraq canlı tamaşalara daha çox maraq göstərirlər. Mən özüm də bir müddət hər şeyi sosial şəbəkələrdə izləyirdim, amma canlı performansın enerjisi tam fərqlidir.
Filmlərdə isə tarixilik və milli ruh qorunsa, daha uğurlu olar. Son illərdə çoxlu komediyalar çəkilir, lakin onların hamısı bir-birinə bənzəyir - eyni aktyorlar, oxşar mövzular. Bəlkə də bu mənim subyektiv fikrimdir, amma bəzən filmləri izləyəndə “bu hansı kinodur? Yenə eyni simalar!” deyə düşünürəm. Sonra da deyirlər ki, paxıllıq edirəm. Əslində, məqsədim tənqid deyil, sadəcə fərqliliyin daha çox olması arzusu.
Türk komediyalarını da sevmirəm—orada bəzən hadisələr həddindən artıq şişirdilir. Amma türk serialları çox güclüdür - aktyorlar rollarına ciddi məşq edir və dünya bazarına çıxmağa hazır olurlar. Bir zamanlar dünya Braziliya seriallarını izləyirdi, indi isə türk serialları populyar mərkəzə çevrilib.



Bizdə isə son dövrlərdə ən çox xoşuma gələn filmlərdən biri “Zeynalabdin Tağıyev” filmidir. Səviyyəli, samballı, qəşəng bir işdir. Mən özümə söz vermişəm ki, sırf kommersiya məqsədli filmlərdə çəkilməyəcəyəm-çünki sənət mənim üçün daha dəyərlidir.

- İstedadlı aktrisa olmaq üçün yalnız istedad kifayət edirmi?

- Bu sənətdə yalnız istedad kifayət etmir—sən fədakar və zəhmətkeş olmalısan. Aktyorluq çox ağır bir sahədir, çünki sən hər şeydən keçməli, bu sənətə tam bağlı olmalısan. Maaş yüksək deyil, həyat çətinliklərindən qaça bilmirsən. Amma əgər aktyorluğu həqiqətən sevirsənsə, ona bütün ruhunu verməlisən-fanatına çevrilməlisən, onun xəstəsi olmalısan.
- Səhnəyə çıxdığın an hər şeyi unudursan-bütün narahatlıqlar, gündəlik qayğılar silinir. Bu hiss yalnız həqiqi sənətsevərlər üçündür. Rəhmətlik Yaşar Nuri həmişə deyirdi: "İşləyin! 50 yaşa qədər zəhmət çəkin, ad qazanın. 50-dən sonra isə adınız sizin üçün işləyəcək." Düz də deyirdi - Allah ona rəhmət eləsin! O nə deyirdisə, tam olaraq elə olurdu.

- Firəngiz xanım, “Yetər, bəsdir! Daha tamaşalarda rol almayacağam, seriallara çəkilməyəcəyəm” dediyiniz anlar olubmu?

- Teatr istisna olmaqla, artıq seriallara və filmlərə “yox” demişəm. Bir dəfə məni kinoya dəvət etdilər. Çəkiliş məkanına gedəndə bir gənc oturmuşdu, divarda bir-birini tanımadığım şəkillər asılmışdı. Qiyməti danışdıq - dedim ki, mən bu şərtlərlə çəkilirəm. O isə cavab verdi ki, “sizin danışdığınız məbləğ filmin ümumi büdcəsidir.” Çox aşağı idi. Mən də sual verdim: “Əgər belə az büdcə varsa, bəs sizi film çəkməyə nə məcbur edir?”
Bu sənətdə illərimi vermişəm, canımı qoymuşam. O qiymətə evin qapısını bağlayıb blokdan çıxmaram. Dedim ki, “Məni nə hesab edirsən? Mən illərin sənətkarıyam, bu yolları böyük fədakarlıqla keçmişəm!” Və oradan ayrıldım. O an qərara gəldim: “Film və serial bitdi. Daha olmayacaq.”
Bircə kommersiya məqsədli bir filmə çəkilmişəm - dostum Murad Dadaşovun filmi olduğu üçün qəbul etdim. Oksana və digər həmkarlarımız da orada oynayırdı. Film "Bayram axşamı" adlanırdı, Baharla bağlı idi. Orada isə özümü canlandırmışam.

- Azərbaycan kinosunun teatrla müqayisədə zəif olması problemini aradan qaldırmaq üçün nə etmək lazımdır?

- Bu məsələni həll etmək üçün bir qədər sınaqlardan keçmək lazımdır. Mənim yaddaşımdan kino studiyasının o xüsusi qoxusu heç vaxt silinmir - sınaq çəkilişlərində geyim otağı, qrim sahəsi və hətta köhnə kostyumların ətri hələ də burnumda qalır. İnsanlar bunu bilmir, amma o paltarlar tarix daşıyır - bəlkə də mən geyinmişəm, sonra başqası geyib, ondan sonra daha neçə aktyor onu səhnədə canlandırıb.
O illər başqa idi. O vaxt kino sahəsində məsuliyyət, həya, sənətə dərin hörmət vardı. Biz çəkilişlərə gedəndə həyəcanla, ehtiyatla yanaşırdıq, sənətin müqəddəsliyini hiss edirdik. Bu gün isə zəmanə çox dəyişib—bunu geri qaytarmaq asan deyil.
Ancaq Bakı Media Mərkəzinin rəhbəri Arzu xanım və komandası çox gözəl layihələr həyata keçirirlər. Mən həmişə istəyirəm ki, Azərbaycan kinosu inkişaf etsin, öz kimliyini qoruyub möhkəm bir iz buraxsın. Axı bizim kino tariximiz var! Baxın, neçə möhtəşəm filmlərimiz olub. İndi hansı klassik filmləri efirə versələr, yenə də sevə-sevə baxırıq.
Mən özüm sənətə “Nəsimi” filmi ilə gəlmişəm. O film mənim dünyama təsir etdi—evimiz hər yerdə onun afişaları ilə dolu idi. O filmin enerjisi mənə sənətin gücünü göstərdi. Biz də elə güclü filmlər yaratmalıyıq ki, gələcək nəsillər onları sevə-sevə izləsin

- Hansı obrazınız birbaşa sizin şəxsi həyatınıza sirayət edib?

- Heç bir obrazım birbaşa şəxsi həyatıma təsir etməyib. Amma oynadığım hər rolda məndən nəsə var—və əksinə, o obrazlarda da mənim bir parçalarım yaşayır.
Ən böyük arzularımdan biri Bəhram Osmanovla işləmək idi. Dostoyevskinin "Bəyaz gecələr" əsərində rol almağı çox istəyirdim. Lakin elə oldu ki, ailə həyatı qurdum və bu arzum gerçəkləşmədi. Həmin rolu oynamaq istəyirdim, amma tale başqa cür yazıldı.
Bir dəfə "Alçaldılmış və təhqir olunmuşlar" əsəri Ağakişi Kazımov tərəfindən teatrda televiziya üçün qurulurdu. O tamaşa üçün çox gözəl bir kollektiv formalaşmışdı - Əliabbas, mən, Telman Adıgözəlov, Nübar Novruzova... Hər şey gözəl gedirdi, lakin bədii şura tamaşanı bəyənmədi və çəkiliş baş tutmadı. Halbuki, o məşqlər mənim üçün unudulmaz idi.
Dostoyevskini çox sevirəm. Onun əsərlərində insan taleləri o qədər dərin, o qədər realdır ki, hər səhnədə sanki özünü tapırsan. Çox ağır, çox əzablıdır, amma sənət də elə budur—insanın ruhunu silkələyən bir güc.

- Gülnar obrazınızdan əlavə çoxlu rollarınız var. Amma tamaşaçılar ən çox məhz Gülnarı xatırlayır. Sizcə, bunun səbəbi nədir?

- Çünki bu mənim ilk rolum idi - və həm də uğurlu alındığına görə. O dövrdə Azərbaycan Televiziyası ilk dəfə naturaya çıxdı, yəni açıq havada çəkilişlər baş tutdu. Tamaşaçılar üçün bu böyük bir yenilik idi və xüsusi maraq doğurdu.
O gecə mənim həyatımı dəyişdi - təsəvvür edin, bir gecədə tanındım. Yatdım Firəngiz, səhər oyandım Gülnar. Bu ifadəni həmişə deyirəm, çünki həmin an mənim üçün sadəcə bir rol yox, tamamilə yeni bir dövrün başlanğıcı oldu

- Ən böyük arzunuz Qarabağı azad görmək idi. O anı yaşamaq sizə hansı hissləri bəxş etdi?


- O anı yaşamaq mənim üçün unudulmaz idi. Biz yola düşəndə bizə dedilər ki, evdə heç kim bilməsin - hətta bacımız belə xəbər tutmasın. Gecə saat iki idi, Kəlmeyi-şəhadətimi deyib evdən çıxdım.
Səhərə yaxın Şuşaya çatdıq. Onda hələ zəfər yolu yox idi. Mən elə bilirdim ki, 5 yaşında körpə bir uşağı qoyub gəlmişəm və illər sonra geri dönürəm. O möhtəşəm qayalıqların zirvəsi görünməyə başlayanda, uşaq kimi sakit-sakit oxşayıb ağlayırdım. Gözümdən yaş sel kimi axırdı. İçimdə elə bir duyğu vardı ki, sanki qışqırmalı, bağırmalıydım - amma bacarmırdım. Çox sakit idim.
Axşam otelə gələndə isə özümü saxlaya bilmədim. Kranı açdım və hönkürtü ilə ağladım. Həsrətin, ayrılığın çəkisi o an üzərimə çökmüşdü. Allah heç kimə belə bir ayrılıq, belə bir həsrət yaşatmasın.

- Hansı gənc aktrisanı gələcəyin Firəngiz Mütəllimovası kimi görürsünüz?


- Onu dəqiq söyləmək çətindir. Bəzən elə olur ki, bir gənc aktrisa çox zəif görünür, amma zamanla sənətdə öz yerini tapır və insanı təəccübləndirir. Digər tərəfdən, güclü olduğunu düşündüyün biri əslində istedadını tam göstərə bilmir.
Mənə elə gəlir ki, bu sənətdə heç kim heç kimin yerini tam olaraq tuta bilməz. Hər kəs öz adı və möhürü ilə yadda qalacaq. Mən özüm də heç kimə oxşamamağa çalışdım-istədim ki, tamamilə özüm olum. Heç bir obrazda, qrimdə, geyimdə təqlid etmədim. Dedim ki, mən Firəngiz Mütəllimova olum!
Necə ki, bir zamanlar Hökümə Qurbanova, Nəcibə Məlikova, Leyla Bədirbəyli, Amaliya Pənahova vardı və hər biri öz adını, öz üslubunu qoruyub yaşatdı - mən də istədim ki, mənim adım özünəməxsus olsun. Qoy hər sənətkar öz imzası ilə yaddaşlara həkk olunsun.

Sizcə, Azərbaycan teatrı və kinosu Avropa səviyyəsinə yüksələ bilərmi?

Əlbəttə, istəsə yüksələ bilər! Çünki biz artıq hərtərəfli inkişaf edirik-beynəlxalq müsabiqələr, möhtəşəm tədbirlər keçiririk, dünya səviyyəsində tanınmağa doğru irəliləyirik.
Niyə də olmasın? Bu da bir qurtum su kimi mümkündür. Yetər ki, sənətimizə doğru istiqamət verək, gənc istedadları dəstəkləyək, klassik irsimizi müasir ruhla birləşdirək. Azərbaycan teatrı və kinosu potensiala sahibdir, yalnız davamlı və düzgün addımlarla onu zirvəyə çıxarmaq mümkündür.

- Hansı tarixi qadın obrazını canlandırmaq istərdiniz?

Bir zamanlar Natəvan obrazını canlandırmaq istəmişdim. O dövrdə televiziya İlyas müəllim haqqında film çəkirdi, Şuşaya gəlib məni axtardılar və tapdılar. Mən Natəvanın yaşadığı bütün yerlərdə çəkildim, monoloqlarını səsləndirdim. Bu rol tarixdə öz izini qoydu.
Məhsətini canlandırmaq arzusu da var idi, lakin alınmadı- teatr həmin dövrdə təmirə bağlanmışdı. Bu rolu oynamaq qismət olmadı.
İndi isə yalnız şəhid anası və nənəsi obrazlarını canlandırmaq istərdim. Bu, mənim üçün ən duyğusal və mənalı obraz olardı, çünki tariximizə və xalqımızın yaşadığı hisslərə ən yaxın roldur.

- Bu gün teatrımızın və kinomuzun gələcəyindən arxayınsınızmı?

Bəli, arxayınam. Çünki içimdə həmişə bir ümid var. İstedadlı gənclər var-çabalayırlar, çalışırlar, yeni işlər ərsəyə gətirmək üçün mübarizə aparırlar.
Mən həmişə deyirəm: bir var sənətkarlar, bir də var həvəskarlar. Sənətkarlarla həvəskarları qarışdırmaq olmaz. Bir var yalnız öz cibini düşünənlər, bir də var sənətə iz qoymaq, tarix üçün nəsə yaratmaq istəyənlər. Bax, bu tarix üçün çalışan gənclər var. Mən onları görmüşəm-düşünürlər, axtarırlar, yeni yollar tapmağa çalışırlar.
Allah onların sənət yollarını açıq eləsin! Deyirlər ki, istedadlıya kömək etmək lazımdır, çünki istedadsız onsuz da bir yol tapır. Tarix boyunca bu həmişə belə olub.

- Səhnədə tamaşa zamanı hansı hadisəni xatırlayanda ən çox təsirlənirsiniz?

- Hər dəfə "Qarabağnamə" tamaşasını oynayanda içimdə bir itki hissi canlanır - sanki hər səhnədə bir övladımı itirirəm. Qarabağ deyə-deyə dünyasını dəyişən qohumlarımın hamısı gözümün önünə gəlir, xatirələr dalğa-dalğa ruhuma toxunur.
- Qardaşım yaxşı ki, Qarabağa getdi və onu gördü. Amma mən ondan da əvvəl səhnəyə çıxıb *Qarabağnaməni* oynadım—çünki bu bizim işimizdir, bu bizim missiyamızdır. Hər dəfə bu tamaşa mənə keçmişin ağır günlərini göstərir, yaşadığım hissləri yenidən yaşadır.

Mən heç vaxt kiməsə yük olmaq istəməmişəm. Həmişə düşünmüşəm ki, hər şey öz axarı ilə gəlsin, məcburiyyət olmasın. Bəzən insan heç gözləmədiyi anda yenidən sənətə dönür-məsələn, "Varlı qadının" bərpası mənim üçün tam təsadüf idi. Amma bu tamaşa məni yaşadığım ağırlıqdan çıxartdı.
İki ildir televizora çıxmıram, qardaşımdan sonra heç bir toya getmirəm. Amma bu tamaşada sanki onun ruhu şad oldu. O, həmişə fəxr edirdi ki, “filan yerdə oynayırsan, filan tamaşanı canlandırırsan.” Mən də qardaşımın ruhunu şad etmək üçün o tamaşanı oynadım - qoy bilsin ki, özümə qapılmamışam, hələ də sənətimin içindəyəm. Onların ruhlarını incitməyək.

- Hər bir aktrisanın həyatı elə bir kino və tamaşadır. Öz tale dramınızı yazıb səhnələşdirmək istərdinizmi?

- Yox. Qoy o sirr qalsın. Heç vaxt istəməzdim.

- Yaşar Nuri ilə eyni səhnəni paylaşmaq necə bir hiss idi?

- Bu, çox məsuliyyətli və unudulmaz bir hiss idi. O dövrdə məhləmiz Şuşada Aslan Qaraşarov adına idi - hələ Merdeni adlanmırdı. Merdeni qədimi bir addır. O vaxt televizorda Aslan Qaraşarovun obrazını Yaşar Nuri oynayırdı - əsgərlikdən gələn bir gənc kimi. Öz-özümə dedim ki, “bu aktyor bizim məhlənin adını canlandırır!”
İnstitutda isə harada məni görsə, deyirdi: “Sən Ofeliya Sənanin qohumusan?” Mən isə hər dəfə cavab verirdim: “Yox, heç bir əlaqəmiz yoxdur.” Amma nədənsə məni ona oxşadırdı.
Sonra televiziya tamaşasına çəkilirdi, mən də çəkilişə getdim. O, qırçı rolunu oynayırdı, biz isə onun yanında rəqs edirdik - rəqs edənlərdən biri də mən idim. Qismət elə gətirdi ki, sonradan biz eyni rolda bir araya gəldik.
İlk vaxtlar ondan çox çəkinirdim, gözünün içinə baxmağa ürək etmirdim. O isə çığırırdı: “Gözümün içinə bax, mənə bax!” O bunu tələb edirdi. Sonralar isə onunla elə məşq edirdim ki, artıq heç “belə bax” demirdi. O şəraiti yaratdı ki, mən oynaya bildim. Onun səviyyəsində olmasa da, ən azı ona yaxınlaşmağa çalışdım.

- Yaşar Nuri ilə bağlı yaddaşınızda qalan ən yaddaqalan hadisə hansıdır?

- Biz tez-tez qastrol səfərlərinə gedirdik, çox vaxt Vətən Cəmiyyətinin xətti ilə yol alırdıq. Aeroportda bizi bir yerdə görəndə bəzən tamaşaçılar yanımıza gəlib sevinclə deyirdilər: “Allaha qurbanın olum, axır ki, bunlar evləndilər, bir yerdədilər!” Biz də yalnız gülümsəyirdik, çünki artıq yorulmuşduq bu suallara cavab verməkdən. Gülüb deyirdik: “Hə, sən deyəndi!”
Çəkilişlər zamanı isə onun hazırcavablığı unudulmaz idi. Qəribə xasiyyəti vardı—bəzən çəkilişə hazırlaşırdıq, hər şey tamamlanmaq üzrə idi, amma o, heç gözləmədən çəkilmədən gedirdi. Mən priçoska ilə qalmışdım, ona deyirdim: “Bir də sənlə çəkilsəm, baxarsan!” Sonra uzun müddət küsülü qalırdıq, danışmırdıq. Elə də olurdu—tərs tutmaları vardı.

- Yaşar Nuri ilə eyni səhnəni paylaşanda tamaşaların uğurlu alınması üçün nə edirdiniz? Onun əsas ilham mənbəyi nə idi?

- Onun çox böyük fantaziyası var idi, hər an hazır cavab verirdi. Səhnədə improvizasiya qabiliyyəti onun güclü tərəflərindən biri idi. Bizim qəribə bir taleyimiz vardı: bir səhnədə elə bir məqam yaranırdı ki, guya mən onu sevirəm. Amma əslində sevmirdim.
O, həqiqəti öyrənəndə səhnədə məni necə döyürdüsə, tam səmimiyyətlə hərəkət edirdi. Mən də ona deyirdim ki, yaxşı vur, hər şey doğru və təbii alınsın. Çox ağır bir səhnə idi. Onun təsir gücü heç kimin yadından çıxmayacaq.

- Firəngiz xanım, artıq bir neçə ildir ki, Əməkdar incəsənət xadimi, rejissor və ssenarist Mehriban Ələkbərzadə Azdramaya bədii rəhbər təyin edilib. Onu bir rejissor kimi necə dəyərləndirir, qiymətləndirirsiniz? Onun hansı tamaşalarında baş rolu canlandırmaq istərdiniz?

- İnşallah, heç baş rol olmasın. Mənim üçün əsas olan rolun mahiyyətidir, xoşuma gəlsə, böyük məmnuniyyətlə oynayaram. Mehriban xanımın "Poçt şöbəsində Xəyal" tamaşasında oynamışam. Səhnədə mən Bəsti Cəfərova və Hicran Nəsirova ilə birlikdə olmuşam.
Onun bizə olan qayğısını hər zaman hiss etmişəm. Mən teatra nə zaman gəlsəm, o, qanıqara da olsa gülürdü. Sanki özümlə gülüş gətirirdim. O güləndə mənim çox xoşuma gəlirdi. Bəzən ona sadəcə zəng vurub deyirdim: "Mən ölüm, gül!" və gülüşlə cavab verirdi.
Biz bir çox dövlət tədbirlərində birlikdə iştirak etmişik. Mehriban xanım teatra gəldikdən sonra burada mühüm yeniliklər baş verdi. Gözəl yaradıcılıq gecələri təşkil olundu, Sankt-Peterburq səfərləri reallaşdı. İlk dəfə orada "İblis və..." tamaşasının premyerası oldu.
Uğurlar göz qabağındadır. Sevinən sevinsin, Allah sevindirsin. Sevinməyənlərə isə Allah özü sahib olsun. Mən Mehriban xanıma uğurlar, səbr və təmkin arzulayıram. Narazılıq hər yerdə olur, heç kim heç kimdən tam razı deyil. Amma mən öz adımdan deyə bilərəm ki, Mehriban xanımın özündən də, işlərindən də çox razıyam.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2025