Mobil versiya
YAP nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib -Fotolar
Tarix: 23-04-2025 | Saat: 20:49
Bölmə:Manşet / Siyasət | çapa göndər

YAP nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Kommunist Partiyasının dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Siyasi Partiyalar Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasına səfər edib.

Aprelin 23-də YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Sincan-Uyğur Muxtar Rayonu Partiya Komitəsinin katibi Ma Sinjuy ilə nümayəndə heyətlərinin rəhbərləri arasında keçirilən görüşdə iştirak edib. Ma Sinjuy Çinin Foruma dəvət olunmuş bütün siyasi partiyaların təmsil etdikləri ölkələrlə istər ikitərəfli, istərsə də Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb.

Daha sonra nümayəndə heyəti Urumçi şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Siyasi Partiyalar Forumunun açılış mərasimində və plenar sessiyasında iştirak edib. 23 ölkədən 200 nəfərə yaxın nümayəndənin iştirak etdiyi Forumun açılış mərasimində Sincan-Uyğur Muxtar Rayonu Partiya Komitəsinin katibi Ma Sinjuy, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Cyançao, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Nurlan Yermekbayev, eləcə də bir sıra üzv ölkələrin siyasi partiya təmsilçilərinin çıxışlarında 2001-ci ildə yaradılmış ŞƏT-in bugünədək keçdiyi inkişaf yoluna nəzər salınaraq təşkilatın Avrasiyada siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq şəraitində sabitlik, təhlükəsizlik və dayanıqlı inkişafa verdiyi töhfələr xüsusi vurğulanıb. Qeyd olunub ki, ŞƏT-in daimi sülh və çoxtərəfli işbirliyini təşviq edən beynəlxalq təşkilat kimi nüfuzunun artması onun üzvləri və tərəfdaşlarının sayının çoxalmasını da şərtləndirib.

YAP nümayəndə heyəti Sincan-Uyğur Muxtar Rayonu Partiya Komitəsinin katibi Ma Sinjuy və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Cyançaonun adından verilən rəsmi ziyafətə də qatılıb.

Səfər çərçivəsində, həmçinin nümayəndə heyətinin Urumçi Şəhər Planlaşdırılması Muzeyi, Urumçi Şəhər İdarəetmə Mərkəzi, Urumçidəki Beynəlxalq Sərgi və Konfrans Mərkəzindəki terrorizm və ekstremizmlə mübarizə sərgisi ilə tanışlığı olub. Eyni zamanda, muxtar rayonun Çantsi şəhərində elektrik enerjisinin ötürülməsi və transformasiyası üçün avadanlıqlar istehsal edən TBEA şirkətinin qərargahı və Sincan Kənd Təsərrüfatı Sərgi Parkına ziyarət təşkil edilib.

Qeyd edək ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinə Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin müdiri Hülya Məmmədli və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev daxildir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2025