Mobil versiya
Səttar Möhbalıyev: “Ulu Öndər Heydər Əliyevin 1978-ci ildə irəli sürdüyü tarixi təşəbbüs ana dilimizin müqəddəratını həll etdi”
Tarix: 23-04-2025 | Saat: 14:29
Bölmə:Manşet / Siyasət | çapa göndər

Səttar Möhbalıyev: “Ulu Öndər Heydər Əliyevin 1978-ci ildə irəli sürdüyü tarixi təşəbbüs ana dilimizin müqəddəratını həll etdi”

“SSRİ-nin ideoloji cəngəlliklərlə bürünmüş 70-ci illərində Azərbaycan dili uğrunda mübarizə aparmaq, təkcə mədəniyyət və təhsil sahəsində deyil, eyni zamanda siyasi varlıq, milli kimlik və gələcək müstəqillik üçün strateji bir addım idi. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin 1978-ci ildə Azərbaycan dilinin Konstitusiya səviyyəsində dövlət dili kimi tanınmasına nail olması, yalnız mədəni təşəbbüs deyil, siyasi cəsarət, uzaqgörənlik və xalq qarşısında tarixi məsuliyyətin nümunəsi idi.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Millət vəkili onu da bildirib ki, Sovet ideoloji mühitində dil məsələsi risklər və təzyiqlər demək idi və bunu gerçəkləşdirmək üçün böyük cəsarət lazım idi: “1977-ci ildə SSRİ Konstitusiyasının qəbulundan sonra Kremlin milli respublikalar üzərində mərkəzləşdirilmiş nəzarəti daha da gücləndi. Moskva yalnız iqtisadi və siyasi qərarların mərkəzləşdirilməsi ilə kifayətlənmir, milli dillərin və mədəni kimliklərin “vahid sovet xalqı” ideologiyası altında zəiflədilməsinə yönəlmiş siyasət yürüdürdü. Bu ideoloji mühitdə dil məsələsini gündəmə gətirmək “milli separatizm” ittihamı ilə müşayiət olunur, belə təşəbbüslər sərt təzyiqlərlə qarşılanırdı. Bu siyasi kontekstdə, Azərbaycanın rəhbəri olan Heydər Əliyevin ana dilinin hüquqi statusunu qorumağa cəhd etməsi sadəcə idarəçilik jesti deyildi — bu, mərkəzdən gələn basqılara qarşı milli iradənin nümayişi idi. Ulu Öndərin bu mövqeyi, təkcə Azərbaycan ziyalıları tərəfindən deyil, bütün xalq tərəfindən qürur və ehtiramla qarşılandı. Heydər Əliyevin təşəbbüsü və siyasi qətiyyəti ilə 1978-ci il aprelin 27-də qəbul edilən Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsində “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” ifadəsinin yer alması, milli dövlətçilik baxımından dönüş nöqtəsi oldu. Bu müddəa o dövr üçün həm rəmzi, həm də praktiki əhəmiyyət daşıyırdı. Yəni rəmzi olaraq, bu addım azərbaycanlıların milli varlığının hüquqi ifadəsi idi.”

Deputat fikirlərini davam etdirərək bildirib ki, dövlət dili statusu, xalqın öz kimliyini qorumaq üçün sanki Sovet totalitarizmi qarşısında bir sədd idi: “Praktiki baxımdan bu qərar ana dilində təhsil, mətbuat, ədəbiyyat və inzibati idarəçilik sahələrində müəyyən avanqard imkanlar yaratdı. Bu təşəbbüs, Heydər Əliyevin sadəcə bir idarəçi olmadığını, milli ruhun, milli ideyanın daşıyıcısı olduğunu sübut etdi. Dahi şəxsiyyət gələcək müstəqillik üçün ən vacib atributlardan biri olan dilin qorunması ilə Azərbaycanın gələcək suverenliyinin təməl daşlarını qoyurdu. Bu həm də müstəqilliyə aparan yolun ideoloji başlanğıcı kimi də tarixi əhəmiyyət daşıyırdı. Ulu Öndər Heydər Əliyevin 1978-ci ildəki bu mövqeyi, yalnız keçmişə deyil, həm də gələcəyə yönəlmiş strateji bir baxış idi. SSRİ-nin dağılmasından sonra, müstəqil Azərbaycanın dil siyasəti üçün hüquqi və ictimai baza artıq hazır idi. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycan Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması məhz bu siyasi iradənin davamı idi. Bu konstitusion nailiyyətlərin təməlində Heydər Əliyevin 70-ci illərdə göstərdiyi cəsarət dayanır. O, SSRİ dövründə bu cür təşəbbüslərin necə ağır nəticələr doğura biləcəyini yaxşı bilirdi. 1930-cu illərdə dil məsələsinə toxunanlar Sibir sürgünləri ilə “mükafatlandırılmışdı”. Bu tarixi təcrübəni nəzərə alaraq belə bir qərarın verilməsi Ulu Öndərin həm siyasi uzaqgörənliyini, həm də xalqına bağlılığını bir daha təsdiqləyir. Dil uğrunda bu mübarizə milli iradənin manifesti kimi qiymətləndirilir. Ulu Öndər Heydər Əliyevin dil siyasəti Azərbaycan tarixində milli özünüdərk prosesinin mühüm mərhələsi kimi yadda qalacaq. Bu gün Azərbaycan dilinin dövlət dili statusunda möhkəmlənməsi, beynəlxalq səviyyədə tanınması və dünya azərbaycanlılarının birliyi üçün əsas vasitəyə çevrilməsi məhz bu cəsarətli qərarın nəticəsidir” – deyə, Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2025