Mobil versiya
Bu tarix heç zaman unudulmayacaq - DEPUTAT
Tarix: 25-03-2025 | Saat: 19:11
Bölmə:Manşet / Siyasət | çapa göndər

Bu tarix heç zaman unudulmayacaq

Azərbaycanın müstəqilliyi tarixin çətinliklərindən keçib. Bu çətinliklər Azərbaycanın müstə­qil dövlət olmasını istəməyənlərin, düşmənlərin, düşmənlərə siyasi və hərbi yardım göstərənlərin fəaliyyəti ilə yaranmış çətinliklər idi. Lakin xalqın mübarizə əzmi, dövlət müstəqiliyinin bərpa olun­ması istəyi bu çətinlikləri dəf edərək tarixin sabahlarına yol gedirdi. Ötən əsrin əvvəlləri idi…

Erməni-daşnak qüvvələri Azərbaycanda kütləvi qırğınlar törədirdi. Azərbaycanda milli dövlət quruculuğu ərəfəsində bu qırğınlar Azərbaycanın müstəqilliyinə qarşı yönəldilsə də, Ermənistanın başlıca məqsədi Azərbaycanın ərazilərindən torpaq mənimsəmək, mənimsədiyi tor­paq­ları öz əra­zi­sinə qatmaq idi. Bu məqsədlə Ermənistan Azərbaycanın ərazilərində azərbay­can­lı­lara qarşı küt­lə­vi qırğınlar törədirdi; 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliy­yət göstərən daşnak-bolşevik silahlı dəstələri xüsusi qəddarlıqla kütləvi qır­ğın­lar törətdi. Bu qırğınlar soyqırım həddində həyata keçirilirdi, xüsusi amansızlığı ilə yerinə yetirilirdu. 1918-ci il martın 30-dan aprelin 3-nə kimi Bakıda, Qarabağda, Naxçıvnda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Salyanda, Zəngəzurda, İrəvanda Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 min­dən çox azərbaycanlını qətlə yetirdi, 10 minlərlə insanı öz ev-eşiyindən qovdu. Təkcə Şamaxıda 7 min nəfər (bunlardan 1653-ü qadın, 965-i uşaq idi) öldürülmüşdü, 120 kən­­din 86-sı erməni təca­vü­zünə məruz qalmışdı.

Quba qırğınlarında şəhərdə təxminən 2900 nəfər, Quba qəzasında ümumilikdə 4000 nəfər­dən çox adam öldürülmüşdü, Quba qəzasının 122 kəndi tamamilə dağıdılmışdı, 2750-dən çox ev ta­ma­milə yandırılmışdı.

Tarix gec-tez bütün gizlinclərin üstünü açır, gerçəkliklər üzə çıxır. Ermənistan on illərlə qırğınlarn olmadığını bildirirdi. Ancaq 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkar edildi. Bu, zamanında erməniliyin törət­diyinin tarixi sübutu idi! Qubada aşkar edilən kütləvi məzarlıqdan tapılan insanların cəsədləri üzə­rində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verdi. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edildi və 2013-cü il sentyabrın 18-də açıldı. Kompleksin ümumi sahəsi 3,5 hektardır, 5 hissədən ibarətdir.

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı. Bu Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Həmin Fər­ma­nın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etdi.

Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlı­la­rın soyqırımının 100 illiyi haqqında” Sərəncam imzaladı. Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Adminis­tra­siyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırıldı, Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edildi.

Ulu Öndər Heydər Əliyev 2003-cü ildə demişdi: “1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlanmışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliy­yət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü il sentyabrın 18-də Qubada Soyqırımı memorial komplek­si­nin açılışı zamanı dedi: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbay­canın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqı­rımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuş­dur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkə­ran­da, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soy­qı­rımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cina­yət­lər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”.

Emənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlar, kütləvi qırğınlar Birinci Qarabağ müharibəsində də davam etdirilib. Edilli kütləvi məzarlığı, Əsgəran qalasının yaxınlı­ğın­da aşkarlanan kütləvi məzaqlıq və başqaları bunun təsdiqidir…

31 mart tarixi heç zaman unudulmayacaq. Nə tarixdən, nə də yaddaşlardan…

Səbinə Xasayeva,
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə