Mobil versiya
Bəşər tarixinin misli görünməmiş soyqırımı faktı
Tarix: 25-03-2025 | Saat: 10:05
Bölmə:Siyasət | çapa göndər

Bəşər tarixinin misli görünməmiş soyqırımı faktı

Azərbaycan xalqına qarşı törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış 31 Mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. 
Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirilmişdir. Azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə bu ərazilərdə mifik “böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji və hərbi təcavüzünə məruz qalmışlar. Xalqımızın çoxəsrlik tarixi kobudcasına saxtalaşdırılmış, mədəniyyət abidələrimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir.

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər.
Tarixin ötən 200 illik səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır.
Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.
1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir.
Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.
Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir.
1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.
 
Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.

 İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılmış, əhalisi məhv edilmişdir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

Erməni daşnak-bolşevik silahlı dəstələri və terrorçu təşkilatlarının ötən əsrin əvvələrində Azərbaycan xalqına qarşı törətdikləri insanlıq əleyhinə olan cinayətləri barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyası nəticəsində Ermənistanın dövlət səviyyəsində yeritdiyi terrorçuluq, hərbi təcavüz və silahlı separatçılıq siyasəti ifşa olunur, Azərbaycanın haqq səsi daha ucadan eşidilir.
Dövlətimizin başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın misilsiz xidmətləri və əvəzsiz səyləri nəticəsində dünyanın aparıcı ölkələrində, eləcə də nüfuzlu təşkilatlarla düzgün və ardıcıl işin həyata keçirilməsi ermənilərin uydurma iddiaları ilə əsrlərlə formalaşmış stereotiplərin və yanlış siyasi yanaşmaların dəyişməsinə səbəb olub.

Bu gün biz Azərbaycan xalqı olaraq hamılıqla soyqırım qurbanlarımızın xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik. 

Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə