Mobil versiya
Adəm İsmayıl Bakuvi: “ABŞ-Azərbaycan əlaqələrinin bərpası bütün Cənubi Qafqazın maraqlarına xidmət edəcək”
Tarix: 15-03-2025 | Saat: 17:30
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Adəm İsmayıl Bakuvi: “ABŞ-Azərbaycan əlaqələrinin bərpası bütün Cənubi Qafqazın maraqlarına xidmət edəcək”

“Ölkə Prezidenti cənab İlham Əliyevin martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsi bir çox önəmli açıqlamalarla, dərin təhlilə əsaslanan maraqlı proqnozlarla zəngin oldu. Qeyd etmək lazımdır ki, istər cəlb olunduğu münaqişənin həlli yollarının tapılması, istər müstəqil və güclü iqtisadiyyatın yaradılması, istərsə də beynəlxalq əlaqələrin yalnız qarşılıqlı hörmət prinsipləri əsasında qurulması ilə bağlı Azərbaycanın effektiv təcrübəsi getdikcə daha çox ölkənin diqqətini cəkir. Artıq dünyada gedən proseslərə Azərbaycanın və Azərbaycan Prezidentinin baxış bucağı, yanaşma tərzi getdikcə daha böyük diqqətlə öyrənilir. Biz bunu “Euronews” kanalının müxbirinin suallarından da açıq-aşkar görə bilirik.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi səsləndirib.


Fikirlərini davam etdirən müsahibimiz bildirib ki, Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqların planetin digər regionlarına transformasiyası bu gün bəşəriyyəti bir çox fəlakətlərdən qoruya biləcək ideya kimi qiymətləndirilir: “Əlbəttə ki, istənilən müharibənin dərhal dayandırılması, atışkəsə nail olunması və növbəti insan qurbanlarının qarşısının alınması üçün hansısa universal bir təlimat və ya qaydaların mövcud olmadığı hər kəsə məlumdur. Bununla belə müsbət təcrübənin öyrənilməsi və müəyyən düzəlişlərlə tətbiqi əksər hallarda arzuolunan nəticələrə də gətirib çıxara bilər. O cümlədən Rusiya-Ukrayna məsələsinə və Yaxın Şərqdə cərəyan edən hadisələrə münasibət bildirən cənab Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, belə hallarda münaqişəyə cəlb olunmuş ölkələr ilk növbədə heç kəsə və ya heç bir təsisata arxalanmamalıdırlar. Çünki xarici yardım bir tərəfdən yardım alan ölkəni zəiflədir, ikinci bir tərəfdən də bu yardımın daimi olacağına dair əlbəttə ki, heç bir zəmanət yoxdur. Ən pisi də budur ki, davamlı olaraq yardım alan ölkə öz suverenliyinin bir hissəsini itirmiş olur. Çünki yardım edən tərəf də bir gün elədiklərinin hesabatını tələb edəcək. Cənab Prezident ən düzgün yolun ölkənin yalnız öz resurslarına güvənərək müstəqil iqtisadiyyat qurmasından, öz suverenliyini və ərazi bütövlüyünü özünün öz gücünə bərpa etməsindən və öz gələcəyini özünün qurnasından ibarət olduğunu xüsusi vurğuladı. Əlbəttə ki, bu baxımdan Azərbaycanın təcrübəsi çox qiymətlidir və bu təcrübənin digər regionlara transformasiyası mümkün olduğu halda, bu, bir çox problemlərin həllinə zəmin yarada bilərdi. Əfsuslar olsun ki, bu gün dünyada hərbi münaqişələrin sayı artmaqdadır və hələ ki, dövlət başçımızın qeyd etdiyi kimi, yalnız Qarabağda olan münaqişə beynəlxalq hüquq çərçivəsində və tarixi ədalət əsasında öz həllini tapıb.”

Daha sonra politoloq belə bir önəmli məqamı da qeyd edib ki, Azərbaycan öz müstəqilliyini qorumaqla yanaşı, eyni zamanda da beynəlxalq əlaqələrini, xüsusən də qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini inkişaf etdirməkdə son dərəcə maraqlıdır: “Bu gün Azərbaycan özünü Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasına görə əsas məsuliyyətli tərəflərdən biri kimi görür. Buna nail olmaq üçün isə əlbəttə ki, birtərəfli səylər bəzən kifayət etməyə bilər. Məhz bu baxımdan Azərbaycan dünya liderliyinə iddialı böyük dövlətlərlə tərəfdaşlıq əlaqələrinə mühüm önəm verir. O cümlədən 30 ilə yaxın müddət ərzində Azərbaycanın ABŞ ilə çox gözəl münasibətləri formalaşmışdı. Təəssüflər olsun ki, Baydenin prezidentliyi dövründə bu ölkənin Dövlət Departamentinin və şəxsən cənab Blinkenin Azərbaycanla bağlı siyasəti sırf ermənipərəst maraqlar üzərində qurularaq, ölkələrimiz arasında münasibətləri heçə endirdi. Lakin Donald Trampın yenidən Amerikanın Prezidenti seçilməsi bu vəziyyətin dəyişə biləcəyinə böyük ümidlər yaradır. Azərbaycan Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərinin və güclü tərəfdaşlığın yenidən qurulmasına çox nikbin baxır və bu əlaqələrin bütün Cənubi Qafqazın maraqlarına xidmət edəcəyinə inanır” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə