Mobil versiya
Bildiyimiz dünya nizamı artıq mövcud deyil
Tarix: 15-03-2025 | Saat: 13:15
Bölmə:Siyasət | çapa göndər

Bildiyimiz dünya nizamı artıq mövcud deyil

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib. Prezidenti İlham Əliyev müsahibəsində deyib: “Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var”.
Azərbaycanın Qarabağı erməni işğalından azad etdikdən sonra Qərbin siyasi təzyiqləri ilə üzləşməsi müasir dünyada ikili standartlar siyasətinin geniş tətbiq olunduğunu açıq şəkildə ortaya çıxarır.
Avropa Şurasının (AŞ) Azərbaycana qarşı tətbiq etdiyi ikili standartlar təsadüfi xarakter daşımır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Avropa strukturları dünyanın müxtəlif bölgələrində, o cümlədən Cənubi Qafqazda münaqişəli vəziyyətin davam etməsində və bununla da regiona müdaxilə edib qlobal siyasətdə dominant rolunda qalmaqda maraqlıdırlar. Bu tezisi sübuta yetirmək üçün 1994-cü ildə Qarabağ münaqişəsinin həll olunması üçün yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətini, daha doğrusu, fəaliyyətsizliyini göstərmək olar. BMT-nin Qarabağın Azərbaycana məxsus olduğunu rəsmi sənədlərlə təsdiqləməsinə baxmayaraq, qurum ötən 30 ildə münaqişənin həlli üçün heç bir müsbət addım atmadı.
Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sərdi Sergey Çekov mətbuata açıqlamasında bildirib ki, Avropa Şurası üçün ikili standartlar siyasəti normadır. Bu qurum yeni üzvlər cəlb edərək genişlənsə də, heç bir dövlətin milli maraqlarını nəzərə almır və yalnız özünün korporativ maraqlarından çıxış edir.
Azərbaycanın torpaqlarını işğaldan azad etməsindən sonra Avropa Şurasının bu cür qeyri-adekvat mövqeyi hansı siyasi məntiqə sığır? Dünyada sülhün, sabitliyin, demokratiyanın və bu kimi digər dəyərlərin carçısı olan Avropa Şurası Cənubi Qafqazda davamlı sabitliyin bərpasından niyə narahatdır? Ermənistanı silahlandırmaq görəsən hansı məqsədlərə xidmət edir? Paradoksal hal ondan ibarətdir ki, rəsmi İrəvan işğal faktını qəbul edərək Azərbaycanla müəyyən məsələlərdə razılığa getmək niyyətindədir. Lakin Avropa Şurası Azərbaycanı ittiham etməkdə davam edir.
Türkiyənin “Ulusal” televiziya kanalının siyasi şərhçisi Yakub Aslan bildirib ki, Avropanın bir sıra dövlətləri insan hüquqları və demokratiya anlayışlarını təzyiq alətinə çevirərək bu və ya digər dövlətə qarşı istifadə edir. Halbuki pensiya və miqrasiya ilə əlaqədar islahatlara etiraz edən “sarı jiletlilər”in Fransada keçirdikləri aksiyalar zamanı rəsmi Paris demokratiyadan necə sui-istifadə etdiyini bütün dünyaya göstərdi. Bundan başqa, Fransa polisinin mühacir gəncləri qətlə yetirdikdən sonra ölkədə baş qaldıran kütləvi aksiyaların polis tərəfindən xüsusi qəddarlıqla yatırıldığını da gördük. Fransa və Avropanın digər siyasi strukturları hər zaman müsəlman ölkələrinə qarşı qeyri-konstruktiv mövqedə dayanıb. Məsələn, Türkiyənin Avropa İttifaqına (Aİ) üzv kimi qəbul edilməməsini göstərmək olar. Siyasi və iqtisadi inkişafına görə Türkiyədən dəfələrlə zəif olan ölkələr Aİ-yə tamhüquqlu üzv kimi qəbul edilib. Hətta 1960-cı ildə yaradılan və dünyanın bir çox ölkələri tərəfindən müstəqil dövlət kimi tanınmayan Kipr də 2004-cü ildə Aİ-yə üzv qəbul olundu. Lakin Türkiyənin iqtisadi, siyasi və demokratiya sahələrində böyük uğurlar qazanmasına baxmayaraq, 50 il aparılan danışıqlar nəticəsiz qaldı və rəsmi Ankaranın İttifaqa üzv qəbul edilmədi.
Bu gün Avropa mətbuatı insan hüquqları, demokratiya mövzularına tez-tez toxunur və dünyanın üçüncü ölkələrinə necə yaşamağı öyrətməyə çalışır. Lakin Avropanın hər hansı bir dövlətinin törətdiyi qanlı hadisələr barədə heç nə yazılmır. Qərbin demokratiya gətirdiyi Suriya, İraq, Liviya, Əfqanıstan və başqa dövlətlərin vəziyyəti göz qabağındadır. Demokratiya adı altında hərbi müdaxiləyə məruz qalan bu dövlətlərin iqtisadiyyatı və siyasi quruluşu dağıdıldı, əhalisi qaçqın düşdü, sərvətləri isə talan edilir. Bu günkü reallıq ondan ibarətdir ki, bəzi ölkələrin apardığı ikili siyasət və ədalətsiz yanaşmalar dünya nizamının artıq mövcud olmadığının sübutudur.

Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025