Mobil versiya
Prezident İlham Əliyev: "Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir”.
Tarix: 26-02-2025 | Saat: 17:00
Bölmə:Özəl | çapa göndər

Prezident İlham Əliyev: "Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir”.

Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji əməkdaşlıq uzun illərə söykənən dostluq və qardaşlıq, həmçinin ortaq tarix, mədəni və dini dəyərlər prinsiplərinə əsaslanır. Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Məsələn, beynəlxalq miqyasda Azərbaycanın ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyən Pakistan istər İkinci Qarabağ müharibəsində, istərsə də ordumuzun Qarabağda kök salmış terrorçu-separatçı qüvvələrə qarşı keçirdiyi lokal antiterror tədbirləri zamanı siyasi, mənəvi dəstəyi ilə ölkəmizin haqq işini müdafiə edib. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində Pakistanla əlaqələrimizi belə xarakterizə edib: “Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib”. Hazırda Pakistan Ermənistanın sülh danışıqlarına biganə yanaşmasına, öz havadarları sayəsində sürətlə silahlanmasına qarşı öz etirazını bildirməkdədir. Hətta bu yaxınlarda “hazırda həll olunmuş münaqişəni yenidən qızışdırmaq üçün cəhdlər var” deyən Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin bildirib ki, Azərbaycanın müsbət jestlərinə Ermənistanın qarşılıq verməməsi narahatlıq doğurur: “Ermənistanın baş naziri Azərbaycanın hərbi cəhətdən regionun ən güclü dövləti olduğunu nəzərə alaraq müdrik məsləhətləri dinləməlidir”.
Azərbaycan ilə Pakistan arasında diplomatik əlaqələr 1991-ci ildə qurulub. İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Prezident İlham Əliyev də Pakistanla əlaqələrin inkişafını diqqət mərkəzində saxlayır. 2015-ci il martın 11-14-də Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük təkan verib. Prezident İlham Əliyevin ötən il iyulun 11-12-də Pakistana dövlət səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edib. Həmin səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 15 sənədin mübadiləsi Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazasını daha da genişləndirib.
Pakistan keçmiş Qarabağ münaqişəsi dövründə və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini daim açıq şəkildə dəstəkləyib. İslamabad hökuməti Ermənistanın işğalçılıq siyasətini sərt tənqid edərək, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini hər zaman ifadə edib. Məhz bu prinsipial mövqeyə görə Pakistan Ermənistanla heç vaxt diplomatik münasibətlər qurmayıb və onunla iqtisadi-ticari əməkdaşlıqdan imtina edib. Bu qərar Azərbaycana verilən sarsılmaz dəstəyin bariz nümunəsidir.
Xüsusilə 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi zamanı Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğunu göstərdi. Müharibə dövründə Pakistan rəsmiləri Azərbaycanın haqq işini açıq şəkildə müdafiə edərək, Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pislədilər. Həmçinin Pakistan parlamenti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəkləyən rəsmi bəyanatlar qəbul edib.
Azərbaycanla Pakistan arasında hərbi sahədə də əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və daim inkişaf etməkdədir. İki ölkə arasında müxtəlif səviyyələrdə müdafiə sahəsində anlaşmalar imzalanıb, birgə hərbi təlimlər təşkil edilib və müdafiə sənayesi sahəsində əməkdaşlıq genişləndirilib. Pakistanın güclü hərbi sənaye potensialı, xüsusilə aviasiya və müdafiə texnologiyaları sahəsindəki təcrübəsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Silahlı Qüvvələri ilə Pakistan Ordusu arasında da sıx əlaqələr mövcuddur. Hərbi-texniki sahədə qarşılıqlı dəstək, təcrübə mübadiləsi və kadr hazırlığı bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycan Ordusunun zabitləri Pakistanın nüfuzlu hərbi akademiyalarında təhsil almaq və peşəkar biliklərini artırmaq imkanı əldə edirlər.
Son illərdə Pakistanın istehsal etdiyi müasir döyüş texnikaları, xüsusilə aviasiya sahəsindəki yeniliklər Azərbaycanın diqqət mərkəzində olub. Bu əməkdaşlığın ən son və mühüm nailiyyətlərindən biri Azərbaycanın JF-17C çoxməqsədli döyüş təyyarələrini əldə etməsidir. 2024-cü il sentyabrın 25-də Prezident İlham Əliyevə yeni təyyarələrin təqdim edilməsi Azərbaycanın müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilməlidir. Bu, Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni mərhələyə keçdiyini və strateji tərəfdaşlığın daha da gücləndiyini göstərir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-02-2025