Mobil versiya
"Davamlı inkişaf naminə qlobal tərəfdaşlıq" - Azər Kərimli
Tarix: 27-01-2025 | Saat: 12:45
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Davamlı inkişaf naminə qlobal tərəfdaşlıq"

Davosda keçirilən Dünya İqtisadi Forumunun 54-cü illik toplantısı qlobal iqtisadi və siyasi prioritetlərin müəyyənləşdirilməsi üçün əsas platformaya çevrilib. Prezident İlham Əliyev tədbir çərçivəsində keçirilən müzakirələrdə fəal iştirak edib və ölkəmizin etibarlı iqtisadi tərəfdaş və regional əməkdaşlıq qovşağı kimi artan rolunu vurğulayıb.

Prezident İlham Əliyevin üç gün ərzində dövlət başçıları, aparıcı qlobal korporasiyaların rəhbərləri, iri beynəlxalq təşkilatların nümayəndələri ilə apardığı danışıqlar Azərbaycanın qarşılıqlı faydalı tərəfdaşlığın inkişafında əsas aktor kimi mövqeyini daha da gücləndirib. Dövlətimizin başçısının iştirak etdiyi görüşlərdə investisiyaların cəlb edilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və qlobal enerji təhlükəsizliyi məsələləri müzakirə edilib ki, bu da ölkənin qlobal çağırışların həllində strateji əhəmiyyətini göstərir.

Almaniya kansleri Olaf Şolts və Xorvatiyanın baş naziri Andrey Plenkoviç ilə görüşlərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində, o cümlədən təbii qaz ixracının genişləndirilməsində və Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsindəki rolu müzakirə edilib. Latviya Prezidenti Edqars Rinkeviçs və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlarda Azərbaycanın siyasi, iqtisadi və enerji sahələrini əhatə edən ikitərəfli münasibətlərin inkişafına sadiqliyi təsdiqlənib.

İraq və İsrail rəhbərliyi ilə görüşlərdə də iqtisadi və mədəni əlaqələrin inkişafında qarşılıqlı maraq vurğulanıb. İraq Prezidenti Əbdül Lətif Camal Rəşid və İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə danışıqlarda ticarət və humanitar əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşdə isə Azərbaycan və İsrail xalqları arasında tarixi dostluğa bir daha diqqət çəkilib.

Prezident İlham Əliyevin dünya liderləri ilə görüşləri ilə yanaşı, iri beynəlxalq şirkətlərin rəhbərləri ilə danışıqları Azərbaycanın investisiya məkanı kimi cəlbediciliyini diqqət mərkəzinə çıxarıb. "Carlsberg Group"un müraciəti əsasında dövlətimizin başçısı Müşahidə Şurasının sədri Henrik Poulsen və baş icraçı direktoru Yakob Arup-Andersen ilə görüşüb. Şirkətin nümayəndələri ölkədəki əlverişli investisiya mühitini yüksək qiymətləndirib və Azərbaycanda istehsalın artırılması planlarını açıqlayıblar.

"DP World" şirkətinin baş direktoru Sultan Əhməd bin Sulayem ilə görüş də az əhəmiyyət kəsb etməyib. Müzakirələr zamanı Azərbaycanın regional nəqliyyat qovşağı kimi rolu, həmçinin Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin təklif etdiyi imkanlar müzakirə olunub. Danışıqlar Azərbaycanın qlobal ticarət və logistika inteqrasiyası üçün əhəmiyyətini təsdiqləyib.

Prezident İlham Əliyev "Goldman Sachs Group Inc" şirkətinin beynəlxalq məsələlər üzrə prezidenti Cared Koen ilə də görüşüb. 2010-cu ildən Azərbaycanla əməkdaşlıq edən şirkət ölkənin maliyyə sektorunun inkişafına dəstək verməyə və yeni investisiya imkanlarını araşdırmağa hazır olduğunu bildirib. Bu görüş Azərbaycanın qlobal maliyyə sisteminə inteqrasiyasının növbəti təsdiqi hesab oluna bilər.

Səfərin gündəliyində Azərbaycan Prezidentinin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Renaud-Basso ilə görüşü xüsusi yer tutur. Cari və gələcək layihələr, o cümlədən Gəncədə su ehtiyatlarının idarə olunması sisteminin maliyyələşdirilməsi müzakirə edilib. Görüşün yekununda Azərbaycanın aparıcı beynəlxalq maliyyə institutları ilə əməkdaşlığında növbəti mərhələyə çevrilən kredit sazişi imzalanıb.

Cənab Prezidentin Davosda keçirdiyi mühüm görüşlər Azərbaycanın dünya arenasında artan nüfuzunu bir daha təsdiq etdi.

Dünya liderlərinin və iri şirkətlərin Azərbaycanla müzakirələrdə fəal iştirakı Prezident İlham Əliyevin liderliyinə artan inamı və regionun gələcəyinin formalaşmasında ölkəmizin əhəmiyyətini nümayiş etdirir. Bu təmaslar Azərbaycanın iqtisadi potensialını, davamlı inkişaf və tərəqqi naminə qlobal tərəfdaşlıqların inkişafına sadiqliyini vurğulayır.

Azər KƏRİMLİ,
Milli Məclisin deputatı.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-01-2025