Mobil versiya
20 Yanvar faciəsinə ilk qiyməti Moskvada Ümummilli lider Heydər Əliyev verib
Tarix: 14-01-2025 | Saat: 10:43
Bölmə:Siyasət | çapa göndər

20 Yanvar faciəsinə ilk qiyməti Moskvada Ümummilli lider Heydər Əliyev verib

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda heç kəsin ağlına gəlməyən bir faciə törədildi. Bu faciənin təşkilatçısı SSRİ adlanan bir imperiyanın rəhbəri Qorbaçov və onun ətrafındakılar, o cümlədən, Qobaçova arxalanan erməni diasporası idi. SSRİ-nin mövcudluğunda əsas səbəblərdən biri olmuş, II Dünya müharibəsində qələbəni təmin edən Bakıya qoşun yeridildi, dinc əhali gülləbəran edildi. Bu faciə nəticəsində yüzlərlə adam qətlə yetirildi, yüzlərlə dinc sakin yaralandı, və itkin düşənlər də oldu. Xalqın qanına susamış cəlladlar yaralılara köməyə gələn tibb işçilərini, hətta az yaşlı uşaqları da qətlə yetirdilər. Azərbaycan xalqının inandığı, öz taleyini tapşırdığı sovet ordusu həmin gecə xalqımıza qənim kəsildi. Bakıda, Bakı-Quba, Bakı-Astara yolunda dinc insanlar qətlə yetirildi, dinc əhaliyə məxsus minik maşınları tırtılların altında qaldı və “sülhün müdafiəçisi” kimi qələmə verilən əsgərlər görünməmiş vəhşiliklər törətdilər. Baş vermiş faciədən xəbər tutulmasın deyə yanvarın 19-da telestudiyada partlayış törədildi, Bakının xarici aləmlə əlaqəsinin kəsilməsi üçün bütün vasitələrdən istifadə olundu. Hadisələrin gedişi göstərdi ki, bu faciəyə çoxdan hazırlıq görülüb, silahlı müdaxilənin bütün detalları dəqiqliklə hesablanıb. Yanvarın 20-də səhər tezdən Bakıda fövqəladə vəziyyət elan edildi. Yalnız yanvarın 21-də baş vermiş faciə haqqında radio ilə məlumat verildi. 20 Yanvar faciəsinə ilk dəfə sərt qiymət verən o zaman Moskvada yaşayan Ümummilli lider Heydər Əliyev oldu. O, Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək sərt bəyənatla çıxış etdi, baş vermiş faciənin bütün detalları haqqında ictimaiyyətə məlumat verdi və Qorbaçov komandasından bu hadisələrə siyasi qiymət verilməsini tələb etdi. Bakıda baş vermiş bu hadisədən dünya ictimaiyyəti yalnız Ümummilli liderin sərt reaksiyasından sonra xəbər tutdu. Ulu Öndər Heydər Əliyev bəyan etdi ki, bu faciə öncədən hazırlanmışdır, Bakıya qəddarlığı ilə seçilən hərbi hissələr yeridilmişdir. Ağır texnikadan, müxtəlif çaplı silahlardan istifadə edilərək dinc əhali kütləvi şəkildə gülləbəran edilib. Baş verən hadisəyə dünya ölkələri biganə qalmamalı, öz etiraz səslərini ucaltmalıdırlar. Lakin nə SSRİ hökuməti, nə də dünya ölkələri bu hadisəyə siyasi qiymət vermədilər. 20 Yanvar faciəsinin dünyaya yayılması üçün Heydər Əliyev bütün vasitələrdən istifadə etmişdir. Məhz onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Yanvar faciəsinə ilk siyasi qiymət verdi. 1994-cü il martın 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Bu Qərarın hazırlanması da bilavasitə Ulu Öndərin təşəbbüsü idi. Bu qərarla həmin faciəli gündə törədilmiş cinayətlər haqqında əsl həqiqətlər üzə çıxdı. Ümummilli liderin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi. Ulu Öndər bütün fəaliyyəti dövründə, keçirdiyi beynəlxalq görüşlərdə, iştirak etdiyi beynəlxalq tədbirlərdə 20 Yanvar faciəsini, o dövrkü SSRİ rəhbərliyinin terrorçu siyasətini işıqlandırmışdır. Bu gün beynəlxalq səviyyədə 20 Yanvar faciəsinin xatırlanmasında Ulu Öndərin böyük xidmətləri danılmazdır. O, 20 Yanvar hadisələrini, bu zaman şəhid olmuş dinc sakinləri daim xatırlatmışdır və bildirmişdir ki, xalqımızın Qanlı yanvar adlandırdığı 20 Yanvar faciəsi Azərbaycanın müstəqillik və suverenlik üçün apardığı mübarizənin başlanğıcıdır. Bu gün 20 Yanvar faciəsinin anılması, şəhidlərimizin ziyarət olunması, bu hadisənin Azərbaycan tarixində qeyd edilməsi birbaşa H. Əliyevin siyasətinin nəticəsidir. Bu gün də dövlətimiz bu faciənin qeyd olunmasında da Ulu öndərin siyasətini davam etdirir. Hər il 20 Yanvar faciəsi hüzn günü kimi qeyd edilir, bu hadisənin faciəvi nəticələri ilə bərabər xalqımızın tarixində xüsusi əhəmiyyət daşıyan bir hadisə olması qeyd edilir. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. Onu da deyim ki, 20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başladı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. Tarixi bir gerçəklik isə odur ki, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. İllər keçəcək, əsrlər bir-birini əvəz edəcək, lakin 1990-cı ilin 20 Yanvar faciəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək. 35 ildir 20 Yanvar şəhidlərinin məzarları xalqımız tərəfindən ehtiramla ziyarət olunur. Ən əsası Qanlı Yanvar hadisələri Azərbaycan xalqının milli kimliyinin formalaşmasına təsir göstərib. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.


David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025