Mobil versiya
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib - YENİLƏNİB
Tarix: 06-12-2024 | Saat: 18:27
Bölmə:Gündəm | çapa göndər

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Dekabrın 6-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komitənin sədri Hicran Hüseynova iclasda 3 məsələnin müzakirə ediləcəyini deyib.
Komitə sədri birinci məsələ olan “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirib ki, Azərbaycanda uşaqların həyatı, onların hüquqlarının müdafiəsi, inkişafı ilə bağlı çox böyük işlər görülüb, güclü qanunvericilik bazası yaradılıb. Qeyd edilib ki, yeni reallıqlar və çağırışlar fonunda uşaq hüquqlarının müdafiəsi sahəsi ildən-ilə təkmilləşdirilir. Təqdim olunan bu layihə də uşaqların hüquqlarının müdafiəsi və onların maraq və mənafelərinin qorunması baxımdan çox vacibdir.
Hicran Hüseynova layihədə təklif olunan “yetkinlik yaşına çatmayan” ifadəsinin “uşaq” ifadəsi ilə əvəzlənməsinin uşaq hüquqlarının müdafiəsi mexanizminin effektivliyinin artırılması cəhətdən əhəmiyyətini diqqətə çatdırıb. O, bildirib ki, sənəddə müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın cari işlərinin görülməsi və qərarlarının icrasına nəzarətin həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanında yaradılan katibliyin potensialının gücləndirilməsi təklif olunub.
Komitə sədri gündəliyin ikinci məsələsi olan Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirib ki, bu sənəd də uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə tənzimləmələrin effektivliyinin artırılması məqsədi ilə hazırlanıb.
Gündəliyin üçüncü məsələsi olan “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) isə məişət zorakılığı ilə bağlı müraciətlərə baxılma prosedurunun təkmilləşdirilməsini nəzərdə tutub.
Qanun layihələrinin müzakirəsində komitənin sədr müavini Jalə Əliyeva, komitə üzvləri İlham Məmmədov, Tamam Cəfərova, Sevinc Hüseynova, Mehriban Vəliyeva, Müşfiq Məmmədli, Səbinə Xasayeva, Günay Ağamalı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, ƏƏSMN-in Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin rəisi Elçin Nəsibov, Daxili İşlər Nazirliyinin şöbə rəisi Hikmət Quliyev, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsi rəisinin müavini Günel Səfərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov çıxış ediblər, dəyişikliklərin əhəmiyyətindən danışıblar, məsələ barədə fikir və qeydlərini səsləndiriblər.
Deputatlar hər üç qanun layihəsini baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
İclasda komitə üzvləri Ülviyyə Ağayeva, Pərvin Kərimzadə və digər rəsmi şəxslər də iştirak ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə