Mobil versiya
Qərbi Azərbaycanla bağlı saytın və “Danışır tarix” filminin təqdimatı olub
Tarix: 30-10-2024 | Saat: 13:30
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Qərbi Azərbaycanla bağlı saytın və “Danışır tarix” filminin təqdimatı olub

Oktyabrın 24-də Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsinin yekun tədbiri keçirilib.

Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan layihə çərçivəsində “www.qerbiazerbaycanirsi.az” (“www.westernazheritage.com”) elektron bazasının və “Danışır tarix” filminin təqdimatı olub.

"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə layihənin məqsədləri ilə bağlı tədbri iştirakçılarını məlumatlandırıb.

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə layihənin əhəmiyyətindən və informasiya mübarizəsində Azərbaycanın uğurlarından danışıb. M. Quluzadə qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı informasiya mübarizəsində əvvəllər geri qalsaq da, alimlərimizin və ictimai fəalların fəaliyyəti sayəsində bu sahədə indi vəziyyət yaxşılaşıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov qeyd edib ki, Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunması uğrunda aparılan mübarizədə qeyri-hökumət təşkilatlarının rolu danılmazdır. O vurğulayıb ki, Vətən müharibəsində hərbi qələbə qazanan Azərbaycan, indi informasiya müharibəsində də öz mövqeyini gücləndirməlidir.

Layihə rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, saytın yaradılmasında əsas məqsəd Qərbi Azərbaycan mövzusu ilə bağlı proseslərə töhfə verməkdir. O qeyd edib ki, Qərbi Azərbaycanda azərbaycanlılara məxsus maddi-mədəni irs nümunələri ermənilər tərəfindən dağıdılıb və ya saxtalaşdırılıb. Toponimlərin dəyişdirilməsi və azərbaycanlılara məxsus abidələrin erməniləşdirilməsi bu siyasətin bir hissəsi olub. Bu baxımdan Qərbi Azərbaycanın tarixi irsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün daha çox resursların yaradılmasına ehtiyac var.

“Bizdə Qərbi Azərbaycanın abidələri haqqında kitablar var və bir neçə saytda da abidələr haqqında məlumatlar mövcuddur. Lakin bu tipli elektron baza ilk dəfədir yaradılır. Bu elektron bazaya maddi-mədəni abidələrlə bağlı məlumatlar Azərbaycan və ingilis dillərində toplanılıb. E-bazada müxtəlif kriteriyalar üzrə: yerləşmə ərazisinə, növünə və əlifba sırasına görə axtarış sistemi qurulub. İlkin mərhələdə 250-yə yaxın maddi-mədəni abidə haqqında məlumatlar işlənilib bazaya daxil edilib”, - deyə Cəsarət Hüseynzadə bildirib.

Sonra "www.qerbiazerbaycanirsi.az" saytı haqqında videoçarx nümayiş olunub, saytın texniki imkanları və kontenti təqdim edilib.

İctimai birliyin sədri diqqətə çatdırıb ki, layihə çərçivəsində “Danışır tarix” adlı film də hazırlanıb. Film “Səlim karvansarası”, “Təpəbaşı məscidi” və “Əmir Səəd məqbərəsi” kimi tarixi abidələrdən bəhs edir.

C.Hüseynzadə vurğulayıb ki, Ermənistan ərazisində Azərbaycan abidələrinin ermənilər tərəfindən məhv edilməsi böyük tarixi və mədəni itkilərə səbəb olub. Bu abidələr Azərbaycan xalqının qədim tarixini və zəngin mədəni irsini əks etdirən dəyərli mənbələrdir. Onların məhv edilməsi milli kimliyin və mədəni irsin izlərini silmək cəhdidir. Xüsusilə məscidlər, məqbərələr, qalalar və qədim şəhərlər bu vandalizm aktlarından zərər çəkib. Beynəlxalq ictimaiyyət və mədəni irsin qorunması ilə məşğul olan təşkilatlar bu məsələyə diqqət yetirməlidir.
Filmin çəkilişlərinə tanınmış tarixçi və araşdırmaçı alimlər cəlb olunub.

Film nümayiş etdirildikdən sonra Milli Məclisin deputatları, vətəndaş cəmiyyəti nümayəndələri elektron baza və film haqqında fikirlərini bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2024