Mobil versiya
Azərbaycan – Qazaxıstan əlaqələri sağlam təməl üzərində qurulub
Tarix: 23-10-2025 | Saat: 16:41
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan – Qazaxıstan əlaqələri sağlam təməl üzərində qurulub

Cənab Prezident İlham Əliyevin dost və qardaş Qazaxıstana həyata keçirdiyi növbəti səfər Azərbaycan və Qazaxıstan arasında siyasi, iqtisadi və humanitar əlaqələrin daha da genişlənməsinə yeni təkan verdi. İki ölkə arasında 20 il əvvəl imzalanmış “Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında” sənəd bu münasibətlərin möhkəm hüquqi və siyasi bazasını formalaşdırıb. Hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin mövqeyini dəstəkləyir və qarşılıqlı həmrəylik nümayiş etdirir. Son üç il ərzində Prezident İlham Əliyevin Qazaxıstana 7, Prezident Kasım-Jomart Tokayevin isə Azərbaycana 6 səfər etməsi münasibətlərin intensivliyini və yüksək səviyyəsini bir daha göstərir. Cənab Prezident İlham Əliyev hər zaman türk dünyasının birliyinin güclənməsinə, üzv dövlətlər arasında siyasi, iqtisadi, humanitar və hərbi əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir. Bu istiqamətdə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşündə dövlət başçımızın TDT ölkələrinin birgə hərbi təlimlər keçirməsi barədə təşəbbüsü böyük maraqla qarşılanmışdır. Cənab İlham Əliyevin Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən şəxsən qarşılanması onun bu ölkədə böyük hörmət və etimada sahib olduğunu bir daha nümayiş etdirir. Dünyanın bir çox ölkələrinin liderləri Prezident İlham Əliyevi müasir dövrün güclü, uzaqgörən və prinsipial siyasətçilərindən biri kimi dəyərləndirirlər. Onun həyata keçirdiyi siyasət və təşəbbüslər təkcə Azərbaycanın deyil, bütövlükdə Avrasiya məkanının inkişafına xidmət edir.Cənab Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində reallaşan Bakı–Tbilisi–Qars dəmir yolu bir vaxtlar əlçatmaz görünən ideya idi, lakin bu gün həmin xətt vasitəsilə, o cümlədən Qazaxıstandan Avropaya yükdaşımalar ildən-ilə artır. Eyni zamanda, Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə Qazaxıstan nefti Avropa bazarlarına nəql olunur. Orta Dəhliz və Transxəzər marşrutu sayəsində Asiyadan Avropaya və əks istiqamətə milyonlarla ton yük daşınır ki, bu layihələrin həyata keçirilməsində Prezident İlham Əliyevin böyük payı vardır. Orta Dəhlizin əsas hissəsini təşkil edən Zəngəzur dəhlizinin açılması isə Avrasiya məkanında yeni strateji dövrün başlanğıcı olacaq. Prezident İlham Əliyev səfər zamanı bu dəhlizin 2028-ci ilin sonuna qədər istismara verilə biləcəyini bəyan edib. Onun təşəbbüsü ilə inşa edilən Ələt Beynəlxalq Dəniz Limanı bu gün Orta Dəhlizin əsas logistik mərkəzinə çevrilib. Mərkəzi Asiya ölkələrindən və Çindən gələn yüklər Ələt limanı vasitəsilə Avropaya daşınır. Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi də ilbəil artır, hər iki ölkənin sahibkarları qarşılıqlı investisiya layihələrinə fəal şəkildə qoşulurlar. Astanada Prezident İlham Əliyev və Kasım-Jomart Tokayevin birgə sədrliyi ilə keçirilən Ali Dövlətlərarası Şuranın ikinci iclası ikitərəfli əməkdaşlığın daha yüksək səviyyəyə yüksəldiyini təsdiqlədi. Görüş zamanı yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi xüsusi müzakirə mövzusu oldu. Azərbaycan, Qazaxıstan və Özbəkistan bu istiqamətdə ortaq layihələr reallaşdırır. Yaxın gələcəkdə Qazaxıstan və Özbəkistanda istehsal ediləcək yaşıl enerjinin Xəzər dənizinin dibi ilə çəkiləcək elektrik xətləri vasitəsilə Azərbaycandan keçərək Avropaya ötürülməsi planlaşdırılır.
Beləliklə, Prezident İlham Əliyevin Qazaxıstana səfəri iki ölkə arasında dostluq və strateji tərəfdaşlığın yeni mərhələsini açmaqla yanaşı, bütövlükdə türk dünyasının və Avrasiya regionunun gələcək inkişafına xidmət edən mühüm hadisəyə çevrildi.

Elnur Qəhrəmanov,
YAP Gədəbəy rayon təşkilatının mühasibi.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-10-2025