Mobil versiya
Heydər Əsədov: “Prezident İlham Əliyevin Füzuliyə etdiyi səfərlər bu rayonda görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir”
Tarix: 16-10-2024 | Saat: 09:17
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-10 | çapa göndər

Heydər Əsədov: “Prezident İlham Əliyevin Füzuliyə etdiyi səfərlər bu rayonda görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir”

“Bu gün bütün Azərbaycan xalqı Füzuli şəhəri gününü böyük çoşqu ilə qeyd edir. Məlum olduğu kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Məhz bu Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən edilib. Azərbaycan ərazilərinin 20%-ni təşkil edən digər işğal altında olmuş torpaqlarımız kimi, 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Füzulinin işğalı və azad olunması barədə danışarkən belə bir mühüm tarixi faktı da qeyd etmək lazımdır ki, rayonun 22 yaşayış məntəqəsi hələ Ulu Öndər Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli əmri ilə baş tutmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində düşməndən təmizlənərək geri qaytarılmışdır. Təəssüflər olsun ki, bu parlaq zəfər o dövrdə hələ zəif və gücsüz olan Azərbaycanın nail ola biləcəyi ən böyük nəticə idi. Lakin Ulu Öndərimizin müəyyən etdiyi siyasi xətt 2020-ci ildə Azərbaycanı artıq bütün torpaqlarının işğaldan azad olunması ilə nəticələnən tarixi Qələbəyə gətirib çıxardı. Dörd il bundan öncə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə başlanan əks-hücum əməliyyatları tezliklə Vətən müharibəsinə çevrildi və cəmi 44 günə Azərbaycanın inamlı qələbəsi ilə başa çatdı. Hərbi əməliyyatların gedişində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Ümumilikdə isə Vətən müharibəsi nəticəsində rayonun 62 yaşayış məntəqəsi işğaldan azad olunub. Bir vacib məqamı da qeyd edək ki, 30 il ərzində düşmənin təmas xəttində qurduğu möhkəm istehkamlar hətta ən tanınmış hərbi mütəxəssislərdə də belə bir rəyin formalaşmasına səbəb olmuşdu ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Laki ordumuzun şücaəti bütün bu baxış və fikirləri alt-üst etdi. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.”

Bu fikirləri 17 oktyabr Füzuli şəhəri günü münasibətilə mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Heydər Əsədov səsləndirib.

Fikirlərini davam etdirən millət vəkili daha sonra Füzulidə aparılan quruculuq işlərindən bəhs edib: “Bu gün işğaldan azad edilmiş bütün rayon və bölgələrimizdə olduğu kimi, Füzuli rayonunda da möhtəşəm bərpa və yenidənqurma işləri görülür. Təəssüflər olsun ki, Rayon ərazisində basdırılmış minaların həddindən artıq çoxluğu aparılan işlərin sürətini dəfələrlə aşağı salıb. Məlumdur ki, Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir. Bütün bunlara baxmayaraq Azərbaycan Füzuliyə həyatı yenidən qaytarmaq üçün bütün addımları atır. Böyük Qayıdış Proqramına əsasən artıq 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq. Əlbəttə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan sonra Füzuliyə etdiyi mütəmadi səfərlər bu rayonda görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir və eyni zamanda da ən güclü stimul kimi çıxış edir. Təkcə bu il dövlətimizin başçısı Füzuliyə artıq dörd dəfə səfər etmişdir. Həmçinin işğaldan sonra Füzuliyə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Belarus respublikalarının prezidentlərinin səfərləri də ölkəmizin yüksək beynəlxalq nüfuzunun daha bir təsdiqidir. Diqqətəlayiq və qürurverici hallardan biri də budur ki, bu gün Qarabağda, o cümlədən Füzulidə aparılan quruculuq işləri həm də Türkdövlətləri arasında dostluq və qardaşlığın rəmzlərindən biri kimi çıxış edir. Bu baxımdan cari ilin mart ayının 12-də Azərbaycan və Qazaxıstan prezidentlərinin Füzulidə inşa olunmuş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində birgə iştirakı da xüsusi siyasi və mənəvi önəm kəsb edən hadisə idi.”

Daha sonra Vətən müharibəsinin nəticələrinin digər mənəvi aspektlərini şərh edən Heydər Əsədov vətənpərvər Azərbaycan gəncliyinin əldə edilən uğur və qələbələrdə həlledici amillərdən biri kimi çıxış etdiyini vurğulayıb: “2023-cü il oktyabrın 17-də, “Füzuli Şəhəri Günü”ndə bu şəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı etdiyi çıxışında cənab Prezident İlham Əliyev bir çox vacib məqamlara toxundu. Xüsusi olaraq qeyd edildi ki, Azərbaycan torpaqlarının 30 il davam edən işğalı dövründə üzərlərinə vasitəçilik missiyası götürmüş beynəlxalq təşkilatlar əslində mövcud münaqişənin həlli üçün deyil, onun dondurulması üçün səy göstərirdilər. Xalqımızı torpaqlarımızın həmişəlik itirilməsi fikri ilə barışdırmağa çalışan qüvvələrin ən çox ümid etdikləri məqamlardan biri bu idi ki, illər keçdikcə Azərbaycanda Qarabağı, Şərqi Zəngəzuru heç zaman görməyən yeni nəsil yetişəcək və bu gənc nəsil öz dədə-baba yurdlarını unudacaq. Lakin bu baş vermədi. Dövlət başçısının qeyd etdiyi kimi, füzulililərin gənc nəslinin də öz doğma torpağına gəlməyə qərar verməsi son dərəcə qürurverici haldır və həqiqətən də böyük hadisədir. Çünki bu uşaqlar, yeniyetmələr və gənclər bu torpaqlar barədə yalnız yaşlı nəslin onlara danışdıqlarını ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü, öz doğma diyarına bağlılığını bir daha bütün dünyaya nümayiş etdirir” – deyə, millət vəkili fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024