Mobil versiya
Bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi
Tarix: 09-09-2024 | Saat: 17:41
Bölmə:Özəl | çapa göndər

Bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi

Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edərək bildirib ki, bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi. Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının bizim torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam etmişdir. ATƏT bu məsələ ilə məşğul olacaq xüsusi bir qrup da yaratmışdır və həmin qrup 28 il ərzində sıfır nəticə hasil etmişdir. Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil. Masa üzərində digər amillər də olmalıdır.
Dövlətlərarası xarakterinə görə beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilən Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq təşkilatlar çərçivəsində ciddi müzakirələrə səbəb olub, problemlə bağlı bir sıra mühüm sənədlər qəbul edilib.
1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycanın Kəlbəcər rayonundan və digər işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən 822 saylı qətnamə qəbul edib.
1993-cü il iyulun 29-da BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycanın Ağdam rayonu və digər işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 853 saylı qətnamə qəbul edib.
1993-cü il oktyabrın 14-də BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ATƏM-in Minsk qrupunun nizama salmaya dair vaxt cədvəlinə uyğun olaraq, ən son işğal edilmiş ərazilərdən çəkilməyi tələb edən 874 saylı qətnamə qəbul edib.
1993-cü il noyabrın 11-də BMT Təhlükəsizlik Şurası 884 saylı qətnamə qəbul edib. Qətnamə Zəngilan rayonu və Horadiz qəsəbəsinin işğalını, mülki əhaliyə qarşı hücumu və Azərbaycan Respublikası ərazilərinin bombalanmasını pisləyib, Zəngilan rayonu və Horadiz qəsəbəsindən və Azərbaycan Respublikasının ən son işğal olunmuş digər ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edib.
Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəbul etdiyi bu qətnamələr münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi əsaslarını müəyyən edib. Qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənilib, güc tətbiqi vasitəsilə ərazilərin zəbt edilməsinin qəbuledilməzliyi vurğulanıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiq edilib və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub.
1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabon sammitində Ermənistanın mane olmaq cəhdlərinə baxmayaraq, münaqişənin həlli prinsipləri müzakirəyə çıxarılıb və bu prinsiplər ATƏT-in fəaliyyətdə olan sədrinin yekun sənədə əlavə edilən bəyanatında öz əksini tapıb. ATƏT-in bütün iştirakçı dövlətlərinin qoşulduğu həmin prinsiplər aşağıdakılardır:
1. Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazi bütövlüyü;
2. Dağlıq Qarabağın Azərbaycan daxilində ən yüksək özünüidarəetməni ehtiva edən hüquqi statusu;
3. Dağlıq Qarabağ və onun bütün əhalisinin təhlükəsizliyinə, o cümlədən nizamlamanın müddəalarını yerinə yetirəcəyi ilə bağlı qarşılıqlı öhdəliklərə dair zəmanət.
Lissabon sammitində sözügedən prinsiplərin təsbit edilməsi, 1997-ci ilin əvvəllərində Minsk qrupunda yeni həmsədrlik institutun yaradılması və Rusiya, ABŞ və Fransanın həmsədrlər təyin edilməsi danışıqlar prosesinə impuls verib. Həmsədrlər münaqişənin həlli ilə bağlı yazılı təkliflərlə çıxış ediblər. 1997-ci ilin yayında hərtərəfli saziş layihəsi tərəflərə təqdim edilib. Azərbaycanın konstruktiv mövqeyinə baxmayaraq, Ermənistan təklifi rədd edib. 1997-ci ilin payızında həmsədrlərin bölgəyə səfəri zamanı tərəflərə “mərhələli həll” planı təqdim olunub. Bu plana əsasən ilk olaraq Ermənistan qoşunlarının işğal edilmiş rayonlardan geri çəkilməsi, məcburi köçkünlərin öz torpaqlarına qayıtması, kommunikasiya vasitələrinin bərpası, ATƏT-in sülhyaratma missiyasının bölgəyə yerləşdirilməsi həll edilməli, sonra isə Dağlıq Qarabağın statusu məsələsinə baxılmalı idi. Lakin Ermənistan yenidən danışıqlar prosesində konstruktivlikdən uzaq mövqe nümayiş etdirib.
2007-ci ilin noyabr ayında Minsk qrupu münaqişənin sülh yolu ilə həllini ehtiva edən və “Madrid prinsipləri” kimi tarixə düşən təkliflər hazırlayıb, sənədin birinci versiyası tərəflərə təqdim olunub. 2009-cu ilin sonunda isə Madrid sənədinin yenilənmiş layihəsi hazırlanıb və yenidən tərəflərə təqdim edilib. Lakin Ermənistanın destruktiv mövqeyi səbəbindən gözlənilən irəliləyiş əldə olunmayıb. Hər iki sənəd münaqişənin mərhələli şəkildə həll edilməsini nəzərdə tutub, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını, kommunikasiya xətlərinin bərpasını və digər elementləri ehtiva edib.
Sonrakı görüşlərdə dövlət başçıları münaqişənin sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsi haqqında razılığa gəlib və problemin humanitar aspektlərinə xüsusi diqqət ayırıblar. Lakin danışıqlar prosesində intensivliyin artdığını və prosesin öz maraqlarına uyğun cərəyan etmədiyini görən Ermənistan hərbi təxribatlar yolu ilə danışıqları pozmağa çalışıb. Belə ki, Fransanın təşəbbüsü ilə 2014-cü il oktyabrın 27-də prezidentlərin Paris görüşündən sonra danışıqlar masasında olan konkret məsələləri müzakirə etmək əvəzinə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində 40.000 nəfərdən artıq şəxsi heyətin iştirakı ilə genişmiqyaslı hərbi təlim keçirib. Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində hücum xarakterli uçuşlar edərək təxribat törətməsindən sonra danışıqlar prosesinin intensivliyi aşağı düşüb və iki ölkə prezidentləri arasında görüş yalnız 2015-ci il dekabrın 19-da İsveçrənin Bern şəhərində bərpa edilib.
2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan yenə hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı ərazilərə, o cümlədən məktəblərə, xəstəxanalara və ibadət yerlərinə atəş zərbələri endirib.
Ermənistanın hücumları nəticəsində dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla, 6 nəfər həlak olub, 33 nəfər isə ağır yaralanıb. Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verib, əks-həmlə nəticəsində Füzuli, Cəbrayıl və keçmiş Ağdərə rayonunun işğal altında olan 2 min hektardan çox ərazisi azad edilib. Aprel hadisələri bir tərəfdən Azərbaycan Ordusunun gücünü göstərdisə, digər tərəfdən də status-kvonun saxlanmasının, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun münaqişə bölgəsində gərginliyin əsas səbəbi olduğunu və Azərbaycanın heç vaxt işğalla barışmayacağını növbəti dəfə nümayiş etdirib.
Azərbaycan və Ermənistanın dövlət başçıları arasında 2008-ci il noyabrın 2-də Moskvada keçirilən görüşün sonunda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri tərəfindən Moskva Bəyannaməsi imzalanıb. Bəyannamədə münaqişənin siyasi vasitələrlə beynəlxalq hüququn normaları və prinsipləri əsasında və bu çərçivədə qəbul edilmiş sənədlərə və qərarlara əsasən həll edilməsi və bunun da öz növbəsində regionda hərtərəfli əməkdaşlığa şərait yaradacağı göstərilib.
2016-cı il ərzində Azərbaycan və Ermənistan prezidentləri arasında Vyana və Sankt-Peterburq görüşlərində substantiv müzakirələr aparılıb, lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən bu görüşlərdə də münaqişənin həllində irəliləyiş əldə olunmayıb.
Ermənistan siyasi və hərbi təxribatlarını 2017-ci ildə də davam etdirib. İyun və iyul aylarında Azərbaycanın ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli istiqamətində səylərini artırdığı, beynəlxalq ictimaiyyətin substantiv danışıqlara ciddi çağırışları fonunda Ermənistan qoşunların təmas xətti boyunca vəziyyəti gərginləşdirməyə çalışıb. Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutub. Nəticədə, iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslər - 1966-cı il təvəllüdlü Sahibə Allahverdiyeva və onun nəvəsi, 2016-cı il təvəllüdlü Zəhra Quliyeva qətlə yetirilib. Ermənistanın mülki insanları və obyektləri qəsdən hədəfə alması beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanıb. Beynəlxalq ictimaiyyət bir daha əmin olub ki, Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil.
Digər beynəlxalq təşkilatlar tərəfindən də Azərbaycanın münaqişə ilə bağlı beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan haqlı mövqeyini dəstəkləyən çoxsaylı sənədlər qəbul edilib.
2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilmiş 18-ci Zirvə görüşünün Yekun Sənədinə yeni bənd daxil edilib. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayıblar. Bundan əlavə, Yekun Sənəddə heç bir dövlətin Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuni olduğunu tanımayacağı, iqtisadi fəaliyyət də daxil olmaqla, işğal olunmuş ərazilərdə həmin vəziyyətin qorunub saxlanılmasına hər hansı bir dəstək verməyəcəyi öz əksini tapıb. Zirvə görüşündə qəbul edilmiş “Azərbaycan Xalqı və Hökumətinə Təşəkkür və Həmrəylik Sənədi”ndə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməklə bağlı səylərinə həmrəylik ifadə edilib.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2005-ci il yanvarın 25-də qəbul etdiyi 1416 nömrəli “ATƏT-in Minsk qrupu tərəfindən tənzimlənən Dağlıq Qarabağ münaqişəsi haqqında” qətnaməsində Azərbaycan ərazilərinin işğal faktı təsdiqlənib, bu ərazilərdəki etnik təmizləmələrdən narahatlıq ifadə edilib, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə riayət edilməsinə və qoşunların işğal edilmiş ərazilərdən geri çəkilməsinə çağırış edilib. Təşkilat, həmçinin məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüququnu təsdiqləyib, üzv dövlətin ərazisinin digər üzv dövlət tərəfindən işğal edilməsinin yolverilməzliyini vurğulayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” açıqlaması ilə çıxış etdi. Buna qədər Ermənistan hərbi işğal və anneksiya siyasətinin beynəlxalq siyasi-hüquqi və mənəvi məsuliyyətini dərk edərək işğalçılıq siyasətini pərdələməyə və onu Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını təyin etmək hüququ kimi göstərməyə çalışırdı. N.Paşinyanın bu bəyanatı Ermənistanın əsl məqsədinin işğalçılıq olduğunu aydın şəkildə göstərdi. Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırış ilə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atdı, beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə hörmətsizlik nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı N.Paşinyanın bu bəyanatına cavab verdi: “...bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətdi. Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi. Nəticədə içərisində yüksək rütbəli zabitlər olmaqla, bir qrup Azərbaycan hərbiçisi və bir nəfər mülki şəxs şəhid oldu. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirərək ona layiqli cavab verdi. Ermənistan hərbi dəstək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməklə məğlubiyyətini etiraf etdi.
2020-ci ilin avqust ayında Ermənistan növbəti hərbi təxribata əl ataraq, terror aktları törətmək məqsədilə Azərbaycana diversiya qrupu göndərdi. Lakin 2020-ci il avqustun 23-də həmin qrup zərərsizləşdirildi, onun rəhbəri saxlanıldı və beləliklə, növbəti təxribat planı baş tutmadı.
Ermənistanın təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etməsi, Ermənistanda Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak edəcək mülki vətəndaşlardan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılması, Ermənistanın müdafiə nazirinin “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırışı, bu ölkənin rəsmi şəxslərinin Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna zərbə endirmək hədələri, Ermənistanın müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb etməsi, külli miqdarda silahlar tədarük etməsi və s. Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını açıq şəkildə nümayiş etdirdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 10 milyonluq Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti qətiyyətli qələbə qazandı, işğalçını əzəli torpaqlarımızdan “iti qovan kimi qovdu”. Eyni zamanda bütün Azərbaycan xalqı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu, ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi, misilsiz birlik, həmrəylik nümayiş etdirdi və cəmiyyətimizdə mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı. Xalq öz Liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsi və son dərəcə mürəkkəb, çətin müharibə şəraitində hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq xalqına söz verdiyi kimi sona qədər getdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Vətən torpağı uğrunda şəhid olan bütün oğul-qızlarımızın qisasını aldı. Əminliklə deyə bilərik ki, İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi.
İşğal dövründə Ermənistan Azərbaycan torpaqlarında milli-mədəni irsi talayıb və məhv edib (culturcide), şəhərləri (urbicide) və digər yaşayış məntəqələrini dağıdıb və bölgəyə ağır ekoloji ziyan (ecocide) vurub. Azərbaycan torpaqlarında yüzminlərlə minalar, partlayıcı maddələr basdırılıb.
Ermənistan münaqişə dövründə Azərbaycana qarşı törətdiyi çoxsaylı müharibə cinayətlərinə, kütləvi qırğın və soyqırımı aktlarına, terrorçuluq fəaliyyətinə, vandalizmə görə hüquqi müstəvidə məsuliyyətdən yayına bilməyəcək, Azərbaycana vurduğu böyük sosial-iqtisadi zərərə görə kompensasiya ödəməyə məcbur ediləcək.
Hazırda Azərbaycan öz imkanları hesabına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa-yenidənqurma işləri aparır. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdıb. 2026-cı ilə qədər 140 min keçmiş məcburi köçkünün öz doğma yurduna qayıtması nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin demişdir: “Biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini Şamo Qasımov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025