Mobil versiya
Laçında quruculuq işləri sürətlə və yüksək keyfiyyətlə aparılır
Tarix: 26-08-2024 | Saat: 11:50
Bölmə:Özəl | çapa göndər

Laçında quruculuq işləri sürətlə və yüksək keyfiyyətlə aparılır

Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin işğaldan azad edilməsindən 4 il ötür.2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev : “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!” ifadələri ilə bütün Azərbaycan xalqını sevindirdi.
2020-ci il 10 noyabrda imzalanmış üçtərəfli bəyanat  əsasən 1 dekabr 2020-ci il tarixinədək Laçın rayonunu Azərbaycana geri qaytarıldı. İkinci Qarabağ müharibəsi dekabrın 1-də Laçın rayonunun işğaldan azad edilməsilə başa çatdı. Lakin müharibənin bitməsinə baxmayaraq, keçmiş Laçın dəhlizinə görə Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri Azərbaycanın nəzarətində deyildi. Azərbaycan tərəfinin qısa müddətdə çəkdiyi yeni yol 31 illik həsrətdən sonra sakinlərin həm Laçına, həm də Zabux və Sus kəndlərinə qayıtmasını təmin etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, Azərbaycan xalqı sübut etdi ki, bizim heç kimin torpağında gözümüz yoxdur, öz torpağımızı da biz heç kimə verən deyilik. Azad olunmuş ərazilərdə aparılan sürətli quruculuq işləri Azərbaycan xalqının qurub-yaradan olmasının göstəricisidir. Avqustun 26-da Laçın Şəhəri Günü münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da iştirakı ilə keçirilən bayram tədbiri də böyük maraq doğurdu. Laçın şəhərinə həyatın qayıtmasını əks etdirən bu tədbir tariximizin ən qürurlu səhifələrindən biridir.İşğaldan azad olunmuş digər yurd yerlərimiz kimi, Laçına da həyat yenidən qayıdır, burada sürətli bərpa-quruculuq işləri aparılır. Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Həmin səfərlər zamanı dövlətimizin başçısı Güləbird Su Elektrik Stansiyasının, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının və digər infrastruktur obyektlərinin açılışını edib, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, “Laçın” Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub.
Prezident İlham Əliyev mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən danışaraq deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.Tarixi torpaqlarımızı 30 il işğal altında saxlayan ermənilər başqa bölgələrimiz kimi, Laçında da vandalizm törədərək rayonu, sözün həqiqi mənasında, xarabazarlığa çevirmişdilər. İşğalçılar Azərbaycan xalqına məxsus tarixi, dini, mədəni irsi tamamilə məhv etmişdilər. Qəsbkarlar rayonda ekoloji terror da törətmişdilər. Çayların qarşısını kəsmiş, bulaqları qurutmuş, meşələri vəhşicəsinə qırmış və yandırmışdılar. Düşmən Laçında da həyat nişanələrini məhv etməyə çalışmışdı. 44 günlük Vətən müharibəsi Zəfərlə başa çatdıqdan dərhal sonra Azərbaycan dövləti tərəfindən erməni qəsbkarlarının vəhşicəsinə dağıtdıqları bölgələrimiz sürətlə dirçəldilir. Başqa bölgələrimizlə yanaşı, Laçında da sürətli tikinti-quruculuq işləri aparılır. Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Laçına həyat yenidən qayıdır. Hazırda Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir və rayon ərazisində fərqli təyinatlı infrastruktur layihələri uğurla həyata keçirilir. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su-Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, rayonun yol-nəqliyyat infrastrukturu yenidən və ən müasir standartlar üzrə qurulur. Doğma ocaqlarına köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Görülən işlərə əsaslanıb deyə bilərik ki, Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilir. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.
Bu gün istər işğaldan azad olunmuş torpaqlarımızda, istərsə də regionlarımızda görülən işlər dövlət başçısı İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur. Ən əsası, bu gün aparılan abadlıq-quruculuq işləri Laçın rayonunun və bütün bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq və bütün keçmiş məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaqlar.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025