Mobil versiya
Ermənistan sülh danışıqlarında daha çox maraqlı olmalıdır
Tarix: 13-08-2024 | Saat: 17:51
Bölmə:Özəl | çapa göndər

Ermənistan sülh danışıqlarında daha çox maraqlı olmalıdır

Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib
Beləliklə, Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər çox böyükdür. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı ölkədə ağır humanitar böhran vəziyyətinin yaranması, çoxsaylı sosial-iqtisadi obyektlərin məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyanların vurulması ilə yanaşı, Azərbaycan xalqının tarixi, maddi mədəniyyət abidələrinə də ağır zərər vurulmuşdur. Əfsuslar olsun ki, bu abidələrin dağıdılaraq məhv edilməsi nəticəsində Azərbaycan xalqına dəymiş mənəvi zərərin miqyasını təyin etmək praktiki olaraq mümkün deyildir. Belə ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələri idi.
Ermənistan Respublikasının Azərbaycana təcavüzünün faciəli nəticələri təkcə Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun zəbt edilməsi, milyona yaxın insanın qaçqın və məcburi köçkünə çevrilməsi ilə məhdudlaşmır, Azərbaycan tarixinə, mədəniyyətinə, xalqın dini əqidəsi ilə bağlı dəyərlərə də ağır zərbələr vurur.
Ermənistanın silahlı təcavüzü və 20 faiz Azərbaycan ərazisinin işğalı nəticəsində on minlərlə Azərbaycan vətəndaşı həlak olmuş, güllə və qəlpə yaraları nəticəsində müxtəlif dərəcəli əlilə çevrilmiş və şikəst olmuşdur. Bununla yanaşı, təcavüz nəticəsində yüz minlərlə vətəndaş doğma yurdundan didərgin düşərək öz hüquq və azadlıqlarından məhrum edilmiş, məcburi köçkün halına düşmüş, ölkədə fövqəladə humanitar vəziyyət yaranmış, minlərlə azərbaycanlı indiyədək hələ də itkin düşmüş hesab edilir. Təcavüzün nəticələri heç bir Azərbaycan ailəsindən təsirsiz ötüşməmiş, demək olar ki, hər bir Azərbaycan ailəsinin üzvü Dağlıq Qarabağ müharibəsinin qurbanına çevrilmişdir. Belə bir şəraitdə, ölkədə yaranmış psixoloji və mənəvi durumu hər hansı bir meyar ilə qiymətləndirmək qeyri-mümkündür.
Ermənistanın işğal olunmuş ərazilərdə törətdiyi ağır cinayətlərdən biri də ekoloji cinayətlərdir. Silahlı təcavüzün başlanmasından keçən müddət ərzində işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın cinayətkar fəaliyyəti nəticəsində regionun təbii sərvətləri də talan edilmiş, bu ərazilərdə mütəmadi olaraq yanğınlar törədilmiş, regionun flora və faunasına, bölgənin ekoloji durumuna bərpa edilə bilməyəcək zərər vurulmuşdur.
Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfərdən çox azərbaycanlı hərbi əməliyyatlar dövründə öldürülüb, 50 min nəfərdən çoxu isə əlil olub.
I Qarabağ müharibəsi nəticəsində aralarında 71 uşaq, 267 qadın, 326 qoca olmaqla, itkin düşmüş 3890 azərbaycanlının, o cümlədən əsir və girov götürüldüyü müəyyən edilmiş 872 nəfərin (2020-ci il dekabrın 1-nə olan məlumata əsasən) sonrakı taleyi məlum deyil.
1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb.
Münaqişənin sülh yolu ilə həll olunması üçün Minsk qrupu “Madrid prinsipləri” kimi tarixə düşən təkliflər hazırlayıb, sənədin birinci versiyası tərəflərə təqdim olunub. 2009-cu ilin sonunda isə Madrid sənədinin yenilənmiş layihəsi hazırlanıb və yenidən tərəflərə təqdim edilib. Lakin Ermənistanın destruktiv mövqeyi səbəbindən gözlənilən irəliləyiş əldə olunmayıb. Hər iki sənəd münaqişənin mərhələli şəkildə həll edilməsini nəzərdə tutub, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını, kommunikasiya xətlərinin bərpasını və digər elementləri ehtiva edib.
Sonrakı görüşlərdə dövlət başçıları münaqişənin sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsi haqqında razılığa gəlib və problemin humanitar aspektlərinə xüsusi diqqət ayırıblar. Lakin danışıqlar prosesində intensivliyin artdığını və prosesin öz maraqlarına uyğun cərəyan etmədiyini görən Ermənistan hərbi təxribatlar yolu ilə danışıqları pozmağa çalışıb. Belə ki, Fransanın təşəbbüsü ilə 2014-cü il oktyabrın 27-də prezidentlərin Paris görüşündən sonra danışıqlar masasında olan konkret məsələləri müzakirə etmək əvəzinə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində 40.000 nəfərdən artıq şəxsi heyətin iştirakı ilə genişmiqyaslı hərbi təlim keçirib. Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində hücum xarakterli uçuşlar edərək təxribat törətməsindən sonra Ermənistanın növbəti hərbi təcavüz cəhdinə cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən icra edilmiş “Dəmir Yumruq” əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı, işğalçılığı, nasizmin şöhrətləndirilməsini dövlət siyasətinə çevirən Ermənistanın təslim olması ilə nəticələndi.
2020-ci il noyabrın 10-da “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı” qəbul edildi və Ermənistan kapitulyasiya aktını imzaladı. Bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Prezidenti bu barədə deyib: “Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır”. Beləliklə, bu sənədə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları şəhid vermədən azad edildi. Zəngəzur dəhlizinin yaradılması tarixi zərurətə çevrildi.
2023-cü il sentyabrın 19-da Azərbaycan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə antiterror əməliyyatına başladı.
Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində bölgədə qalan Ermənistan silahlı qüvvələri tam tərksilah edilərək Azərbaycan ərazisindən çıxarıldı, qondarma rejimin qalıqları isə onun ləğv olunduğunu elan etdi. Azərbaycan öz ərazisində separatçılığa, “boz zona”ya son qoydu. Bununla da Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edildi.

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini Şamo Qasımov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-01-2025