Mobil versiya
Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi-mədəni coğrafi regiondur.
Tarix: 10-08-2024 | Saat: 21:31
Bölmə:Özəl | çapa göndər

Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi-mədəni coğrafi regiondur.

Bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan yeri və rolu göz qabağındadır. Regionapl inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan dünya siyasətində fəal mövqeyi ilə diqqətdədir. Ölkəmizin istər iki tərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələrinin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsi diqqətdən kənarda qalmır. Tarixi Zəfərimizdən sonra intensivləşən səfərlər, bunların əsasında əlaqələr Azərbaycanın fəxri qonaq qismində qatıldığı tədbirlərin miqyasında da özünün aydın ifadəsini tapır. Bunun üçün Azərbaycanın ev sahibliyi etdiyi, fəxri qonaq qismində qatıldığı tədbirlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Son bir neçə ildə dövlət başçısı İlham Əliyevin Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-cı Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakı, eyni zamanda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə marağın əyani təcəssümüdür.
Türk dünyasının birliyi, həmrəyliyi Azərbaycanın çoxşaxəli xarici siyasətinin əsas tərkib hissələrindən biridir. Mərkəzi Asiya dövlətləri də yaxın dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlərin hər biri Azərbaycanın keçmiş münaqişə ilə bağlı haqlı mövqeyini hər zaman dəstəkləyib. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Zəngəzur dəhlizinin açılması türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək. Dövlət başçısı İlham Əliyev ötən il Astanada “Türk Əsri” çağırışı altında keçirilən Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə bu statistik rəqəmi də açıqladı ki, Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Birgə sərmayə fondlarının yaradılması prosesi başlamışdır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılıb.
Dövlətimizin başçısı İlham Əliyev 7 fevralda keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimində söylədiyi «Bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik» fikirlərinin davamı olaraq bu günlərdə 2-ci Şuşa Qlobal Media Forumunda bir daha vurğuladı ki, Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə baxışlarım burada tamamilə aydındır. Bu təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır: «Coğrafiyamız çox böyükdür, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali - bütün bunları mən öz çıxışımda söylədim. Yəni, bütün bu amillər təşkilatımızın potensialını əyani şəkildə göstərir. Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu gün bir neçə beynəlxalq təşkilat var. Bəziləri böhran içində, bəziləri tənəzzüldədir, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir. Bu yüksəliş rahat olmalıdır və buna ortaq səylərlə nail olacağıq… Qarabağ Zəfəri bir çox ünvanlara gözəl mesaj oldu. Gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur.»
Tarixi Zəfərimiz bu birliyin möhkəmləndirilməsində stimulverici amil oldu. Hər zaman qeyd etdiyimiz kimi, dünya 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda bütün türk dünyasının birliyinin şahidinə çevrildi. Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın gələcək üçün xarici siyasətində prioriteti məlumdur – türk dünyası ilə münasibətlərin daha da inkişafı, bütün digər ölkələrlə bərabər və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması. Türk dünyası dedikdə, ilk növbədə, Mərkəzi Asiya ölkələri yada düşür. Çünki Şərqdən Qərbə uzanan türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda yerləşir. Şanlı Qələbəmizdən sonra genişmiqyaslı bərpa-qurculuq işlərinə başlayan Azərbaycan bu prosesdə dost ölkələrin də iştirakına böyük önəm veridyini bildirdi. Təbii ki, bu, Azərbaycanın münasibətdə səmimiyyətə, dostluğa, qardaşlığa, qarşılıqlı etimada sökəndiyini bir daha təsdiqlədi.
Münasibətlərin inkişafında qarşılıqlı səfərlər, imzalanan sənədlər xüsusi əhəmiyyət kəsb edir. Avqustun 8-də dövlət başçısı İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün Qazaxıstana səfərə etdi. Cənab İlham Əliyev həmin görüşdəki çıxışında bu məqamlara xüsusi diqqət yönəltdi. Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkürünü bildirən dövlətimizin başçısı qeyd etdi ki, ötən il Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Düşənbədə keçirilən Sammitdə iştirak edib. Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir. Bu, son iki ildə cənab İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə 16-cı səfəridir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezdientləri ölkəmizə ümumilikdə 15 dəfə səfər ediblər. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.
Azərbaycanın xarici siyasət uğurları belə bir ümumiləşdirməyə əsas verir ki, dövlətimizin başçısının şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Azərbaycanın xarici siyasətinin prinsiplərinin dəyişməzliyi onun yeni əməkdaşlıq körpüləri qurmasında stimulverici amildir. Azərbaycan daim əməkdaşlıq məkanı, sabitləşdirici, birləşdirici aktor kimi tanınır, nüfuz qazanır. Ədalətə və beynəlxalq hüquqa söykənən, qarşılıqlı etimada əsaslanan siyasətin uğurları davamlıdır.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-01-2025