Mobil versiya
İmişli sakinləri Rayon İcra Hakimiyyətinin fəaliyyətindən məmnun olduqlarını bildirdilər
Tarix: 06-08-2024 | Saat: 11:40
Bölmə:Karusel | çapa göndər

İmişli sakinləri Rayon İcra Hakimiyyətinin fəaliyyətindən məmnun olduqlarını bildirdilər

Ötən saylarımızda aia.az saytının yeni bir layihə hazırladığından və artıq bu layihənin icrasının ardıcıl olaraq həyata keçirilməsinə başlandığından oxucularımıza xəbər vermişdik. Layihənin məqsədi paytaxt Bakıda və bölgələrimizdə vətəndaş məmnunluğunun şərti səviyyəsini müəyyənləşdirmək və bu barədə geniş oxucu auditoriyamızı məlumatlandırmaqdır. Bu dəfəki buraxılışımızda əməkdaşlarımızın İmişli şəhərində keçirdikləri rəy sorğusunun nəticələrini təqdim edirik.

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıq və göstərişlərinə əsasən bu gün vətəndaş məmnunluğunun səviyyəsi yerlərdə dövlət orqanlarının və əlbəttə ki, ilk növbədə icra strukturlarının iş effektivliyinin qiymətləndirilməsi üçün əsas meyar kimi qəbul edilir. Təbii ki, bu səviyyə ilk növbədə vətəndaşların özlərinin bu və ya digər sahədə onlara göstərilən diqqətdən, yaradılan şəraitdən və bir çox digər amillərdən nə dərəcədə razı qalmalrı ilə müəyyən olunur. Bəs görəsən bu və ya digər rayonda vətəndaş məmnunluğunun səviyyəsini necə müəyyən etmək olar? Yəqin ki, bu məqsəd üçün ən yaxşı üsullardan biri yerlərdə sakinlərlə görüşüb bu və ya digər məsələ ilə bağlı onların rəylərini bilavasitə öyrənməkdir.

Məhz elə bu məqsədlə də biz öz redaksiyamızda bir təşəbbüs qrupu yaratdıq. Şərti olaraq “Sosioloji sorğu” adlandırdığımız bu layihə çərçivəsində 2 nəfərdən ibarət qrupumuz mütəmadi olaraq həm paytaxtın rayonlarında, həm də bölgələrdə vətəndaşlar arasında rəy sorğusu keçirəcək, bu və ya digər məsələ barədə sakinlərini fikirlərini öyrənəcəklər. Çalışacağıq ki, olduğumuz ərazidə sakinlər arasında vətəndaş məmnunluğunun səviyyəsi barədə oxucularımızı maksimum obyektiv məlumatlandıraq. Beləliklə, növbəti sorğunu keçirmək üçün əməkdaşlarımız bu dəfə İmişli şəhərində olublar.

Qərara aldıq ki, yolumuzu şəhər sakinlərinin sevimli istirahət məkanı olan Heydər Əliyev adına parkdan salaq. Bu dəfə də ünsiyyətdə olduğumuz insanların əksəriyyəti yaşlı nəslin nümayəndələri idi. Əslində məhz elə bu kontingent bizə daha çox sərf edirdi. Çünki adətən yaşlı insanlar media mənsubları ilə daha çox ünsiyyətə meyilli olurlar. Bəri başdan deyək ki, İmişlidə gəzdiyimiz ərazilər bizdə çox xoş təəssüratlar yaratdı. Küçələr təmiz, yaşıllıq zonaları təravətli və qulluq olunmuş. Hiss olunurdu ki, abadlıq işləri bu ərazilərdə mütəmadi aparılır. Amma bizim üçün əsas maraq kəsb edən məqam rayon sakinlərinin əhval-ruhiyyəsi, onların yaşadıqları mühitə, ətraflarında mövcud olan vəziyyətə münasibətləri ilə bağlı idi. Əlbəttə ki, təqdim edəcəyimiz yazılarda sakinlərlə apardığımız söhbətləri tam təfərrüatları ilə qələmə almaq niyyətində deyilik. Amma bəzi maraqlı məqamları qısaca da olsa mütləq diqqətinizə çatdıracayıq. Onu da qeyd edim ki, bütün respondentlərimizə verdiyimiz suallar eyni mahiyyət kəsb edib və təxminən belə səslənib:

- Yaşadığınız ərazinin abadlığı, təmizliyi, dövlət idarələrinə müraciət etdiyiniz zaman gördüyünüz münasibət sizi qane edirmi? Rayonun icra orqanlarının fəaliyyətindən məmnunsunuzmu? Rayon ərazisində yaşayan şəhid ailələrinə və müharibə qazilərinə göstərilən diqqət və qayğının səviyyəsini necə qiymətləndirirsiz?

Beləliklə, həmsöhbətlərimizdən bəzilərini sizlərə də təqdim etməyin əsil vaxtıdır (cavablar məzmun dəyişikliyinə yol verilmədən redaktə edilib):

Səadət xanım (62 yaş): Bizim rayonumuzda təmizliyə, səliqə-səhmana xüsusi diqqət yetirirlər. Yaşıllıqlara yaxşı qulluq edilir, bağçalar salınır. Təbiətimiz bir qədər sərtdir, quraqdır. Buna görə də yaşıllıq zonalarının salınması xüsusi əhəmiyyət kəsb edir. Bu ili isə cənab Prezidentimiz “Yaşıl dünya naminə həmrəylik ili” elan etdiyinə görə, indi yeni yaşıllıqların salınmasına daha çox diqqət verirlər. Elçin müəllim (İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev – red.) özü də belə tədbirlərdə şəxsən iştirak edir. Bəs necə, böyük gərək nümunə göstərsin ki, başqaları da ona baxıb işləsinlər. Belə olmasa nəinki şəhəri, heç bir məhəlləni də abad saxlamaq olmaz...

Tamerlan müəllim (59 yaş): Əgər rəhbər işçi, icra başçısı ona etibar olunmuş rayonda işlərin qaydasında getməsini istəyirsə, gərək tez-tez xalqın içinə çıxsın, camaatla görüşsün, insanların dərdini-sərini öyrənsin. Bizdə Elçin müəllim də bunu mütəmadi edir. Tez-tez qəbullar, səyyar görüşlər keçirir. Həmin tədbirlərə polisdən, prokurorluqdan, digər təşkilatlardan da nümayəndələri dəvət edir. Sakinlər də onları narahat edən problemlərini belə görüşlərdə bildirirlər. Onun üçün də bizdə rayon rəhbərliyi ilə sakinlər arasında qarşılıqlı hörmət və etimad var...

Gülnisə xanım (61 yaş): Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim də həm rayondan, həm də şəhərimizin özündən Vətən uğrunda canlarını qurban vermiş çox igid oğullarımız oldu. Allah bütün qazilərimizə də şəfa versin. Dövlətimiz var olsun. Mən özüm bir neçə şəhid və qazi ailəsini şəxsən tanıyıram. Sağ olsunlar, tez-tez icra hakimiyyətindən gəlib onları başa çıxırlar, şəhidlərin ad günlərində, anım günlərində məzarları ziyarət olunur, xatirələri anılır, ailələrinə dəstək verilir. Yəni bu işlərə çox diqqət göstərirlər. Hər halda bizdə bu dəqiq belədir. Kimdən soruşsanız deyərlər ki, bəlkə də rayonumuzda elə bir şəhid ailəsi yoxdur ki, icra başçısı Elçin müəllim onların evlərində şəxsən olmasın.

Xankişi müəllim (73 yaş): Mənim öz yaxın qohumlarından da həm şəhid, həm də Qarabağ qaziləri var. Şəhidlərin ailələrinə də, qazilərə də dövlətimiz tərəfindən yüksək səviyyədə qayğı göstərilir. İcra hakimiyyətindən də tez-tez gəlib başa çıxırlar, özlərinin də bütün müraciətlərinə dərhal cavab verirlər. Şükür, hələ indiyə kimi, heç bir sıxıntıları həll olunmamış qalmayıb...

Vəfadar müəllim (68 yaş): Başqa rayonları bilmirəm, bizdə icra hakimiyyətində vətəndaşın qəbulu ilə bağlı heç vaxt problem olmayıb. Hansı gün, hansı saatda getsən mütləq qəbul edəcəklər, dinləyəcəklər, məsələn də həll olunacaq. Hələ mütəmadi təşkil olunan qəbulları, səyyar görüşləri demirəm. Yəni bizim İmişlidə, sağ olsun Elçin müəllim, sakinlərin öz problemlərini deməyə yerləri də var, bu problemləri həll edən dövlətimizin təmsilçiləri də ...

Beləliklə, İmişli şəhərində təxminən 4 saat ərzində qrupumuz tərəfindən ümumilikdə 44 nəfər sakin arasında rəy sorğusu keçirildi. Sorğu iştirakçılarının böyük əksəriyyəti İmişli Rayon İcra Hakimiyyətinin və bu qurumun tabeliyində fəaliyyət göstərən strukturların işindən razılıqlarını ifadə etdilər. Sorğu nəticəsində gəldiyimiz ümumi nəticələr isə belə oldu:

Şəhid ailələrinə və qazilərə diqqət və qayğı yüksək səviyyədə təşkil olunub

Bu gün bütün ölkəmizdə olduğu kimi, İmişli rayonunda da Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin sosial problemlərinin həll olunması, onlara mənəvi dəstək göstərilməsi rayon rəhbərliyi tərəfindən xüsusi diqqətdə saxlanılır. İmişli RİH tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi hər zaman dərin ehtiramla yad edilir. Onların ailə üzvləri, həmçinin müharibə zamanı öz sağlamlığını itirmiş qazilərimiz mütəmadi ziyarət edilir. Bu kateqoriyaya aid olan insanlar RİH başçısı aparatında qəbul olunaraq müraciətləri müvafiq şöbə tərəfindən araşdırılır və aidiyyəti üzrə konkret tədbirlər görülür. Mütəmadi olaraq sosial-psixoloji reabilitasiyaya ehtiyacı olan Vətən müharibəsi qazilərinə sosial dəstək tədbirləri çərçivəsində köməklik göstərilməsi və onların daimi diqqətdə saxlanılması məqsədilə RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində görüşlər təşkil olunur.

Sakinlərlə görüşlər mütəmadi keçirilir

İmişli rayonunda yerli sakinlərlə mütəmadi olaraq qəbullar və səyyar görüşlər keçirilir. Vətəndaşları narahat edə problemlərin həlli məqsədilə təşkil olunan belə tədbirlər zamanı Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və digər məsul şəxslər vətəndaşlarla görüşür və sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı məlumatları alırlar. Vətəndaşlar bir çox məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirirlər. Onların bütün sualları ətraflı cavablandırılır. Səyyar qəbullarda sakinlərin səsləndirdikləri məsələlərin həlli ilə bağlı konkret tədbirlər müəyyənləşdirilir.

Bütün bu deyilənlərdən belə qənaətə gəlmək olur ki, bu gün İmişli Rayon İcra Hakimiyyətində ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş dövlət əhəmiyyətli vəzifələrin effektiv icrası üçün bütün imkanlar səfərbər olunmuşdur və bu istiqamətdə göstərilən fəaliyyət yüksək səmərəliliyə malikdir. Rayonda Ölkə Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı verdiyi müvafiq Sərəncam və tapşırıqlara ciddi şəkildə əməl olunur. Həmçinin şəhid ailələrinə, müharibə iştirakçıları və qazilərinə diqqət və qayğının daha da yüksək səviyyədə göstərilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin İmişlidə layiqincə reallaşdırılması üçün rayon rəhbərliyi tərəfindən bütün lazım olan addımlar atılır.

Reportajı hazırladılar:
Nüsrət Həsənli
Sənan Qarayev
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-05-2025
08-05-2025